Aqrokimya və torpaq münbitliyi

Aqrokimya və torpaq münbitliyi

Torpaq münbitliyi – torpağın bitkiləri qida elementləri, su ilə, onların köklərinin hava və normal fəaliyyətləri üçün kifayət qədər istiliklə təmin etməsi kimi başa düşülür (İ.S.Kauriçev). 
Müasir əkinçilikdə torpaq münbitliyinin tərifi daha geniş və torpağın ekoloji funksiyalarını nəzərə almaqla şərh edilir. Belə ki, münbit torpaq ekoloji funksiyaları yerinə yetirməklə, mədəni bitkiləri yer amilləri ilə təmin etməkdə mənbə və vasitə olmaqla, yaşayış mühiti yaratmaq qabiliyyətinə malik olmalıdır (Q.İ.Bazdırev). 
Torpaq – insan rifahının maddi mənbəyi olub təbiətin onlara ən böyük hədiyyəsidir. Ona görə də torpaq münbitliyinin mühafizəsi və bərpası əkinçilikdə yüksək məhsuldarlığın ilkin əsasını təşkil edir. Yüksək münbitliyin əsas göstəricisi bitkilər üçün vacib olan biogen elementlərin kifayət qədər ehtiyatının olmasıdır ki, bu da potensial münbitliyin tərkibinə uyğun gübrələrin tətbiqini şərtləndirir. 

Torpağa sərf edilən əmək və vəsaitlə məhsul artımı arasında əlaqə əsasında müəyyən edilmiş “torpaq münbitliyinin azalması qanunu” alimlərin ziddiyyətli fikirləri ilə müşahidə olunur. Bu qanun ilk dəfə fransız tədqiqatçısı Tyurqo tərəfindən XVIII əsrdə irəli sürülmüşdür. Onun mahiyyətinə görə torpağa sərf olunan hər əlavə əmək əldə olunan məhsulun tədricən azalan artımına uyğun gəlir. Daha sonralar bu qanun (1817) Rikardonun şərhində belə təqdim olunmuşdur: “Əkinçilikdə hər ardıcıl, bərabər sərf olunan əmək daha az gəlir ilə qiymətləndirilir”. 

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının proqramlaşdırılması nəzəriyyəsində öz əksini tapan Münbitliyin artma qanunu V.D.Pannikova görə “Canlı orqanizmlərin aparıcı rolu ilə gedən torpaqəmələgəlmə prosesinin öyrənilməsi əsasında müəyyən edilmişdir. Bioloji proseslərin aktivliyi torpaq münbitliyinin artması ilə düz mütanasibdir” . 

Torpaq münbitliyində əsas rol oynayan rejimlər bunlardır: 
1. İstilik şəraitini – və ya rejimini xarakterizə etmək üçün torpağın 0 – 20 sm dərinliyindəki 10 selsidən yuxarı temperaturanın cəmi götürülür. Bu göstəriciyə əsasən torpaqlar isti, hədsiz isti, soyuq, donmuş və uzun müddət mövsümü donmuş torpaq rejimlərinə bölünürlər. 
2. Münbit torpaqlar üçün su – hava rejimində – tarla rütubət tutumunun səviyyəsi 60% - ə yaxın, torpaq havasında oksigeninin miqdarı isə 12 – 25 % optimal hesab olunur.
3. Optimal fiziki – kimyəvi rejim – torpaq reaksiyasından asılı olaraq formalaşır. Burada əsasən mübadiləvi əsasların tərkibi, miqdarı və torpağın buferlilik qabiliyyəti nəzərdə tutulur. 
4. Torpaqların biokimyəvi rejimində - müxtəlif qrup mikroorqanizmlərin həyat fəaliyyəti sayəsində baş verən humifukasiya, minerallaşma və müxtəlif qida elementlərinin səfərbərliyə alınması ilə yanaşı, onların bitkilər tərəfindən mənimsənilməsi nəzərdə tutulur. 
5. Torpağın qida rejimində - bitkilərin inkişaf edib formalaşması üçün torpaqda olan vacib qida elementlərinin miqdarı və bunların bitki tərəfindən mənimsənilməsi əsas götürülür. 
6. Münbitlik məsələsində duz rejimi – də əsasdır. Belə ki, burada müxtəlif duzların zəhərli miqdarından, hansı kation və anionların ayrı – ayrılıqda rolundan bəhs olunur. 
7. Torpaq münbitliyində daha bir göstərici oksidləşmə - reduksiya prosesləridir (yəni rejimidir) – burada torpaqda olan oksidləşmə - reduksiya reaksiyalarının vəziyyəti, yəni oksidləşmə - reduksiya potensialının hidrogenə nisbətinin dinamikası böyük rol oynayır. Həmçinin bir neçə oksidləşmə - reduksiya sistemlərinin kəmiyyət göstəriciləri öz təsirini göstərir.

Münbitliyin növləri 
1. Təbii münbitlik – insanın müdaxiləsi olmadan torpağın təbii vəziyyətində malik olduğu münbitlikdir. 
2. Süni münbitlik – insanın məqsədyönlü fəaliyyətinin təsiri nəticəsində (şum, mütəmadi mexaniki becərmələr, meliorasiya, gübrələrin tətbiqi və s. ) torpaqda əmələ gələn münbitlikdir. 
3. Potensial münbitlik – torpaq xassələri ilə təyin olunan, torpaqəmələgəlmə prosesində yaranmış, habelə insan tərəfindən yaradılmış və ya dəyişdirilmiş münbitliklərin məcmusudur. 
4. Səmərəli münbitlik – potensial münbitliyin bir hissəsi olub, mövcud iqlim və texniki – iqtisadi (aqrotexnoloji) şəraitlər daxilində bitki məhsulu şəkilində realizə olunan münbitlikdir. 
5. Nisbi münbitlik – müəyyən qrup və ya növ bitkilərə yararlığına görə fərqləndirilən münbitlikdir (yəni bir qrup bitki üçün yararlı olan münbitlik digər qrup bitki üçün yararsız ola bilər). 
6. İqtisadi münbitlik – bu münbitlik torpağın potensial münbitliyi ilə torpaq sahəsinin iqtisadi xarakteristikalarına əsaslanaraq, torpaqların iqtisadi cəhətdən qiymətləndirilməsi ilə müəyyənləşdirilir. 
7. Təkrar istehsal edilmiş münbitlik – bu münbitlik səmərəli torpaq münbitliyin potensial münbitliyə yaxınlaşan səviyyədə saxlamaq üçün təbii torpaq proseslərinin və ya məqsədyönlü meliorativ və aqrotexniki təsirlərin məcmusu hesabına yaranır.

Torpağın ikinci ən mühüm xassələrindən biri onun udma qabiliyyəti hesab olunur. Hansı ki, burada torpağın bərk, maye və qazşəkilli maddələri udub saxlaması qabiliyyəti başa düşülməlidir. Növbəti bölmələrin birində bu haqda daha geniş bəhs ediləcəkdir. Qısaca olaraq onu bilmək lazımdır ki, torpağın bu xassəsi hesabına qida elementləri yuyulmaqdan qorunaraq bitki kökləri tərəfindən mənimsənilir. Bu maddələr əsrlərlə torpaqda toplanır, biokimyəvi tsikllərdə iştirak edir, bitki orqanizmləri ilə yaranmış yeni nəsillərin həyatını təmin edir. Münbit torpağın digər mühüm xassələrindən biri də onun bioloji aktivliyidir. Bu xassə torpaqda baş verən bioloji proseslərin intensivliyini xarakterizə edir. Torpaqda mövcud olan xeyirli mikrofauna nəinki qida elementlərinin bioloji dövranında iştirak edir, eyni zamanda enzimlər, antibiotiklər, boy stimullaşdırıcıları və s. üzvi maddələr ifraz edirlər ki, bu da bitkilərin inkişafına müsbət təsir göstərir. 

Bitkilərin boy və inkişafının optimal şəraiti əhəmiyyətli dərəcədə torpağın fiziki, kimyəvi və bioloji xassələri ilə bağlıdır. Məsələn, bitkilərin mənimsəyə biləcəyi qida maddələrinin kifayət qədər olması; çətin mənimsənilən qida elementlərinin asan mənimsənilən formaya keçməsi prosesi və yaxud əksinə; mobilizasiya və immobilizasiya. Başqa cür desək, bitki-torpaq-gübrə arasında həmişə qarşılıqlı əlaqə nəticəsində torpaq mikroorqanizmlərinin təsiri altında müxtəlif çevrilmələrə məruz qalır. Bu təsirdən o torpaqda hərəkət etmə qabiliyyəti qazanır. Tərkibində olan qida elementləri həll olaraq bitkilər tərəfindən mənimsənilir. Məhz bu çevrilmələr torpağın xassələrindən və verilən gübrələrdən asılıdır. Məsələn, qumsal torpaqlarda verilən üzvi gübrələr gilli və gillicəli torpaqlara nisbətən daha tez parçalanmaya məruz qalırlar. 
Üzvi gübrələrin parçalanma dərəcəsinin sürəti, torpaq mikroorqanizmlərinin tərkibi onun bioloji aktivliyindən, həmçinin mikroorqanizmlərin həyat fəaliyyəti üçün müsbət şəraitdən yəni torpağın yatımından, struktrundan, aerasiyasından, hidrotermiki rejimlərdən, fiziki-kimyəvi xassələrindən, qida maddələrindən və s asılıdır. Aqrokimyanın torpaq münbitliyinə və xassələrinə təsirini tam anlamaq üçün aşağıda göstərilən məsələlərin araşdırılması vacibdir: 
- Torpağın mineral və üzvi hissələrinin tərkibi və xassələri; 
- Torpağın udma qabiliyyəti və xassələri; 
- Gübrələrin uzun müddət tətbiqinin torpaq münbitliyinin optimallaşdırılmasına və xassələrinə təsiri; 
- Biogen elementlərin bioloji dövranı və aqrosenozlarda humus balansı.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə