Azərbaycanın neft-kimya sənayesi
Azərbaycanda kimya sənayesinin yaranma tarixi ötən əsrin 50-60-cı illərinə təsadüf edir. 1938-ci ildə Sumqayıt şəhərində Sintetik-kauçuk və digər kimya zavodlarının tikintisinə başlanılmışdır.
İkinci Dünya Müharibəsinin başlanması ilə Sumqayıtda aparılan tikinti işlərinə ara verilmiş, 1945-ci ildən etibarən isə Sumqayıt ərazisində ardıcıl olaraq ağır sənaye müəssisələri - Kimya, Boru-Prokat, Sintetik-kauçuk, Alüminium, Superfosfat zavodları istifadəyə verilmişdir. 1966-cı ildə istifadəyə verilən Kimya kombinatı həmin dövrdə Avropada ən iri neft-kimya müəssisəsi hesab olunurdu.
70-80-ci illərdə həmin zavodlar tam gücü ilə işləmiş və keçmiş SSRİ-nin, demək olar ki, hər yerinə məhsul ixrac etmişdir. Bu iqtisadi yüksəliş Sumqayıtın Azərbaycanın ən böyük şəhərlərindən birinə çevrilməsinə səbəb olmuşdur.
1971-ci ildə respublikada kimya sənayesinin qarşısında duran vacib məsələləri diqqətlə araşdıran Heydər Əliyev bu sahənin inkişaf konsepsiyasının əsasını qoydu. Ulu Öndərin konsepsiyasında nəzərdə tutulduğu kimi “Kimyasənaye” İstehsalat Birliyində 1970-ci ildən başlayaraq istehsalat sahələrində avadanlıqların yenilənməsi, yeni texnologiyaların tətbiqi üzrə ardıcıl və məqsədyönlü tədbirlər görüldü. 1975-ci ildə yeni sulfanol istehsalı kompleksi istismara verildi.1971-ci ildə sintetik kauçuk zavodunda illik gücü 15 min ton olan butil-kauçuk istehsalı işə salındı və müəssisə keçmiş SSRİ-də bu tip kauçuk istehsal edən yeganə müəssisəyə çevrildi.
1981-ci ildə Sumqayıtda müasir, iritonnajlı, tullantısız texnologiyaya, yüksək istehsal gücünə malik, neft kimyasının qiymətli məhsulları olan etilen və propilen istehsal edən EP-300 kompleksinin inşasına başlanıldı. Kompleksdə respublikanın neft emalı zavodlarının karbohidrogen xammalından istifadə olunması nəzərdə tutulurdu. Xüsusilə qeyd etmək lazımdır ki, son və qabaqcıl texnologiyaya əsaslanan belə bir kompleksin işə salınması o dövr üçün, hətta SSRİ miqyasında çox böyük bir hadisə idi. Məhz EP-300 qurğusunun sayəsində Etilen-polietilen zavodu hal-hazırda dünya bazarında tələbatın böyük olduğu yüksək keyfiyyətli polietilen istehsal edir və bu gün respublikamızda kimya kompleksinin bütövlükdə inkişafı üçün əsas xammal tədarükçüsü rolunu oynayır.
Həmin dövrdə EP-300-lə eyni vaxtda onun bir növ texnoloji davamı olan, polietilen istehsalı üçün nəzərdə tutulmuş “Polimer-120” kompleksinin də əsası qoyulmuşdur. Bu unikal komplekslər ona görə xüsusilə qiymətli və daha münasib idi ki, əsas qurğu olan EP-300 üçün xammal kənardan, xaricdən deyil, bilavasitə respublikanın neft emalı zavodlarında istehsal olunan karbohidrogen məhsullarından alınırdı.
Kimya sənayesi müəssisələrinin əksəriyyəti yüksək enerji tutumludur, onların vahid məhsul istehsalına enerji sərfi xeyli yüksəkdir. Elə kimyəvi məhsullar var ki, onların maya dəyərində elektrik enerjisi və enerjidaşıyıcılarının xüsusi çəkisi, hətta 50 faizdən də çoxdur.
“Azərkimya” Dövlət Şirkətinin tərkibində olan müəssisələr son illərdə məhsul istehsalının həcminin və keyfiyyətinin artırılması sahəsində yüksək nailiyyətlər əldə etmişdir. Bu isə şirkətin dünya bazarında özünə layiq yer tutmasına zəmin yaradıb. Hazırda Şirkətin müəssisələrində müxtəlif markalı və kifayət qədər yüksək keyfiyyətli kimyəvi məhsullar - polietilen, piroliz qətranı, propilen, izopropil spirti, propilen oksidi, propilenqlikol, müxtəlif markalı poliefirlər və s. istehsal olunur ki, onların da müəyyən hissəsi daxili tələbat üçün, böyük əksəriyyəti isə yaxın və uzaq xarici ölkələrə ixrac üçün nəzərdə tutulub.
Etilen-polietilen zavodunda istehsal edilən yüksək təzyiqli polietilenə, “Sintezkauçuk” zavodunun qiymətli məhsulu olan mütləqləşdirilmiş izopropil spirtinə beynəlxalq bazarda olan tələbat ildən-ilə artır. Kimya müəssisələrinin digər məhsulları da xarici şirkət və firmalar tərəfindən böyük tələbatla və iri həcmdə alınır.
Hazırda “Azərkimya” markalı kimyəvi məhsullar geniş çeşiddə və iri həcmdə dünyanın bir çox qabaqcıl ölkələrinə, o cümlədən, ABŞ, Almaniya, İngiltərə, İsveçrə, Rusiya, Türkiyə, Polşa, Rumıniya, İran, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan və s. ölkələrə ixrac edilir. Bütün bunlar bugünkü kimya və neft-kimya kompleksinin iftixar doğuran nailiyyətləridir və Azərbaycanın kompleks inkişafının tərkib hissəsidir.
2003-cü illə müqayisədə əmtəəlik məhsul istehsalı həcmi 2 dəfədən çox artmışdır. Həmin dövr ərzində məhsul ixracı 3,6 dəfə çoxalmışdır ki, bu da respublikaya xarici valyuta axınının ümumi həcmini xeyli artırıb.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə