Reologiya

Reologiya

Qida məhsullarının keyfiyyət göstəricilərinin kifayət qədər yüksək dəqiqliklə qiymətləndirilməsində onların konsistensiyası olduqca mühüm əhəmiyyət kəsb edir. Son iki-üç onilliklər ərzində konsistensiyanın qiymətləndirilməsinin şərti, subyektiv üsulları ilə bir sırada daha tez-tez struktur-mexaniki və ya reoloji üsullardan da istifadə edilir.

Reologiya – müqayisə olunacaq dərəcədə yeni elm sahəsidir, bu sahə fiziki-kimyəvi mexanikanın sərbəst bir sahəsi kimi formalaşmış və inkişaf etməkdə davam edir. Bu elm sahəsi müxtəlif maddə və materialların axması (hərəkəti) və deformasiyasını öyrənir ki, bu da mexanikanın və elastiklik nəzəriyyəsinin bir çox vəziyyətindən istifadəyə əsaslanır.

Reologiya ” sözü yunanca olub, “rheos” – axın, sel və “loqos”- elm, bilik sözlərinin birləşməsindən əmələ gəlmişdir və termin kimi ilk dəfə 1929-cu ildə Amerika Birləşmiş Ştatlarında keçirilən III Beynəlxalq Simpoziumda qəbul edilmişdir.

Qida məhsulları istehsalı müəssisələrində istehsal proseslərinin səmərəliliyinin və hazır məhsulların keyfiyyət göstəricilərinin yüksəldilməsi üçün mütərəqqi istehsal texnologiyalarının və bu texnologiyalara müvafiq yeni texnoloji avadanlıqların yaradılması zəruri şərt hesab olunur. İstehsalın optimal rejimdə aparılması və yeni konstruksiyalı müxtəlif texnoloji avadanlıqların yaradılması üçün emal edilən qida xammallarının, yarımfabrikatların və eləcə də qidalanmaq üçün hazır vəziyyətə salınmış məhsulların reoloji xüsusiyyətlərinin öyrənilməsi olduqca vacib əhəmiyyət kəsb edir.

Bütün real cisimlər xarici qüvvələrin təsiri altında deformasiya etmək qabiliyyətinə malikdirlər, yəni xarici qüvvələrin təsiri altında bütün cisimlər öz forma və ölçülərini dəyişə bilir. Qida məhsullarının əsas reoloji xassələri dedikdə, onların özlülüyü, elastikliyi, plastikliyi və möhkəmliyi başa düşülür. Eyni bir material, onun vəziyyətindən və yüklənmə şəraitlərindən asılı olaraq müxtəlif xassələrə malik olduğunu büruzə verir. Məsələn, makaron xəmiri, yükün ani təsiri zamanı elastik cisim, digər şəraitlərdə isə daha çox özlü və plastik cisim xassələri daşıyır.

Deformasiya– dedikdə, cismin hissəciklərinin və molekullarının nisbi yerdəyişməsi nəticəsində nisbi yerdəyişməsi prosesi başa düşülür. Əgər yük götürüldükdən, yəni xarici qüvvələrin təsiri kəsildikdən sonra deformasiya yox olursa, belə deformasiyanı elastiki deformasiya (bərpa olunan), əgər xarici qüvvələrin təsiri kəsildikdən sonra deformasiya yox olmursa, onda belə deformasiyanı qalıq deformasiyası (bərpa olunmayan) kimi adlandırmaq qəbul olunmuşdur. Birinci növ deformasiya, adətən elastik məhsullar, ikinci növ deformasiya isə daha çox özlü və plastik məhsullar üçün xarakterikdir. Bərpa olunmayan deformasiyada mexaniki təsir enerjisinin bir hissəsi istilik şəklində ayrılır. Deformasiyaların qiyməti və xarakteri cismi təşkil edən materialın xassələri, onun forması və xarici qüvvələrin təsir göstərmə üsulu ilə şərtlənir.

Nisbi deformasiya, mütləq deformasiyanın [Δ l (m)] cismin ilkin ölçüsünə [ l (m)] olan nisbətinə bərabərdir. Deformasiya sürüşmə ilə, xətti və ya həcmi ola bilər. Qərarlaşmış rejimdən fərqli olaraq qərarlaşmamış rejimdə deformasiya zamana görə [ t (san)] dəyişə bilər. Əgər deformasiya son qüvvənin təsiri altında fasiləsiz olaraq artırsa,onda material axmağa (hərəkətə) başlayır. Qərarlaşmış axma halı sürət qradiyenti ilə xarakterizə olunur və deformasiya sürətinin analoqu kimi çıxış edir.

Elastiklik – məhsulun, deformasiyadan sonrakı ilkin formasını və ölçüsünü tam bərpa etməsi qabiliyyətidir. Elastiki deformasiya ani və gecikən ola bilər, belə ki, ani elastik deformasiyanın yaranması çox sürətlə baş verir və verilmiş mühitdə səsin yayılma sürətinə bərabər götürülür.

Ani elastik deformasiya Huk qanunu ilə ifadə olunur. Gecikən ani deformasiya isə müəyyən zaman intervalında baş verir və sabit gərginlikdə belə deformasiyanın artma sürəti monoton azalır. Qüvvənin təsiri kəsildikdən sonra isə deformasiya tədricən azalan sürətlə yox olur. Bərpa olunmayan deformasiya qida məhsulunun plastiklik və ya özlülük xassəsini şərtləndirir. Maddələrin müxtəlif vəziyyətlərini təyin edən ən vacib kəmiyyət, onların özlülüyüdür ki, bu da, başqa sözlə, axıcılığa müqavimət həddi adlanır. Özlülüyün əksi olan kəmiyyətə axıcılıq deyilir. Materialların özlülüyü temperaturdan, təzyiqdən, nəmlilik və ya yağlılıqdan, qatılıqdan, xırdalanma dərəcəsindən və bu kimi digər göstəricilərdən asılıdır.

Özlü axmada deformasiya Nyutonun qanununa əsasən gərginliklə mütənasibdir və qüvvənin təsiri kəsildikdən sonra bərpa edilmir. İki növ özlülük mövcuddur. Effektiv özlülük və plastik özlülük.

Effektic özlülük– axın gərginliyinin axın sürətinə olan nisbəti kimi başa düşülür.

Plastik özlülük – son gərginlik hədlərində cisimlərin deformasiyasını xarakterizə edir.

Plastiklik – cisimlərin dağılmadan böyük qalıq deformasiyaya malik olma qabiliyyətidir. O, dağılmadan sonrakı qalıq deformasiyasının qiyməti ilə xarakterizə olunur, yəni bu kəmiyyət nə qədər böyük olarsa, material da o qədər çox plastikdir.

Möhkəmlik– xarici qüvvələrin təsiri altında cisimlərin formalarını dəyişməsinə müqavimət göstərmək qabiliyyətidir.

Gərginlik – xarici qüvvələrin təsiri nəticəsində yaranmış daxili elastik qüvvələrin intensivlik ölçüsüdür.

Gərginlik [ τ (Pa)], qüvvənin [ P (n)] sahəyə [ F (m2 )] olan nisbətinə bərabərdir: τ =P/F

 

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə