Süni Seçmə
Süni seçmə, xüsusilə bəzi canlılar tərəfindən digər canlılar üzərində şüurlu olaraq tətbiq olunan seçməyə deyilir. Təbii seçməni qavrayan birinin Süni seçməni dərk etməsi olduqca asan olacaq. Çünki Süni seçmə bir canlının, bir digər canlının törəməsini və həyatda qalmasını (canlılığın iki təməl zərurilikləri) öz istəkləri daxilində məhdudlaşdıraraq və ya istiqamətləndirərək, müəyyən funksiyaların nəsillər ərzində seleksiyası nəticəsində, seçən növ tərəfindən ən "istənilən" fərdlərin əldə edilməsini hədəfləyir. Bunun ən sadə və ən fundamental nümunəsi insanın öz məqsədləri istiqamətində digər növləri əhilləşdirib dəyişdirərək yeni növlər əldə etməsidir.
Təbii seçmə, təbiətdəki müxtəliflik daxilində mühitə adaptasiya olmaq baxımından ən üstün fərdlərin seçilib artaraq özlərindəki bu üstün genləri balalarına köçürməsi deməkdir. Bu, süni yollarla, seçici faktor təbiət şərtləri olmadan, bir növün tam istəkləri və ya məqsədlərinə uyğun olaraq da edilə bilər. Bu üsulla növlərin dəyişilməsinə səbəb olan təbiət qanununa Süni seçmə deyilir.
Süni seçmə əvvəlcə müəyyən bir xüsusiyyətin bir canlı qrupunda istənilməsi ilə başlayır. Təbii ki, arzulanan bu özəlliyin ən azından ilkin bəzi xüsusiyyətlərinin populyasiyanın "genetik hovuzu" içərisində meydana gəlməsi gözlənilir. Bir inəyi uçma funksiyası qazanma üçün seçməyə tabe tutsaz, demək hədəf uçma məqsədli bir Süni seçmədir. Bu, milyonlarla illik Süni (və ya Təbii) seçmə nəticəsində əldə edilə bilər. Bəli, əgər lazımlı seçmə olsa və ya tətbiq olunsa bu əldə edilə bilər. Amma bu çox uzun müddət davam edəcək. Yəqin ki, insanlığın nəslinin kəsildiyi bir dövrə qədər məşğul olmaq lazımdır. Çünki inəklər uça biləcək xüsusiyyətə sahib deyillər, həmçinin uçmaları üçün lazımlı olan əsas şərtlərin də heç birinə sahib deyillər (bunun üçün lazımlı olan ön üzvlərin boş, havada qalması, arxa üzvlər üzərində hərəkət etmə, aerodinamik quruluşdur). Amma, misalçün, vəhşi pələnglərin evlərdə daha sakit, daha kiçik, daha kövrək şəkildə seçilməsi və bu istiqamətdə bir təkamülün təmin edilməsi mümkündür. Çünki bu, həm quruda yaşayan və dörd ayaq üzərində hərəkət edən bir heyvanın uçmağa başlamağı kimi böyük bir hadisə tələb etmir., həm də müasir pələng populyasiyası içərisində hal-hazırda bu seçmələri tətbiq etməyə uyğun genetik və fiziki xüsusiyyətlərə sahib olan fərdlər var. Qısaca, Süni seçmə ilə bir növü təkamülləşdirmədən əvvəl, ömrümüzün buna çatacağından əmin olmalıyıq. Çünki təkamül olduqca yavaş hərəkət edən prosesdir.
Daha sonra, o populyasiya içərisindəki müxtəliflikdə bu xüsusiyyəti daşıyan fərdlər seçilir və öz aralarında cütləşdirilirlər. Sakit və kiçik pələnglərin davamlı bir-birləriylə cütləşdirilməsi kimi. Vəhşi təbiətdə bu mümkün olmaya bilər. Məsələn, vəhşi təbiətdə sakit və kiçik bir pələng, daxili təbiətindəki vəhşilik az olduğundan ovları uğurlu şəkildə edə bilməyəcək və ən erkən ölənlərdən biri olacaq. Üstəlik sakit bir pələngin vəhşi təbiətdə yenə özü kimi sakit bir digər pələnglə çütləşəcəyinə ehtimal həddindən artıq azdır. Amma Süni seçmə birbaşa hədəfə istiqamətlidir. Yalnız şüurlu və seçmə gücünə sahib olan bir növ (məsələn insan) davamlı istiqamətləndirilmiş bir seçmə tətbiq edərək, sakit və kiçik pələnglərin davamlı bir-birləriylə çütləşməsini və balalar arasında da ən sakitlərinin böyüyəndə davamlı olaraq yenə sakit fərdlərlə cütləşməsini təmin edə bilər.
Bunun xaricində qalanların isə çütləşməsinə şərait yaradılmayacaq və ya məhdudlaşdırılacaq. Beləcə, gərəksiz enerji və zaman itkisinin baş verməməsi üçün tədbir görüləcək. Nəsillər ərzində doğulan balalarda əvvəldən arzulanan xüsusiyyəti ən çox daşıyanlar yetişdirilərək özləri kimi bu xüsusiyyəti daha çox daşıyan əks cinsdən olan fərdlərlə çütləşdiriləcəklər. Bu üsulla, nəsillər keçdikcə arzulanan xüsusiyyət daha da sıx görünməyə başlayacaq və bir müddət sonra bu şəkildə süni olaraq təcrid edilən fərdlər əvvəlki əcdadlarıyla çütləşə bilməyəcək hala gəldiklərində növyaranma prosesi və dolayısı ilə təkamül reallaşmış olacaq. Ümumiyyətlə Süni seçmə nəticəsində növyaranma prosesi tam baş vermir və ya tam baş verməsi üçün süni seçməyə tabe tutulan canlının yenidən təbiətə buraxılması lazımdır (lakin öz əcdadları hesab olunan canlılarla eyni mühitlərə yox, çünki yenidən onlarla qarışa bilərlər və çox az müddət sonra seçmə pozula bilər). Çünki seçmənin idarəçilik altında olduğu və kənardan müdaxilə faktoru olduğu səbəbiylə canlıda seçilən genlər sabit hal ala bilmir, davamlı olaraq bir istiqamətə doğru məcburi olaraq, canlının öz istəkləri daxilində olmadan, çox az müddət ərzində və çox tez sürüşdürülür. Bu da, Süni seçmə ilə əldə edilmiş populyasiyaları öz əvvəlki həyatlarına qaytardıqdan sonra yalnız bir neçə nəsil içərisində köhnə xüsusiyyətlərinə yenidən dönmələrinə səbəb ola bilər. Amma daha şüurlu, sabit və dəqiq olaraq edilən seçmə nəticəsində, bir daha heç vaxt geri qayıda bilməyəcək növlər əldə edilə bilər.
Süni seçmə, ilk olaraq romalılar tərəfindən istifadə edilmişdir. Əkinçiliklə məşğul olan romalılar müəyyən xüsusiyyətlərə sahib olan heyvan və bitkiləri öz aralarında cütləşdirərək, istənilən xüsusiyyətdəki balaların doğulma şansını artırmışdırlar. Daha sonralar fars Əbu Reyhan Biruni, 11-ci əsrdə yazdığı "Hindistan" adlı kitabında Süni Seçməyə bir çox nümunələr vermişdir. Son olaraq isə Darvin, mövzu üzərində çox uzun illər işləmiş və bir çox əhlilləşdirmə əməliyyatı aparmış mütəxəssis olaraq, "Növlərin Mənşəyi" adlı əsərində və "Əhliləşdirmə Altındaki Bitki və Heyvanlardaki Müxtəliflik" adlı kitablarında bu mövzuya geniş yer ayırmışdır. Təbii seçmə nəzəriyyəsinin də başlanğıcına Süni seçmə məlumatını yerləşdirmişdir. "Süni seçmə" terminini ortaya atan və bu seçmə növünün daha əraflı və tam dəqiq izahını ilk dəfə verən də Darvin olmuşdur. Darvin, Süni seçmənin və dolayısi ilə təkamülün təsirini Növlərin Mənşəyi'ndə belə izah edir:
"Seçmə müddəti uzun vaxt ala bilər, amma insanın süni seçmənin gücünü istifadə etdiyi təqdirdə, ola biləcək dəyişikliklərin hər hansı bir sərhədini görə bilmirəm."
Nümunələr:
1) Yabanı kələm (Brassica oleracea), süni seçmə nəticəsində meydana gələn təkamülün ən gözəl nümunələrindən biridir. Brassica cinsi Cənubi Avropa sahillərində və Qərbi Avropada yaşayır. İnsanlar, bu kələm cinsinin fərqli xüsusiyyətlərini öz istəkləri daxilində Süni seçmə istifadə edərək seçmiş və özlərinin təyin etdiyi istiqamətlərdə təkamül keçirməsini təmin etmişdir. Bunun nəticəsində, hal-hazırda hamımızın tanıdığı və tez-tez istifadə etdiyimiz və bu seçmədən əvvəl təbiətdə heç vaxt mövcud olmamış bu tərəvəzlər əldə edilmişdir: kələm, brokkoli, gül kələmi, Brüssel kələmi, quru kələm, buruq kələm, yer kələmi və Çin kələmi. Bütün bu tərəvəzlər bir tək yabanı kələmin davamlı seçilmələrə tabe tutulmasıyla yaradılmışdır.
2) Qarğıdalı da, təbiətdə yetişən teosinte adlı bir bitkinin davamlı olaraq Süni Seçməyə uğradılması nəticəsində əldə edilmişdir. Teosinte çox az dənəyə sahib olan bitkidir. Davamlı olaraq bol dənəli olanteosinte'lər öz aralarında hibridizasiyaya uğradılaraq müasir bol dənələri olan qarğıdalıların təkamülləşməsinə səbəb olmuşdur.
3) Bu gün alıb bişirdiyimiz ətlər, ümumiyyətlə hər dövrdə ən çox və ən keyfiyyətli ətə sahib olan inək, qoyun, donuz və s. heyvanların davamlı olaraq digər ən keyfiyyətli ətə sahib olan fərdlərlə cütləşdirilməsi nəticəsində əldə edilir. Beləcə, heyvanları yetişdirməklə məşğul olan şəxslərin tək bir heyvandan əldə etdikləri xeyir daha yüksək olur. Əhlilləşdirilmiş baş heyvanların hamısı 10.200 il əvvəl vəhşi təbiətdəki 80 zubrun (Avropa bizonu) süni seçməsi nəticəsində təkamülləşməyə başlamışdır və bu hadisə genetik olaraq təsdiq olunmuşdur. Hal-hazırda həmin əcdad zubrların nəsli kəsilmiş olsa da, bu əcdadın çox sayda tam qorunmuş fosili tapılmışdır.
Üsul olduqca funksionaldır və növlərin çox sürətli təkmilləşməsini təmin edir. Bir neçə nəsil ərzində əcdad xüsusiyyətlərini itirməsi və ya bu xüsusiyyətlərin tamamilə dəyişməsi ilə nəticələnir. Məsələn, ev inəklərinin əcdadları olan Bos primigenius növü inəklər balaladıqdan sonra orta hesabla gündə 4-5 litr süd verə bilirdilər və bu miqdar balaları üçün yetərli idi. Amma hal-hazırda Süni seçməni istifadə edilərək bu inəklərdən yaradılan Bos taurus növündən olan ev inəkləri balaladıqdan sonra gündə orta hesabla 50 litr süd verirlər. Aradakı fərq həqiqətən inanılmazdır. Bunu mümkün edən tək şey, davamlı olaraq daha çox süd verə bilən fərdlərin törəməsinə şəraitin yaradılması, digərlərinin isə maraq dairəsində qalmayıb nəsli kəsilərək uduzmasıdır.
Üsul çox sadədir: hər inək birdən çox sayda bala doğur və bu balaların genetik strukturları bir-birlərindən fərqlidir. Bu fərqlilik, yetkin olub artdıqları zaman verə biləcəkləri süd miqdarına da təsir edir. Məsələn, gündəlik 10 litr süd verə bilən bir ananın balalarının hamısı gündə 10 litr süd verəcək xüsusiyyətlərdə ola bilməyəcək. Bəziləri gündə 8-9 litr, əksəriyyəti anaları kimi 10 litr, digərləri isə analarından daha çox, 11-12 litr süd verəcəkdir. Bu "digər" balaların törəməsinə icazə verilməsi nəticəsində, davamlı olaraq artan (bəzi hallarda müvəffəqiyyətsiz olan və azalan) süd istehsal imkanlarına çatmaq mümkündür. Bunu edən süni seçmədir. Bu yeni nəsillər əcdadlarından o qədər fərqlidir ki, bir yerə gətiriləcək olsalar artıq bir-birləriylə cinsi birləşmə etməyəcək qədər ayrılmış ola bilərlər, etsələr belə bala meydana gəlməz, çünki əcdad növlərin cinsi strukturlarıyla müasir nümayəndələrin cinsi strukturları uzun müddət qarışmadığından bir-birini tanımayacaq. Bu hadisə növ yaranma prosesinin başlanğıcı hesab olunur.
4) Bütün müasir ev itləri iki alt növə aiddir: Canis lupus familiaris və Canis lupus Dingo. Bunların hər birisi, vəhşi qurd (canavar) adıyla tanıdığımız Canis lupus'un alt növləridir. Minillər əvvəl insanlar, yaşadıqları ərazilərə ən çox yaxınlaşan, ən az yırtıcı olan, ən güclü olan və s. xüsusiyyətlərə görə seçdikləri vəhşi qurdları əhlilləşdirmiş və bu xüsusiyyətlərinə görə seçmə tətbiq etmişdir. Müasir bu çox fərqli it müxtəlifliyi minillərdir tətbiq olunan bu seçmələrdən, insan amilindən qaynaqlanır. Bu it növlərinin hər birisi öz aralarında cütləşə bilir (bunun səbəblərindən biri insanın seçməyə daha az peşəkarcasına yanaşmasından irəli gələn davamlı qarışmalarıdır) və hal-hazırda pitbul kimi itlər əldə etmək üçün istənilən xüsusiyyətlərə sahib olan itlər öz aralarında cütləşdirilir. Məsələn, bir Golden Retriever ilə bir Rottweiler bir-birlərindən nə qədər fərqli görünsələr də, eyni alt növə aiddirlər (Canis lupus familiaris), bir-birləriylə rahat cütləşə bilirlər. Əlbəttə ki, daha uzun müddət davam edən sərt izolyasiyalar meydana gəlsə növyaranma prosesi qaçılmaz olacaq.
5) Dünyanın ən sevilən atları olan İngilis atları, Ərəb atlarının davamlı olaraq ən sürətli və güclülərinin seçilməsi nəticəsində əldə edilmişdir. Hal-hazırda bu seçmə hələ də süni olaraq davam etdirilir.
6) Darvinin Süni seçməni kəşf etməsinə səbəb olan canlılar inəklər və ya digər nümunələr deyil, dövrün aristokratlarının xobbi olaraq saxladıqları göyərçinlər idi. Darvin, yaşayan çox sayda və bir-birinə heç də oxşamayan göyərçin növlərinin hər birisinin Columba Livia adlı qaya göyərçinindən, xobbiçilərin istəkləri istiqamətində nəsillər içərisində təkamülləşdiyini fərq etmişdi. Bolin göyərçinindən (Columba Bolin) Kamerun göyərçininə (Columba sjostedti), Nilqiri göyərçinindən (Columba elphinstonii) limon göyərçininə (Columba larvata) qədər onlarla müxtəlif növ göyərçin, qaya göyərçininin müəyyən xüsusiyyətlərinin seçilməsi nəticəsində təkamülləşmiş olmalı idi.
Süni seçmənin bir mənfi təsiri var: növdaxili müxtəlifliyi azaltdığından (davamlı istənilən xüsusiyyətlərə sahib olan fərdlər seçilir və digərlərinə əhəmiyyət verilmir) xəstəliklərə, epidemiyalara və bəzi zəifliklərə səbəb olur. Məsələn, davamlı süd verməsi istiqamətində seçmə edilən bir canlı təbiətdə sərbəst buraxıldıqda yaşama ehtimalı azalır. Bu da həmçinin süni seçmə ilə növ yaranma prosesinin baş verməsi ehtimalını azaldır. Bu səbəblə Süni seçmənin tətbiq edildiyi yerlərdə çox ciddi nəzarətə ehtiyac olur.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə