Nanoquruluşlar
Biz milyard sayda nanoquruluşlarla əhatə olunmuş dünyada yaşayırıq. Nanoquruluşlara həm kosmosda, həm atmosferdə, həm hidrosferada, həm dağ süxurlarında, həm də Yeraltı maqmalarda rast gəlmək olar. Bunun əyani sübutu kimi keçən əsrin sonlarında amerika və rus kosmonavtları tərəfindən kosmosdan və Aydan gətirilmiş qruntun tərkibinin analizi nəticəsində orada aşkar edilmiş 10-150 nm ölçüyə malik və həmin illər elmə məlum olmayan tozcuqları göstərmək olar. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, nanoquruluşlar Yerdə hətta həyatın başlanğıcından çox-çox əvvəllər mövcud idi. Belə ki, həm Yerdə, həm də kosmik fəzada baş verən əksər təbii proseslər ölçü və formasına görə, rənginə, optiki, elektrik və maqnit xassələrinə görə bir-birindən kəskin fərqlənən nanoquruluşların (nanozərrəciklərin, və ya nanoobyektlərin) birləşməsi və parçalanması ilə reallaşır. Hətta bir çox təbii yataqlarımız da nano ölçülü quruluşların nəticəsidir. Müəyyən olunub ki, dağ süxurlarında olan nanominerallar daxildə baş verən kimyəvi reaksiyalar nəticəsində metastabil hala keçərək faydalı yataqlar əmələ gətirirlər. Yataqlar çıxarıldıqdan sonra isə qalan boş yerlər təsirsiz qazlarla və metal qarışıqları ilə dolaraq ikincili yataqlar, xüsusilə də qızıl və gümüş yataqları yaranır. Tədqiqatlardan aydın olub ki, “boş terrikonlar” (yəni yataqlar) ∼ 20 ildən sonra ikincili yataqlara çevrilirlər. Bu deyilənlərdən sizlərdə belə təsəvvür formalaşa bilər ki, gələcəkdə bütün faydalı qazıntılar çıxarıldıqdan sonra, onların yerində yalnız metallardan ibarət yataqlar yaranacaq və bizim sənayemiz üçün lazım olan faydalı yataqların tükənməsi hesabına iflic vəziyyətinə düşəcək. Lakin əslində bu belə deyildir. Son illər alimlər tərəfindən çoxlu sayda nanofazalı yataqlar aşkar edilmişdir ki, bu yataqlar Yer qabığının hərəkəti nəticəsində dəniz sularında və yeraltı sularda mövcud olan bir çox elementlərlə birləşərək yeni yataqların yaranmasına səbəb olurlar. Buna misal olaraq ∼ 2 il bundan öncə Muruntanda aşkar edilmiş minerallaşmış platini göstərmək olar. İlk vaxtlar bu sahə qızıl yatağı olmuş, qızıl çıxarıldıqdan sonra isə boş torpaq hərraca çıxarılmışdır. Lakin aparılan tədqiqatlar nəticəsində orada minerallaşmış platin tapılmış və bundan sonra torpağın satışına qadağan qoyulmuşdur. Müəyyən olunub ki, Mendeleyev cədvəlində olan bütün elementlərdən ibarət belə “boş” yerlər Yer kürəsində külli miqdardadır və onların gələcəkdə yeni yataqlara çevriləcəkləri artıq bizlərdə şübhə doğurmur. Ona görə də əgər biz təbiətdə baş verən bütün proseslərin –xüxusi ilə də geokimyəvi, metereoloji, fiziki-kimyəvi proseslərin baş vermə, və həmçinin, planetlərin yaranma mexanizmlərini başa düşmək istəyiriksə, mütləq bu prosesləri hərtərəfli tədqiq etməliyik. Bu işdə nanoquruluşların fiziki-kimyəvi xassələrinin araşdırılması bizə çox kömək edəcək.
Ardexe qayalarında aşkar olunmuş qayaüstü şəkillərin 1994-cü ildə tədqiqi bu şəkillərin ∼ 31.000 il bundan əvvəl insanlar tərəfindən çəkildiyini sübut etmiş və şəkillərin çəkilməsi üçün istifadə olunan qırmızı rəngin nano tərkibli olduğu aydın olmuşdur.
Bundan başqa, VIII əsrdə Çinlilər tərəfindən kəşf olunmuş “qara pudra”dan 1000-ci illərdən başlayaraq hərbi döyüşlərdə barıt kimi istifadə edilirdi. Hələ o zamanlar Çinlilər belə qənaətə gəlmişlər ki, pudranın - tozun hissəciklərnin ölçüləri kiçik olduqca alışmanin sürəti böyük olur.
Daha bir misal olaraq xristian kilsələrini, sarayları bəzəyən və bizim dövrümüzə qədər gəlib çatan şüşələri, müxtəlif ölçülü şüşə qabları göstərmək olar. Tədqiqatlar nəticəsində aydın olmuşdur ki, şüşə hazırlanması texnologiyası insanlara eramızın təqribən 400-cü illərindən məlum idi. Sonralar naməlum səbəblər üzündən bu texnologiya unudulmuş və yalnız XVI əsrdə yenidən inkişaf etmişdir. Ən maraqlı fakt ondan ibarətdir ki, bu şüşələrdən hazırlan qabların üzərinə işıq şüası salındıqda, bu qablar müxtəlif rəngdə olur. Belə ki, bu qablar əks olunan işıqda yaşıl rəng alır, lakin ondan keçən işıqda isə qırmızı rəngdə olur.
Qədim insanlara nanotexnologiyaların məlum olmasını sübut edən digər fakt kimi müzeylərdə saxlanılan və orta əsrlərə mənsub hərbi alətləri göstərmək olar. Belə ki, orta əsrlərdə yalnız Suriyada, xüsusilə də onun paytaxtı Dəməşqdə çox möhkəm, dayanıqlı və iti hərbi alətlər - qılınc-qalxan düzəldilirdi və onun düzəldilmə texnologiyası ustalar tərəfindən sirr olaraq saxlanılaraq, nəsildən-nəslə ötürülürdü. O dövrdə digər ölkələrdə - Hindistanda, Yaponiyada düzəldilən hərbi alətlərlə müqayisədə Suriya ustalarının düzəltdiyi alətlər möhkəmlik baxımından daha üstün hesab olunurdu. Bizim dövrə qədər gəlib çatan bu alətlərin keyfiyyət və kəmiyyət analizi göstərdi ki, Hindistan və Yaponiyada bu alətləri düzəltmək üçün istifadə edilən poladın tərkibində dəmirdən başqa 1,5% karbon, Dəməşq ustalarının istifadə etdiyi poladda isə karbonla yanaşı bir sıra metal qarışıqları da istirak edir.
19-cu əsrdə yaşayıb-yaratmış alimlər nə qədər çalışsalar da, Dəməşq ustalarının əldə etdiyi poladın xassələrinə hətta azacıq yaxın olan polad əldə edə bilmədilər. Bunun izahı yalnız nanotexnologiyalar meydana gəldikdən sonra verildi. Sən demə materialı analiz edən zaman onun tərkibi ilə yanaşı, onun quruluşuna da nəzər salmaq lazım idi. Dəməşq poladınının kiçik hissəsini xlorid turşusunda əridən alman alimləri, onun tərkibindəki karbonun adi qrafit layı şəklində yox, məhz karbon nanoboruları quruluşunda olduğunu və nanoborunun boş olan daxilinin isə sementitlə doldurulduğunu müəyyən etdilər. Məhz sementitin nazik lifləri ayrı-ayrı nanoboruları bir-birinə birləşdirərək, materiala xüsusi möhkəmlik və elastiklik verir. “Lakin bunu o dövrdə Dəməşq ustaları necə edirdilər?” sualı alimləri yəqin ki, uzun illər düşündürəcək.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə