Neftin emalı nəticəsində alınan məhsullar - Ümumi

Neftin emalı nəticəsində alınan məhsullar - Ümumi

Neftdən böyük praktiki əhəmiyyətə malik müxtəlif məhsullar alınır. Əvvəlcədən neftdən həll olunmuş şəkildə qaz karbohidrogenlərini (əsasən metan), uçucu karbohidrogenləri, həll olmuş duzları, suyu ayırandan sonra nefti emal edirdilər. 

Emal prosesinin son mərhələsi distillə, konversiya və təmizləmə qurğularından gələn axınları qarışdıraraq son məhsulun əldə olunmasıdır. Müxtəlif karbohidrogenlərin qarışığından hansı məhsulun əldə olunacağını əvvəlcədən planlaşdırmaq və prosesi izləmək üçün kompüterlərdən və başqa həssas qurğulardan istifadə olunur. Bu daha optimal qarışıqlar əldə etməyə kömək edir, eləcə də prosesə diqqətli nəzarət olunarsa, arzuolunmaz və baha başa gələn təkrar emal və təkrar qarışdırmaya ehtiyac qalmaz. Bu prosedur həm də son məhsulun keyfiyyətinə nəzarətə və emal müəssəsinin məhsul spesifikliyini nəzərə almağa kömək edir. 

Ümumiyyətlə, sənayedə neftin 2 cür emalı: ilkin və təkrar emalı aparılır. Neftin ilkin emalı zamanı nefti uçucu karbohidrogenlərdən ayırıb, onu borulu peçdə qızdırıb, rektifikasiya kolonuna daxil edirlər. Bu zaman buxar halında olan karbohidrogenlər kolon boyu yuxarı qalxır və qaynama temperaturundan asılı olaraq müxtəlif hündürlükdə kondensləşir. Bu qayda ilə neftin ayrı-ayrı qarışıqlarını (fraksiyalarını) yığmaq olar. Neftin ilkin emalından alınan asas fraksiyalar aşağıdakılardır. 

40-dan 200°C-dək toplanan fraksiya-neftin qazolin fraksiyasıdır və C5H16-dan C11H24-ə qədər karbohidrogenlərə malikdir. Fraksiyanın sonradan distilləşməsi nəticəsində qazolindən təyyarə (40-dan 70°C-dək), avtomobil benzinləri (70-dən 120°C-dək) və s. alınır. 

Avtomobil benzinləri neftayırma zavodunun istehsal etdiyi məhsulun yarısını təşkil edir. Bütün avtomobil yanacaqlarının tərkibi əsasən eyni olsa da, onların əhəmiyyətli fərqləridə var. Benzin emal olunmuş karbohidrogen axınlarının qarşığından və qatıqlar əlavə etməklə müxtəlif yollarla istehsal olunur.

Əsasən benzin neft qurğularının üst təbəqələrində toplanan yüngül maddələrin qarşığımndan alınır. Onlar 3 əsas keyfiyyət fərqi nəzərə alınmaqla qarışdırılır. Uçma yaxud buxarlanma qabiliyyəti (mühərriki işə salmağa kömək edən qabiliyyət), təmiz yanma və oktanlılıq (yanma qabiliyyətinin göstəricisi). Kimyəvi qatqılar mühərrikdə çöküntülərin qalmasının, karbüratorun donmasının və başqa potensial problemlərin qarşısını almaq üçündür. Yanacağın su və başqa kənar maddələrdən azad olması da olduqca vacibdir. Qeyd etmək lazımdır ki, avtobenzinlər A-72, A-76, Ai-93, Ai-95, Ai-98 markalarda buraxılır. 
Avtomobil benzinləri 2 növdə buraxılır: yay və qış benzinləri. Qeyd etmıək lazımdır ki, qış vaxt, maşının tez işə düşməsi üçün yararlı olan yaxşı buxarlanma qabiliyyəti, yay vaxtı isə buxar tıxacı və tez qızma problemi yarada bilər. Bu emal müəssisələrinin benzin qarışıqlarını mövsümlərə və müxtəlif coğrafi zonalara görə uyğunlaşdırılmasının səbəblərindən biridir. 

Aviasiya benzini-kiçik kommersiya təyyarələrində yanacaq kimi təmizlənmiş kerosin istifadə olunur. O konversiya qurğularından çıxan karbohidrogen birləşmələri ilə qarışdıqdan sonra daha yaxşı yanma qabiliyyəti qazanmaq və tüstüyə səbəb ola biləcək aromatik birləşmələrdən təmizlənmək üçün emal edilə bilər. Hərbi təyyarələrdə işlədilən maye yanacağın tərkibində həm də yaxşı emal olunmuş ağ neft və distillə edilmiş başqa yüngül maddələr ola bilər. 

Daxiliyanma mühərrikləri üçün istifadə olunan aviasiya benzini və alkoloidli yanacaq, eləcədə avtomobil benzinindəkindən qat-qat yuxarı olan oktanlılıq və buxarlanma standartlarına uyğun gəlmək üçün müəyyən ağ neft fraksiyalarından ibarət olur. Qeyd etmək lazımdır ki, təyyarə benzinləri B-100/130, B-85/130, B91/115, B-70 markalarda buraxılır.

Qaynama temperaturu 180-300°C olan kerosin fraksiyasına C12H26-dən, C18H38-ə qədər olan karbohidrogenlər daxildir. Kerosin təmizləndikdən sonra ondan traktorlar, reaktiv təyyarələr və raketlər üçün olan yanacaq kimi istifadə edilir. Sonrakı fraksiyadan (275°C-dən yuxarı) qazol-dizel yanacağı alırlar. Qeyd etmək lazımdır ki, dizel mühərrikləri üçün yanacaq orta distillə olunmuş maddələrin qarışığından alınır. Mextəlif keyfiyyətləri, o cümlədən tərkibindəki setanın miqdarını artırmaq üçün qatqılardan istifadə olunur. Dizel yanacağında setanın miqdarı yanacağın dizel mühərrikinin silindrdə təzyiq və temperaturun təsiri ilə sponton yanma qabiliyyətini tənzimləyir. 

İlkin dizel yanacağı daha çox buxarlanma qabiliyyətli yanacaq növüdür və avtomobillərdə, avtobuslarda, yük maşınlarında və kiçik gəmi mühərriklərində istifadə olunur. «Dəmiryol dizel yanacağı» lokomotivlər və orta ölçülü gəmilər və stasionar mühərriklərin işləməsi üçün istifadə olunur. Daha ağır olan «dəniz dizel yanacağı» isə böyük mühərriklər üçündür. Neftin distilləsindən sonra qalıqdamazutda çoxlu sada karbon atomları olan karbohgidrogenlər olur. 

Ümumiyyətlə, mazut neftin ağır fraksiyaları ilə distillə olunmuş daha yüngül maddələrin qarşığından alınır. Yüngül maddələr yanma qabiliyyətini artırmaq üçün və məhsulu nasos ilə axıdılacaq şəklə salmaq üçün qarışdırılır. Sənayedə və elektrik enerjisinin istehsalı üçün, eləcə də bəzi gəmilərdə yanacaq əvəzinə istifadə olunan bu maddə neftayırma müəssisələrinin istehsal gücünün 7-8%-i təşkil edir. İnkişaf etmiş kommersiya avadanlığına malik bəzi zavodlarda isə, ümumiyyətlə, mazut istehsal etmirlər. 

Mazutun aşağı təzyiqdə (vakuumda) distilləsindən sürtkü yağları, salyar yağları, dizel yanacağı və s. istehsal olunur. Mazutun distilləsindən sonra qara kütlə qudron qalır. Bəzi növ neftlərin mazutundan vazelin və parafin alınır. Vazelin maye və bərk karbohidrogenlərin qarşığından ibarət olub, tibbdə işlədilir. Onun tərkibində aramatik karbohidrogenlərin olması məqsədə uyğun deyil. 

Parafin (bərk karbohidrogenlərin qarşığı) adi kibrit və şam istehsalında istifadə olunur. Qudron yolların salınmasında geniş tətbiq olunur. Qeyd etmək lazımdır ki, neftdən eyni zamanda xüsusi keyfiyyətli məhsullar da istehsal edilir. Xüsusi keyfiyyətli məhsullar müxtəlif neft fraksiyalarının istənilən xüsusiyyətləri qazandıqdan sonra alınan kiçik həcmli, qiymətli maddələrdir. Bir xüsusi keyfiyyətli məhsulun istehsalı zamanı digərləri də əlavə məhsul kimi istehsal oluna bilər; məsələn, sürtkü yağlarının istehsalı zamanı xammaldan ayrılan parafin və aromatik birləşmələri sonra emal edərək qiymətli məhsul əldə etmək olar.

Sürtkü yağlarına - motor yağları, avtomatik transmissiya mayeləri, aviasiya yağları və başqa maşın sürtkü yağı növləri daxildir. Xüsusi qatqıların köməyi ilə yağlar maşın hissələrinin davamlılığını və paslanmaya qarşı müqavimətini artırır. Emal yağları bəzi metalların (məsələn: rezin, dəri və s.) emalı üçün istifadə olunur, yaxud da avadanlığın müxtəlif hissələrində sürtkü yağı kimi deyil, başqa məqsədlər üçün istifadə olunur (transformator yağı, başqa qızdırıcı yağlar kimi ). 

Ağ yağlar qida avadanlığında sürtkü üçün, əczaçılıqda və başqa yağın təmizliyinin əsas şərt olduğu sahələrdə istifadə edilən yüksək rafinə olunmuş yağlardır (məsələn, mineral yağları). Həlledicilər-ağ neft, yenidən qurulmuş karbohidrogen atomları və sürtkü yağı xammalından əmələ gələn maddələrdir. Onların tərkibindəki benzol və ya toluol neftkimya müəssisələrində xammal və yarımfabrikat materialları kimi, yaxud tam hazır məhsul kimi-rəng həlledicilər və quru təmizləmə mayeləri kimi istifadə olunur. 

Sürtkü-sənaye və maşın sürtkülərinin saysız-hesabsız növləri, maşın yağı ilə yağla qarışmaan maddələrin (bəzən sabun) qarışığıdır. Sürtkü böyük çənlərdə neft və yağlı turşuların qələvilərlə qarışığından alınır. Ümumiyyətlə, emal müəssisələrində istehsal edilən karbohidrogenlərin 6%-ə qədəri kimya zavodlarına xammal kimi istifadə olunmaq üçün göndərilir. 

Ötən əsrin son on illiklərində emal edilmiş neft məhsullarına tələbat ildən-ilə artır. Belə ki, 1960-cı ildə, 877,9 mnl. Ton, 1970-ci ildə 1849,1 mln. ton,1975-ci ildə 2050,1 mln.ton neft emal olunmuşdursa, XXI əsrin əvvəllərində bu göstərici 4 mlrd.ton civarındadır. Neft məhsullarına tələbat hər il orta hesabla 2-3% artır. 

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə