Tələbələrin Qidalanması
Hesablamalara görə oğlan tələbələrin sutkalıq enerji ehtiyacı təxminən 3300 kkalori, qız tələbələrinki isə təxminən 2750 kkalori təşkil edir. Bu iki cinsdən olan tələbələrin əsas qida maddələrinə olan sutkalıq tələbat normaları müvafıq olaraq aşağıdakı kimi müəyyən edilmişdir: zülallar 113 və 96 q, o cümlədən heyvani zülallar 68 və 58 q, yağlar 106 və 90 q, o cümlədən bitki yağları 32 və 27 q, karbohidratlar isə 451 və 383 q.
Tələbələrin sağlamlığını və tədris prosesində zehni iş qabiliyyətini lazımi səviyyədə saxlamaqdan ötrü tarazlaşdırılmış qidalanma, gündəlik qidanın miqdarı və qida rejimləri arasındakı müddəalar mühüm rol oynayır. Qəbul edilmiş normativlərə görə tələbə gündə dörd dəfə qidalanmalıdır. Bəzi şəraitlərdə onun gündəlik rejimi ən azı üç və ya iki dəfə qidalanma ilə məhdudlaşa bilər.
Tədris prosesinin yükü və tələbənin yaşadığı şərait, onun qidalanmasının təşkili məsələsində mütləq nəzərə alınmalıdır. Tələbələrin gündə dörd dəfə qidalanmasında kalorinin düzgün paylanmasına xüsusi fikir verilməlidir.
Normativlərə görə birinci səhər yeməyi sutkalıq kalorinin 15%-ni, ikinci səhər yeməyi 10%-ni, nahar yeməyi 45%-ni, şam yeməyi isə 20%-ə qədərini təşkil etməlidir. Üç dəfəlik qida rejimi olduqda isə səhər yeməyi sutkalıq kaloridə 30%, günorta yeməyi 50%, şam yeməyi 20%-ə qədər olmalıdır. Yeməklərarası fasilələrin müddətləri 6 saatdan çox olmamalıdır.
Texniki peşə məktəblərində oxuyan tələbələrin qidalanma rejimləri bir qədər fərqlənə bilər. Cinsdən və təlim-tədris qaydalarından asılı olaraq onların gündəlik yeməyinin ümumi kaloriliyi 3000 kkalori və ya daha çox olmalıdır. Texniki-peşə məktəbləri şəbəkəsində oxuyanların qidasında müxtəlif zülalların, mineral elementlərin və vitaminlərin zənginliyinə xüsusi fıkir verilməlidir.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə