Nobel mükafatçısı Vant Hoff

Nobel mükafatçısı Vant Hoff

Hollandiya kimyaçısı Yakob Qenrik Vant-Hoff Rotterdam şəhərində anadan olmuşdur. Kimya ilə hələ uşaqlıqdan maraqlanmağa başlamışdır. Lakin valideynləri onun kimyaçı olmaq arzusuna qarşı çıxaraq, mühəndis ixtisası üzrə təhsil almağa məcbur etmişlər. 1871-ci ildə Leyden universitetinin mühəndislik fakültəsinin tələbəsi olur.  Təhsilini başa vurduqdan sonra bir müddət qənd zavodunda çalışmış, nəhayət,1872-ci ildən Bonn universitetinə keçərək F.A. Kekulenin rəhbərliyi ilə kimyanı öyrənməyə başlayır. İki ildən sonra Paris universitetinə keçərək, orada dissertasiya işini qurtarır və Hollandiyaya qayıdaraq Utrext universitetində müdafiə edir.  Alim sonrakı 18 il ərzində bu universitetdə həftədə beş dəfə üzvi kimyadan, bir dəfə isə mineralogiya, kristalloqrafiya, geologiya və paleontologiyadan mühazirələr oxumuş, həmçinin kimyəvi laboratoriyaya rəhbərlik etmişdir.

Vant-Hoff Avaqadro qanunu durulaşmış məhlullar üçün də düzgün olmasını müəyyən etmişdir, yəni, bu ixtiranın əhəmiyyəti ondadır ki, bütün kimyəvi reaksiyalar və canlılar daxilində mübadilə reaksiyaları məhlulda gedir. Alim eyni zamanda təcrübə əsasında müəyyən etmişdir ki, Osmos təzyiqi membranın iki tərəfindəki müxtəlif məhlulların qatılıqlarının bərabərləşməsinin ölçüsüdür, zəif məhlullarda qatılıq və temperaturadan asılıdır. Beləliklə, qazların termodinamika qanununa tabe olur.

Vant-Hoffun aparılmış tədqiqatları əsasında Svante Arrenius elektrolitik dissosasiya qanununun əsasını qoydu. Sonradan Arrenius Amsterdama gələrək Vant-Hoff ilə birlikdə işləyir.

1987-ci ildə Vant-Hoff və Vilhelm Ostvald ilə birlikdə “fiziki kimya” jurnalının yaradılmasında aktiv səy göstərirlər.

Bir qədər sonra isə alim Amsterdamdakı pedaqoji və inzibati fəaliyyətinin elmi-tədqiqat işlərinə mane olduğunu anlayaraq, Berlin Universitetinin fiziki kimya professoru vəzifəsi ilə bağlı təklifi qəbul etmiş və alim 1896-cı ildən etibarən Berlin Universitetində çalışmışdır.

Burada fiziki kimyanın istehsalata tətbiqi ilə məşğul olmuş və bu məqsədlə Stasfurt şəhəri ətrafındakı okean duzu yataqlarını tədqiq etmişdir. Həmin yataqlar I Dünya Müharibəsinədək bütün Almaniyanın şüşə, keramika, yuyucu vasitələr, sabun və gübrə istehsalının kalium ehtiyacını, demək olar ki, tamamilə təmin etmişdir.

Vant-Qoff biokimyanın bəzi sahələrinin, məsələn, canlı orqanizmlərin həyat fəaliyyəti üçün zəruri olan kimyəvi proseslərdə katalizator rolunu oynayan fermentlərin tədqiqatı ilə də məşğul olmuşdur.

Vant-Hoff 1901-ci ildə “Məhlullarda kimyəvi dinamika və Osmos təzyiqi” kimya sahəsində ilk Nobel mükafatı alan alimdir. Onun mükafat almasının səbəbi kimi kəşf etdiyi kimyəvi dinamika və mayelərdə osmotik təzyiq qanunlarının əhəmiyyətli olması əsas göstərilmişdir.

Kimyəvi dinamika kimyəvi reaksiyaların hazırlanmasında, aparılmasında, sürətində, tarazlığında və onun dəyişdirilməsində, elektrolitik dissosiasiyada, kənar təsirlərin rolunu öyrənən elmdir. Bu proseslərin hər biri müəyyən həcmdə və təzyiq altında baş verir. Fiziki kimya elminin xüsusi bir sahəsi "termodinamikanın əsasları" adlanır. Yuxarıda sadalanan kimyəvi sahələrin hər biri kimyəvi termodinamikanın qanunlarına əsaslanır.

Vant-Hoff London Kral cəmiyyətinin Devi medalına (1893), Prussiya elmlər akademiyasının Helmholts medalına (1911) layiq görülmüşdür. Hollandiya kral və Prussiya elmlər akademiyasının, Britaniya və Amerika kimya cəmiyyətinin, Amerika Milli Elmlər akademiyasının üzvü olmuşdur, Çikaqo, Harvord və Yels universitetinin fəxri professoru seçilmişdir.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə