Üzvi kimyanın yaranması

Üzvi kimyanın yaranması

XIX əsrin birinci yarısında İsveç kimyaçısı Y.Bertselius (1807-ci il) təklif etdi ki, canlı orqanizmlərdən alınan maddələr üzvi maddələr və onları öyrənən elm isə üzvi kimya adlandırılsın. Lakin Y.Bertselius və həmin dövrün digər kimyaçıları hesab edirdilər ki, üzvi maddələr prinsipcə qeyri-üzvi maddələrdən fərqlənir. Onların fikrincə, üzvi maddələr laboratoriya üsulu ilə alına bilməz.

1824-cü ildə alman kimyaçısı Völer ilk dəfə olaraq qeyri-üzvi maddələrdən oksalat turşusunu və sidik cövhərini sintez etməklə bu cür baxışlara böyük zərbə vurdu. Oksalat turşusuna (C2H2O4) bitkilərdə rast gəlinir, sidik cövhəri isə CO(NH2)2 insan və heyvan orqanizmlərində əmələ gəlir.

1845-ci ildə alman alimi Adolf Kolbe süni yolla sirkə turşusunu aldı. 1854-cü ildə fransız alimi M.Bertlo yağabənzər maddə sintez etdi. 1861-ci ildə rus alimi A.M.Butlerov şəkərəbənzər maddə aldı. Bununla sübut edildi ki, qeyri-üzvi və üzvi maddələr arasında keçilməz sərhəd qoymaq olmaz. Onlar yalnız bəzi xüsusiyyətləri ilə fərqlənir. Əksər qeyri-üzvi maddələr qeyri-molekulyar, üzvi maddələr isə molekulyar quruluşludur. Ona görə də qeyri-üzvi maddələrin ərimə və qaynama temperaturu yüksəkdir. Demək olar ki, əksər üzvi maddələr yanır və qızdırıldıqda parçalanır.

Üzvi birləşmələrin quruluş nəzəriyyəsinin yaranması XIX əsrin bir neçə kimyaçılarının - E.Frankland, Ş.F.Jerar, F.A.Kekule, A.S.Kuper və başqalarının adı ilə bağlıdır. Bu nəzəriyyənin inkişaf etdirilməsində həlledici rolu 1861-ci ildə Butlerov oynadı. O, maddələrin kimyəvi quruluşu haqqında anlayışı əsaslandırarkən belə bir fikir söyləmişdir ki, maddənin kimyəvi quruluşu onun xassələrini müəyyən edir. Butlerov üzvi maddələrin kimyəvi quruluş nəzəriyyəsinin əsas ideyalarını aşağıdakı şəkildə ifadə etmişdir:

1. Üzvi maddələrin molekullarını əmələ gətirən bütün atomlar valentliklərinə uyğun olaraq müəyyən ardıcıllıqla birləşmişdir.

2. Maddələrin xassələri nəinki maddələrin tərkibinə hansı atomların və hansı sayda daxil olmasından, həm də molekullarda atomların birləşmə qaydasından asılıdır.

3. Müəyyən bir maddənin xassələrinə əsasən onun molekulunun quruluşunu aydınlaşdırmaq, molekulun quruluşuna görə isə xassələrini əvvəlcədən söyləmək olar.

4. Maddələrin molekullarındakı atom və atom qrupları bir-birinə qarşılıqlı təsir edir.

 

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə