Qədim Alman-skandinav Mifologiyası

Qədim Alman-skandinav Mifologiyası

Qədim Alman-Skandinav mifologiyası və etiqadları haqqında bir sıra mənbələr mövcuddur. Roma tarixçisi Tatsitin (b.e I əsr) əsərinin “Almaniya” bölməsində, qotların tarixinə dair İordanın (b.e VI əsr) əsərində, Pavel Diakonun “Lanqobardların tarixi” əsərində (VIII əsr), Möhtərəm Bedin (VIII əsr) “Anql xalqlarının kilsə tarixi” və s. əsərlərdə Alman-Skandinav mifologiyası haqqında məlumatlar mövcuddur. Bunlardan əlavə “Böyük Edda”, “Kiçik Edda”, “Nibelunqlar haqqında nəğmə” və s. əsərlər yalnız Skandinav xalqlarının deyil, ümumiyyətlə, alman dilində danışan bütün xalqların qiymətli tarixi-mədəni irsi kimi tanınır.

A.Xosler, M.İ.Steblin, A.Y.Qureviç və başqa görkəmli alimlər Alman-Skandinav mifologiyasının tarınımış tədqiqatçılarıdır. Alman-Skandinav mifologiyasının allahlar panteonunda baş və köməkçi, xeyri və şəri təmsil edən allahlar olmuşdur. Onların arasında on iki allah və onlarla eyni qüdrətə malik olan arvadları xüsusilə seçilir. Onların ən qüdrətlisi Odindir. Skandinav miflərində Odin dünyanın başçısı, qədim qəbilə-tayfa hakiminin başlıca xüsusiyyətlərini özündə birləşdirən kralları təmsil edir. Odin arvadı Friqq ilə insanların taleyini həll edir. Skandinav mifologiyasında ali, baş allah Odin alman allahı Bodenlə (Botanla) uyğunluq təşkil edir. Botan sehrbaz qüvvələrin funksiyasını yerinə yetirir. Bir çox alman tayfaları ona etiqad etmişlər. Odinin baş səma allahına çevrilməsi həm hərbi ittifaqların möhkəmləndirilməsi (allah hərbi hami rolunda), həm də axirət dünyası haqqında təsəvvürlərin dağılması, cəsur qəhrəmanlar üçün səmada ölülər səltənətinin yaradılması təsəvvürləri ilə bağlıdır. AlmanSkandinav mifologiyasında baş allah Odin (Vodan) çoxsaylı ad və ləqəblərlə (Alfyodr-“hamının atası”, Xar- “yüksək”, Xeryan- “döyüşçü, İqq-“qorxunc” və s.) tanınmışdır. Qədim Alman-Skandinav mifoloji sistemində Asqard allahların məskəni kimi verilir. Odindən sonra allahlar panteonunda Tor  ikinci yerdə durur. O, məhsuldarlıq, tufan, şimşək allahı kimi məşhurdur. Alman-skandinav allahları içərisində Tyur, Braqi, Xed, Loki, Vali və s. müxtəlif funksiyalar daşıyırlar.

Skandinav allahlar panteonunda ilahələr də xüsusi yer tutur. Baş ilahə Friqq ilə birlikdə onların sayı on dörddür. Saqa, Geeyon, Eyr, Bar, Lovn, Syun, Xlin və s. bu panteona daxildir. Bu adlar ayrı-ayrı anlamı ifadə edir. Məsələn: Bar- “and”, Syun-“təkzib edən”, Lovn-“icazə” və s.

Alman-Skandinav mifoloji görüşlərində qəhrəmanlar haqqında mifik mətnlər də geniş yayılmışdır. Bu mifologiyanın əsas cəhətlərindən biri allahların da ölməsi hadisəsidir. Mifik qəhrəman Siqurd Ziqfrid obrazı mifoloji və nağıl motivlərini özündə birləşdirir. “Nibelunqlar haqqında nəğmə”də Siqurda aid çoxlu mifoloji motivlər mövcuddur. Alman-Skandinav mifologiyasında Xaddinq, Starkad və digər qəhrəmanların da özünəməxsus yeri vardır.

Alman-Skandinav xalqlarının qəhrəmanlıq eposunda hun (türk) hökmdarı Atilla obrazı mühüm yer tutur. V əsrdən Avropada geniş yayılan qəhrəmanlıq nəğmələrində Atilla əsas qəhrəmanlardan biridir. “Tanrının qırmancı” ləqəbli Atilla haqqında Alman-Skandinav eposunda başlıca olaraq iki sujet geniş yayılmışdır:

1) Hunların Atillanın sərkərdəliyi ilə Reyn çayı yaxınlığında Birqund krallığını darmadağın etməsi;

2) Atillanın ölümü.

Hər iki gerçək hadisə eposda birtərəfli və tanınmaz şəkildə öz əksini tapsa da, Alman-Skandinav xalqları, macarlar Atilla haqqında əsrlər boyu nəğmələr, saqalar, dastanlar yaratmışlar.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə