Sənaye Robotlarının İnkişafı

Sənaye Robotlarının İnkişafı

İlk sənaye robotu 1954-cü ildə Qeorq Devol tərəfindən ixtira edilir və patentləşdirilir. 1956-cı ildə kosmonavtika üzrə amerika mühəndisi Yosef Enqelberqer Devol ilə tanış olduqdundan sonra, onlar birlikdə “Unimation” (“Universal” və “Automation” sozlərinin birləşməsindən alınan addır) firmasını təşkil edirlər. Burada əsas məqsəd robotların istehsalı idi.

Unimation firması 1961-ci ildə General Motors firması üçün iki ton ağırlığında “Unimate” robot əlini hazırlayır. Bu əl tökmə maşınına inteqrasiya edilərək istehsalda tətbiq olunur. “Unimate” robotunun əli hidravlik olaraq hərəkətə gətirilirdi. Mövqe idarə sisteminə malik bu robotun idarə proqramı üçün kodlar maqnit lentində yazılırdı. Yaddaş həcmi 180 əmri saxlamağa imkan verirdi. Proqramlaşdırma təlim (öyrətmə) yolu ilə hazırlanırdı. Robotun qolu öncə lazım olan mövqeyə aparılır. Bu mövqenin koordinatları, əlin açılması və ya bağlanması üçün əmrlər sonra yaddaşa verilirdi. Robotun qolu radial istiqamətdə 1.067 mm və vertikal istiqamətdə 2.300 mm hərəkət edə bilirdi. Nəql edilən yük 34 kq ağırlığında idi. “Unimate” firmasının robotları ilk vaxtlarda yalnız əşyaları bir yerdən başqa yerə aparmaq üçün tətbiq edilirdi.

1963-cü ildə Çinçinati Milakron (ABŞ) 75 kq yükü nəql edə bilən sənaye robotunu hazırlayır. 1969-cu ildə Viktor Ştaynman tərəfindən layihələndirilmiş 6 sərbəstlik dərəcəsinə malik robot daha dəqiq hərəkətləri yerinə yetirmək qabiliyyətinə malik idi. Bununla robotlar daha dəqiq funksiyalara malik olaraq sənayenin başqa sahələrinə tətbiq olunur.

Avropa ölkələrində sənaye robotları ilk dəfə 1967-ci ildə tətbiq olunmağa başlanmışdır (Upplands-Vesbü metallurgiya zavodu, İsveç). Elə həmin ildə də Yaponiya ABŞ istehsalı olan “Versatran” robotunu əldə etməklə robotlaşma əsrinə qədəm qoymuşdur. Çox keçmədən Yaponiya və İsveç, eləcə də Böyük Britaniya,Almaniya, İtaliya və Norveç öz istehsalları olan sənaye robotlarının istehsalına başlamışdırlar. Yaponiyada robot istehsalı ilə məşğul olmağa başlayan ilk şirkət “Kawasaki” şirkəti olmuşdur.

1968-ci ildə şirkət ABŞ-ın “Unimation” şirkətindən robot istehsalına dair lisenziya əldə etmişdir. Artıq 1970-ci illərin sonlarına Yaponiya dünyada həm illik robot istehsalının həcminə, həm də ölkənin sənaye müəssisələrində tətbiq olunan robotların sayına görə birinci yerə çıxmışdır. 1980-ci illərdə sensor sistemlərinin inkişaf etdirilib robotlarda tətbiq edilməsi avtomatlaşdırılmış proseslərin çevikliyini daha da artırmışdır. Sensorlar tərəfindən emal olunacaq hissə haqqında bir başa və ya dolayı yolla alınan informasiya robotun idarə sisteminə ötürülür və prosesin yerinə yetirilməsi üçün istifadə olunur. Bu gün robot texnologiyaları sürətlə inkişaf edir. Bu sahədə intensiv işlər əsasən ABŞ, Yaponiya, Böyük Britaniya, İsveç, Almaniya və digər ölkələrdə aparılır. Həmin ölkələrdə sənaye robotları və ümumiyyətlə robot texnologiyalarının inkişafı istiqamətində aparılan elmi araşdırmaların, o cümlədən təcrübə-sınaq və konstruktorlayihə işlərinin həcmi daim artmaqdadır. Eyni zamanda onların seriyalı istehsal gücləri də sürətlə böyüməkdədir. Demək olar ki, hər il sənaye robotlarının konstruksiyası təkmilləşir. Hazırda süni intellektə və ətraf mühitə adaptasiya etmək imkanlarına malik birinci nəsil yeni robot modelləri yaradılmaqdadır.

Ötən dövrün robotlarından fərqli olaraq, robotun bu modelləri daha çox müdaxiləsiz idarə olunma sistemləri və elektron proqramlaşdırma texnikası ilə təchiz olunurlar. Müasir dövrdə bütün istehsalçılar apardıqları istehsal proseslərini maksimum avtomatlaşdırmağa maraq göstərirlər. Tam əminliklə demək olar ki, bu gün dünyanın inkişaf etmiş ölkələrində elə bir istehsal müəssisəsi yoxdur ki orada bir dənə də olsa sənaye robotu tətbiq olunmasın. Bir sıra sənaye müəssisələrində istehsal prosesləri artıq tam robotlaşdırılmış şəkildə həyata keçirilir. Bu müəssisələrdən biri “Philips” şirkətinin Niderlandın Draxten şəhərindəki elektron avadanlıqlar zavodudur. Əsasən elektrik üzqırxanların istehsalı sahəsində ixtisaslaşmış bu müəssisədə istehsal prosesinə mindən çox sənaye robotu cəlb edilmişdir.

Müəssisədə istehsal prosesi tam istehsal zənciri üzrə həyata keçirilir. İstehsal olunan məhsulun bütün hissələri zavodun özündə istehsal olunur və yığılır. Yığma işləri tam robotlaşdırılmışdır. İstehsal prosesi tam robotlaşdırılmış müəssisələrdən biri də “Tesla Motors” və “Hyundai” şirkətlərinin bəzi istehsal profilləridir.

Qeyd edək ki, hazırda istehsal prosesi tam avtomatlaşdırılmış sənaye müəssisələrinin sayı dünyada get-gedə artmaqdadır. Mövcud tendensiya dünya sənayesində sənaye robotlarına olan tələbatın sürətlə artmasına şərait yaradır. İnsan əməyindən fərqli olaraq bir çox istehsal üstünlüklərinə malik olan sənaye robotları bü gün sənaye istehsalçılarının diqqətini daha çox cəlb edir.

Hal-hazırda robot texnologiyaları sənayenin müxtəlif sahələrində tətbiq olunur. Artıq robot texnologiyaları inkişaf etmiş ölkələrdə insan həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Sənaye robotları insanı yüksək və hətta orta səviyyədə peşəkarlıq tələb etməyən ağır və yorucu olan fiziki əməkdən azad edir. Eyni zamanda robotlar insanları təhlükəli olan fəaliyyət sahələrində əvəz edirlər (məsələn: partlayış təhlükəsi olan yerlərdə, zərərli maddələrin tətbiq olunduğu iş proseslərində və s.).

Sənaye robotları istehsal proseslərinin dayanmadan, növbəsiz və fasiləsiz aparılmasına imkan yaradır. Bunun sayəsində sənaye robotları istehsal proseslərinin xarakterini kökündən dəyişir və onun tam avtomatlaşmasına şərait yaradır. Sutkada 24 saat, növbəsiz və fasiləsiz fəaliyyət göstərən robotlar insanları ağır, çirkli və təhlükəli əmək şəraitində əvəz edirlər. Bir sözlə sənaye robotları istehsal prosesində yüksək dəqiqliyin, məhsuldarlığın və ardıcıllığın (fasiləsizliyi) təmin edilməsində, eyni zamanda istehsal prosesində istehsalat səhvlərinin (insan faktorunun yaratdığı) aradan qaldırılmasında böyük rol oynayırlar.

Mütəxəssislər hesab edirlər ki, texnoloji inkişaf gələcəkdə bir çox ölkələrdə iş yerlərinin kəskin azalmasına səbəb olacaqdır. İş yerlərinin azalması kütləvi xarakter daşıyacaqdır ki, bu da qlobal sosial gərginliyə gətirib çıxaracaqdır. Son 20 ildə sənayedə baş verən robotlaşma prosesləri ABŞ və bir sıra Avropa ölkələrinin əmək bazarlarına ciddi təsir göstərməkdədir. İnkişaf etməkdə olan ölkələrdə isə bu proses daha sürətli xarakter daşıyır. Qeyd edək ki, bu gün bir çox inkişaf etmiş ölkələrin maşınqayırma (xüsusilə avtomobil sənayesində), kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində insan resurslarından daha az istifadə olunmaqdadır.

Robot texnologiyalarının istehsalatda tətbiqi insan əməyini istehsal prosesindən uzaqlaşdırır. Bu gün bu tendensiya dünyada intensiv xarakter daşıyır və get-gedə qloballaşmaqdadır. 20 il əvvəl sənaye istehsalının əsasını ucuz işçi qüvvəsi təşkil edirdi. Bu gün isə iş yerlərində ixtisarlar artır, sənayedə insan amili aşağı düşür. Qlobal əmək bazarında xüsusi bilik və bacarığı olmayan sıravi insanlar üçün imkanlar məhdudlaşır. Mütəxəssislər hesab edirlər ki, insanlar ilk növbədə innovasiyaların yeni iş yerləri açmayacağını dərk etməlidirlər. Çünki gələcəkdə texnologiyaların inkişafı sayəsində münasib əmək haqqı şərtləri ilə yeni iş yerlərinin açılacağına dair heç bir zəmanət yoxdur.

Məşhur “Microsoft” şirkətinin təsisçisi Bill Geyts 2014-cü ildə Amerika Sahibkarlar İnstitutundakı çıxışında qeyd etmişdir: “Zaman keçdikcə texnologiyalar bir çox əmək və peşə sahələrinə tələbatı azaldacaq. Buraya əsasən yüksək ixtisaslaşma tələb olunmayan sahələr aiddir. 20 ildən sonra dünyada işçi güvvəsinə olan tələbat dəfələrlə aşağı düşəcək. Çoxlarının bu cür perspektiv haqqında düşünmədiyini hesab edirəm”.

Təxminən eyni fikirləri 2014-cü ilin may ayında Londonda keçirilən “Conference on Inclusive Capitalism” adlı konfransda ABŞ-ın sabiq maliyyə naziri Lorens Sammers səsləndirmişdir. Sammers hesab edir ki, avtomatlaşmanın gələcəkdə dünyada sosial xaos yaratmaması üçün müvafiq tədbirlər görülməlidir. İlk növbədə faktın özü açıq problem kimi qəbul edilməlidir. Eyni zamanda əsas diqqət təhsil səviyyəsinin yüksəldilməsinə və dövlətin bu sahədə investisiyalarının artırılmasına yönəldilməlidir. Sammers həm də hesab edir ki, texnoloji tərəqqinin yalnız daha bilikli və peşəkar insanların deyil, bütün kateqoriyalara aid insanların vəziyyətinə müsbət təsir göstərməsini təmin etmək lazımdır.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə