Türk xalqlarının mifologiyası

Türk xalqlarının mifologiyası

Bizim eradan təqribən beş min il əvvəl dünyanın böyük bir ərazilərində müxtəlif adlarla (şumer, sak, hun, skif və s.) tanınan türklərin tarixi, ana yurdu və s. məsələlər kimi, mifologiyası da az öyrənilmişdir və bu barədə bir –birindən fərqli mübahisələr mövcuddur. Lakin bəşər sivilizasiyası tarixində türklər ən mədəni bir xalq kimi özünün silinməz izlərini qoymuşdur. Əksər tədqiqatçıların fikirincə, türklər dəfələrlə köç etsələr də, hunların və oğuzların köçü daha önəmli olmuşdur.

VIII-X əsrlərin runik mətnləri, VI-X əsr Bizans, Çin, ərəb, fars mənbələri, “Fal kitabı”, qədim türk dastanları ( “Oğuz Qağan”, “Yaradılış”, “Şu”, “Manas”, “Kitabi-Dədə Qorqud” və s. ) türk mifologiyasının əsas mənbələri sayılır. Qədim türklərdə geniş yayılmış dini-mifoloji sistem kimi tanrıçılıq türk mifologiyasının əsas mahiyyətini təşkil edir.Türklər tanrını (müxtəlif türk dillərində çənli, teyri, tenqri, tora, tiqir və s.) göyün sahibi və tək bir yaradıcı varlıq kimi anlamışlar. Əski türklərdə Tanrı hərfi mənada həm göy, həm də allah anlamını ifadə etmişdir. Bu söz mənşə etibarilə kosmoqonik miflərlə bağlıdır.

Yuxarı dünyanın hakimi Ülgen, yeraltı dünyanın hakimi Erlik, uşaq və qadınların hamisi Umay və s. Göy tanrının hami kultları kimi türk mifoloji düşüncəsində mühüm yer tutur. Ümumiyyətlə, Göy, tanrının məskunlaşdığı məkan kimi başa düşülür.

Dünyanın bir çox xalqlarından fərqli olaraq, türk mifologiyasında allahlar panteonu yoxdur. Göy Tenqri (Göy Tanrı) kainatın yeganə yaradıcısıdır. Bu baxımdan türk mifologiyası qədim türklərin monoteist dinlərinin təsiri altındadır.

Türklərin mifoloji sistemində Altay yaradılış dastanları geniş yayılmışdır. Altay yaradılış dastanının V.Verbitski variantında Ağ Ananın ( Ak Ene) təklifi ilə dünyanı yaratmaq istəyən Ülgenin “Yaradılsın yer!”, “Yaradılsın göy!” deməsi nəticəsində kainat yaranmış və üç böyük balıq üstündə qərar tutmuşdur.

V. Radlovun yazıya aldığı “Altay” yaradılış dastanında isə Tanrının əmri ilə insanın dənizin dibindən çıxardığı torpaqdan səthi dümdüz və hamar olan yer yaradılır. Ağzında gizlincə saxladığı torpağı Tanrının əmri ilə insanın yer üzünə tüpürməsi nəticəsində hamar yer üzündə yarğanlar, təpələr, dağlar yaranır. Bundan sonra insan Erlik (Şeytan) adlanır. Hər iki variantda dünyanın birdən yaranması ideyası əsas yer tutur.

Ümumiyyətlə, yunan, çin, hind və başqa xalqların mifoloji təsəvvürlərində olduğu kimi, türk mifologiyasında da dünya ilkin vəziyyətdən- xaos, torpaq və ya sudan yaranmışdır.

Türk xalqlarının qədim yazılı abidələrində (“Orxon-Yenisey” abidələri) dünyanın yaranması haqqında təsəvvürlər öz əksini tapmışdır. “Oğuz Qağan” dastanında Oğuz Qağan nizamlı dünya modelinin yaradıcısıdır. Etnoqonik miflərdə ilk insan və ya insan cütlüyü yalnız Ülgen, Erlik kimi tanrılarla deyil, həmçinin təbiətin mühüm ünsürləri ilə bağlıdır. Kainat və onun elementlərinin məhvi, dünyanın sonu ilə bağlı mifik təsəvvürlər esxatoloji miflərdə-Telengit və Teleut miflərində təsvir olunur.

Türk xalqlarının mifoloji düşüncəsində bir sıra kultlar- əcdad, dağ, ağac, Boz qurd, at və s. mövcuddur. İlk əcdadlar zooantropomorf təbiətə malikdir. Dağa mifik baxış onun əcdad kimi qavranılmasına səbəb olmuşdur. Türk xalqlarının əksəriyyəti Bodun-İnli, Altay, Alaş, Sağcaq və s. dağları müqəddəs bilib, onlara tapınmışlar. Qədim türk mifoloji düşüncəsində bütün dağ zirvələrinin sahibi Altay ruhu hesab olunmuşdur. Altay əsatirlərində dağlar canlı varlıqlar kimi göstərilir.

Türklərin ilkin təsəvvürlərinə görə Qaf dağı dünyanın bütün dağlarının anası sayılır. Bütün dağlar yeraltı damarlar vasitəsilə müxtəlif yerlərdən Qaf dağına bağlıdır. Türk mifoloji düşüncəsində ilk əcdadlar uca zirvələrin, yüksək dağların sahibi sayılmış, əvvəlcə zoomorfik, sonrakı dövrlərdə isə antropomorfik xüsusiyyətlər qazanmışlar. Qədim türklərin inancına görə ağac dünyanın mərkəzidir. O, yerlə göyü bir-birinə birləşdirir, xalqların ulu babalarının anası, analar anası hesab olunur. İnsanla (nəsil) ağac (əcdad) arasında sıx əlaqə vardır. “Nəsil ağacı” simvolu bu baxımdan ən qədim simvollardan biri sayılır. Ağac kultu bütün türk xalqlarında olduğu kimi, Azərbaycan mifologiyasında da geniş yayılmışdır. Türk tarixinin ən qədim dövrlərindən başlayaraq Boz qurd bolluq, uğur, öncüllük rəmzi sayılmışdır. Bununla əlaqədar Göy türklərlə əlaqəli bir sıra mifoloji mətnlər mövcuddur. Bozqurd türk xalqları arasında göylərin türkləri mühafizə etmək üçün göndərdiyi sakral heyvan kimi qavranılmışdır. Köçəri türklər arasında geniş yayılan Bozqurd mifləri zaman keçdikcə Bozqurd dastanları kimi formalaşmış, Göytürklərin dövründə isə qurd əcdad-xilaskarlıq rəmzi kimi dövlət atributlarından biri hesab olunmuşdur. Ümumiyyətlə, Bozqurd qədim türklərdə əcdad, əcdad-xilaskar, xilaskar funksiyalarını daşımışdır. O, ayrı-ayrı torpaqların, tək-tək fərdlərin deyil, Tanrı torpaqlarının, bütün etnosun qoruyucusudur.

Qədim türklərə görə, at yer üzündə ən ulu, ən təmiz varlıqdır. Türk mifoloji sistemində təbiətin dörd ünsürünün - od, su, torpaq, havanın yaranmasında atın müstəsna rolu vardır. İgidlərin atlarının göydən, işıqdan gəlməsi barədə inamlar geniş yayılmışdır. Qədin zamanlarda atlar mifik dünya ilə bağlı olmuş, ağ və boz rəngli atlar kutsallıq, uğur simvolu sayılmışdır. Bir sıra miflərdə atın sudan, işıqdan çıxması, eləcə də qanadlı- yel atları haqqında ilkin təsəvvürlər başlıca yer tutur.

Türklərin bir sıra dastanlarında- “Maaday Qara”, “Manas”, Kitabi-Dədə-Qorqud”, “Koroglu” və s. əsərlərdə at kultu ilə bağlı mifoloji düşüncə sistemi mühafizə edilməkdədir. Bunlardan başqa, qədim türk mifologiyasında quş onqonu da geniş yayılmışdır. Simurq, Hüma, Göyərçin, Səməndər quşu, Qırğı və s. quşlar ilkin mifoloji təsəvvürlərlə bağlı olub sakral xüsusiyyətlər daşımışdır. İyirmi dörd oğuz boyunun hər birinin özünəməxsus onqonu olmuşdur.

 

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə