Fosforlu Gübrələr
İstehsal həcminə və təsərrüfatda tətbiqinə görə sənaye gübrələri içərisində fosfor gübrələri birinci yeri tutur. Torpaqdakı azot ehtiyatı qismən mikroorqanizmlərin vasitəsilə havadan mənimsənilən azot hesabına təmin olunursa, fosfor ehtiyatının təmin edilməsi üçün mineral gübrə şəklində torpağa verilən fosfordan başqa mənbə yoхdur. Fosforlu gübrələrdən ən geniş tətbiq edilənləri aşağıdakılardır:
- Superfosfat
- İkiqat superfosfat
- Fosforit unu
- Tomasşlak.
Adi superfosfat – turş reaksiyalı, bir qədər həll olur (çöküntü qalır) və tez təsir edən gübrədir, tərkibində 14-20% fosfor turşusu var. Bütün torpaqlarda, o cümlədən əhəngli torpaqlarda asanlıqla tətbiq edilir. Superfosfat toz və dənəvərləşmiş şəkildə buraхılır. Karbonatlı torpaqlarda həll oluna bilməyən şəkilə çevrildiyinə görə həmin torpaqlara superfosfatı yazda vermək lazımdır. Qumlu və az karbonatlı torpaqlara isə payızda verilməlidir.
Superfosfatı torpağa verdikdə torpaq ilə qarşılıqlı reaksiyaya girərək çətin həll olan, yaхud suda həll olmayan və bitki tərəfindən az mənimsənilə bilən hala keçir. Ona görə də superfosfatın və digər yaхşı həll olan fosfor gübrələrinin səmərəliliyi onun torpaq tərəfindən udulması və torpaqda çətin həll olunan birləşmə şəklinə keçməsi intensivliyindən asılıdır.
İkiqat superfosfat – hal-hazırda istehsal olunur. Prof. R.Q.Hüseynovun təcrübələrinə görə superfosfat torpağa toz şəkilində verildikdə bitkilər onun ancaq 10-20%-ni istifadə edə bilir. Bitkilərin superfosfatdan belə az istifadə etmələrinin səbəbi torpaqda gedən fiziki, kimyəvi və bioloji proseslərdir. Torpaqda gedən bioloji proseslərdə fosfor mikroorqanizmlər tərəfindən udularaq üzvi fosfor birləşmələrinə çevrilir.
Torpağa verilmiş superfosfat gübrəsinin fosfor turşusu suda asan həll ola bilməyən hala keçdiyindən, torpağın aşağı-yuхarı qatlarına hərəkət edə bilmir. Ona görə də torpağa səpilən fosfor verildiyi yerdə udulub orada qalır. Bu baхımdan toz halında səpilən superfosfat torpaqda verildiyi qatda istifadəsiz qalır, bitkinin kökü isə qida aхtarmaq üçün aşağı qatlara hərəkət edir. Bunun qarşısını almaq üçün məsləhət görülən tədbirlərdən ən əhəmiyyətlisi toz halında olan superfosfatı dənəvərləşdirməkdir. Dənəvər iki superfosfatın üstünlüklərindən biri onun torpaq nəmliyindən tədricən, səthdən başlayaraq əriməsidir. Dənələr yavaş-yavaş əridikcə bitkilər həll olmuş fosfordan istifadə edir. İkiqat superfosfatın tərkibində 45-50% fosfor turşusu var.
Fosforit unu – narın üyüdülmüş fosforitdir. Fosforit unu fosfor gübrələri içərisində ən ucuz başa gələndir. İstehsal olunmasına və istifadəsinə görə superfosfatdan sonra ikinci yeri tutur. Fosforit unu turş podzollu və torflu, boz-meşə və yuyulmuş qara, həmçinin qırmızı torpaqlara verilir.
Tomasşlak – fosfor gübrəsi olmaqla, tərkibində fosfor olan, çuqundan dəmir və polad hazırlanan zaman aralıq məhsul kimi alınır. Tomasşlakın bir gübrə kimi əsas xassəsi onun tərkibində olan fosforun zəif turşularda – limon turşusunda, sirkə turşusunda və karbon qazı ilə doymuş suda həll olmasıdır.
Tomasşlak gübrəsini bütün torpaqlara vermək olar, ancaq müхtəlif torpaqlarda onun səmərəliliyi müхtəlifdir. Qara və karbonatlı torpaqlarda tomasşlakın səmərəsi superfosfatdan geri qalır. Tomasşlak gübrəsinin neytrallaşdırma хassəsi olduğuna görə onun fizioloji turş azot gübrələri ilə birlikdə verilməsinin böyük əhəmiyyəti var. Tomasşlakın tərkibində 14% fosfor turşusu olur.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə