Suya olan ümumi tələbat

İnsan orqanizminin həyat fəaliyyətində su-duz mübadiləsi çox mühüm rol oynayır və müxtəlif vəzifələri yerinə yetirir. İnsan bədəninin bütün hüceyrə və toxumalarında, qanında, limfasında və digər daxili mayelərdə su ən zəruri qeyri-üzvi maddə kimi geniş yayılmışdır. Yaşlı adamın bədən kütləsinin 60-65%-ni su təşkil edir. Bəzi toxumalarda onun kütləsi 80- 85% təşkil edir. Su hüceyrə və toxumalarda bioloji reaksiyaların və fizioloji proseslərin getməsi üçün optimal mühit yaradır, üzvi və qeyri-üzvi maddələr üçün yaxşı həlledicidir. Su, həmçinin bədənin istilik tənzimində, həzm prosesləri zamanı qida maddələrinin hidrolizində, bir sıra maddələrin, o cümlədən, hormonların sintezində yardımçı amil kimi iştirak edir. İnsan bədənində susuzlaşma prosesləri bir sıra ağır pozğunluqlara, hətta ölümə gətirib çıxarır. Orqanizmə gündəlik daxil olan suyun xeyli hissəsi (1-1,5%) işləndikdən sonra, sidik və tər vasitəsilə bədəndən xaric edilir.
Yaşlı adamın hər kiloqram bədən kütləsinə görə suya olan gündəlik tələbatı 40 ml hesab edilir. Uşaqlarda və yeniyetmələrdə bu təxminən 2-3 dəfə artıqdır. Yarım litrə qədər su bədəndə qida maddələrinin tam parçalanması zamanı əmələ gəlir. Gün ərzində hər bir adam 2,5 litrə yaxın su (təmiz su, çay, sular, müxtəlif içkilər, qida məhsulları tərkibindəki su) qəbul edir. İnsan orqanizmi üçün zülal, yağ, karbohidratlar və su kimi mineral duzlar da çox zəruridir. Orqanizm tərəfındən mineral duzların və elementlərin mənimsənilməsi mineral qidalanma kimi də xarakterizə edilir. Mineral maddələr orqanizmə sümük toxumasının qurulması, yaranması, hüceyrələrdə analitik təzyiqin daxili mayelər hesabına turşu-qələvi tarazlığının saxlanılması, qanın, normal duz tərkibinin qoruyub saxlanılması, su-duz mübadiləsinin normalaşması üçün mühüm əhəmiyyət kəsb edir. Bəzi mineral elementlər zülalların, xüsusilə fermentlərin tərkibinə daxil olurlar. Orqanizmə lazım olan mineral elementləri makro-mikroelementlərə ayırırlar. Orqanizmdə miqdarı qramın yüzdə bir hissəsindən çox olan elementlər makroelementlərə, miqdarı qramın yüzdə birindən aşağı olan elementlər isə mikroelementlərə aid edilirlər. Mineral maddələri, həmçinin kationlara (müsbət elektrik yükü daşıyan ionlara) və anionlara (mənfı elektrik yükü daşıyan ionlara) ayırırlar. Tərkibində kationlar çox olan qida məhsulları qələvi, anionlar çox olan qida məhsulları isə turşu təsirli olurlar. Turşu-qələvi mühit tarazlığı orqanizmin daxili mühit tərkibinin nisbi sabitliyini saxlamaq üçün zəruri şərtlərdəndir. İnsanın qəbul etdiyi qidalarda bir çox hallarda turşu xassəli elementlər üstünlük təşkil edir, bu isə orqanizmdə asidoz deyilən və sərbəst turşuların yaranmasına səbəb ola bilən vəziyyət yaradır. Asidoz vəziyyət orqanizmin xarici mühitə qarşı, əlverişli və zərərli amillərin təsirlərinə qarşı müqavimət gücünü xeyli azaldır.
Kalsiumun qida ilə orqanizmə kifayət qədər daxil olmaması, onun sümük toxumasında mübadiləsinin pozulmasına və mineral sıxlığının azalmasına gətirib çıxarır. Rusiya Federasiyası səhiyyə orqanlarının məlumatına görə ölkə əhalisinin, demək olar ki, 20%-ə qədəri mineral maddələr, o cümlədən fosfor-kalsium mübadiləsinin orqanizmdə pozulmasına görə xəstəliklərə malikdirlər. Bütün bunlar tərkibində kalsium duzları zəngin olan məhsulların istehsalı tələbatını meydana çıxarır. Məsələn, son illər "Bodrost" quru səhər yeməyi resepti və texnologiyası işlənib hazırlanmışdır ki, orqanizmdə kalsium-fosfor-dəmir çatışmazlığında profilaktiki vasitə kimi öz müsbət təsirini göstərmişdir.
Makroelementlərə kalsium, fosfor, maqnezium, natrium, xlor, kükürd və dəmir aid edilir. Mikroelementlərdən mis, kobalt, yod, flor, sink, selen və digərlərini göstərmək olar. Qələvi təsirli mineral elementlərə (kationlara) kalsium, maqnezium, natrium və kalium daxildir. Fosfor, xlor və kükürd isə turşu təsirli elementlərə (anionlara) aiddirlər. Müxtəlif orqanlarda mineral maddələrin miqdarı müxtəlifdir. Orqanizmdə kalsium (Ca) böyük miqdarda rast gəlinir. Sümük, əzələ və sinir toxumalarda onun miqdarı yaşlı orqanizmdə 1212 q-a qədər çatır. Fosforun miqdarı da xeyli yüksəkdir - 609 q. İnsan orqanizmində 19 q maqnezium və 3-5 q dəmir vardır. Alüminium, mis, sink, kobalt, silisium, yod, molibden kimi mikroelementlərin ümumi miqdarı isə bədən kütləsinin 0,0001%-i qədər təşkil edir. Orqanizmdə olan kalsiumun 99%-i, fosforun 87%-i, maqneziumun 58%-i skelet sümüklərində cəmləşir. Natrium-xlor duzu dərialtı toxumada, dəmir - qaraciyərdə və eritrositlərdə, kalium - əzələlərdə daha çox toplanılır.
Qida məhsullarında və rasionlarında mineral elementlərin səviyyələri və nisbətləri orqanizmin böyümə və inkişafı, funksional fəallığı və sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. Maqnezium daha çox taxıl məhsullarında, paxlalı bitkilərin toxumalarında olur. Axırıncılarla, həmçinin süd məhsulları, yumurta isə fosforla daha zəngindirlər. Natrium orqanizmə əsasən xörək duzunun tərkibində daxil olur. Kalium bitki qidalarında, meyvə-tərəvəzlərdə daha geniş yayılmışdır. Xlor orqanizmə xörək duzunun tərkibində, yumurta, süd, pendir kimi məhsullar vasitəsilə daxil olur. Orqanizmə lazım olan kükürd elementinin mənbəyi kimi pendir, yumurta, süd, ət, çörək, paxla və digər məhsullar hesab edilir. Dəmir ən çox qaraciyərdə, böyrəklərdə, kükürddə, yumurtada, armudda, qoz və fındıqda rast gəlinir. Mis qaraciyərdə, balıq ətində, yumurtada, kal meyvələrdə çoxdur. Qalxanvari vəzi üçün olduqca zəruridir. Dəniz kələmində, dəniz balıqlarında, balıq yağında yodun miqdarı xeyli yüksəkdir. Sink bitki və heyvanat mənşəli qidalarda geniş yayılmışdır. O, ən çox taxıl və paxlalı bitkilərdə, yumurta sarısında, dana ətində, qaraciyərdə yığılır.
Dişlərin inkişafında flor mikroelementinin böyük əhəmiyyəti vardır. Onların əsas mənbəyi sudur. İnsan orqanizmi su və mineral mübadiləsini tənzimləyən sinirendokrin mexanizmlərinə malikdir. Böyrəklərdə fəaliyyət əsasən bu mübadilənin normal tənzimlənməsinə, toxumalarda suyun və mineral duzların normal səviyyəsinin qorunub saxlanmasına xidmət edir. Bir sıra hormonlar və sinir pozğunluqları zamanı polinevriya - böyrəklər vasitəsilə böyük həcmdə sidiyin və onun tərkibində su və mineral duzların ifrazı hadisəsi baş verir. Mədə-bağırsaq kanalında su və mineral duzlar birbaşa qana və limfaya sorulur, toxuma və hüceyrələrə çatdırılırlar. Orqanlarda qan, limfada normadan artıq yığılan su və duzlar ifrazat orqanları vasitəsilə kənar edilir və su-duz mübadiləsinin normalaşmasma şərait yaradırlar.
Suyun orqanizmə gündəlik daxil olması, onun həyat fəaliyyətinin saxlanılmasının əsas şərtlərindən biridir. İnsan bədəninin 2 /3 hissəsi sudan ibarətdir. Bu baxımdan, orqanizmdə olan suyun miqdarı tələb olunan fizioloji normada olmalıdır. Müəyyən olunmuşdur ki, yaşlı insanların orqanizmində suyun miqdarı ən azı bədən kütləsinin 58-67%-i həddində olmalıdır. Orqanizm nə qədər cavan olarsa, ondakı toxumalarda suyun miqdarı da bir o qədər çox olar. Orqanizmdə su, onun əsas orqanlarında (qaraciyər, beyin, dəri və s. toxumalarında), əzələ toxumasında (76%), böyrəkdə və birləşdirici toxumalarda (80-93%) toplanmışdır. Bütövlükdə götürdükdə, toxumaların hamısının 75-85%-ni su təşkil edir. Burada su sərbəst (hərəkət edən) vəziyyətdə və birləşmiş halda (kolloidlər şəklində) yerləşir və o, əsasən toxuma zülallarına birləşmiş vəziyyətdə toplanmışdır. Suyun toxumalarda zülallarla necə əlaqədə olmasından asılı olaraq, onlar bu və ya digər konsistensiyaya malik olurlar. Adətən, maddələr mübadiləsi proseslərində əsasən sərbəst su iştirak edir. Bu su mütəmadi olaraq, kənar edilməklə təzələnir. Bu işi insan orqanizmində böyrəklər (sidik vasitəsilə), tər vəziləri (tər halında) və tənəffüs orqanları buxar şəklində həyata keçirirlər. Əgər orqanizmə daxil olan suyun miqdarı və ətraf mühitin temperaturası dəyişmirsə, ondan kənar edilən suyun miqdarı da təxminən dəyişməz qalır.
Müxtəlif fizioloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, orqanizmin normal fəaliyyətində ondan sutkada 1,5-2 litrə qədər su ayrılır. Bu da susuzluq şəklində meydana çıxır və orqanizmin suya olan tələbatını şərtləndirir. Susuzluğun meydana çıxmasının əsas səbəbi bədəndə olan qanın qatılaşmasıdır və bununla da baş-beyin və onun nahiyələrində qıcıqlanmaların güclənməsidir. Suyun qəbulu zamanı, onun sorulması 8-10 dəqiqə ərzində gedir, bir sıra hallarda orqanizm tələb olunan miqdardan artıq su qəbul edir. Bu da müsbət əlamət sayılmır. Suyun artıq miqdarı tərləməni gücləndirir, hüceyrələrdən və qandan mineral duzların ayrılmasına təsir edir. Bu da onların susaxlama qabiliyyətinə mənfi təsir göstərir.
Bütün bunları nəzərə alaraq, orqanizmin güclü tərləmələri zamanı suyu qurtum-qurtum, müəyyən fasilələrlə qəbul etmək lazım gəlir. Bu məqsədlə, mineral suların (duzlu su) içilməsi məsləhətdir. Çünki, son nəticədə qanda və hüceyrələrdə suyun orqanizm üçün normal səviyyədə saxlanılması təmin olunur. Qeyd etmək lazımdır ki, susuzluq hissi və bununla baş verən proseslər, qida ilə çoxlu miqdarda duzlu məhsullar qəbul etdikdə də müşahidə olunur. Bu halda hüceyrələrdən suyun çoxlu miqdarda toplanması, həm də qanın tədricən susuzlaşması hesabına gedir deyə, sonuncunu qatılaşdırır və susuzluq hissini doğurur. Ona görə də duzlu xörəkləri qəbul edən zaman həm də kifayət qədər maye (su) qəbul edilməlidir. Bütün bunlarla yanaşı, nəzərə alınmalıdır ki, insan öz həyatında suya olan tələbatını şirin su mənbələri hesabına ödəyir. Ona görə də içməli suyun tərkibinə xüsusi tələblər qoyulur. Suyun təmizliyi, onun fizioloji və gigiyenik əhəmiyyəti haqqında Şərqin böyük alimi İbn Sinanın əsərlərində xüsusi bölmələr vardır.
Təbabətin, qida elminin inkişafı sayəsində, son illər içməli suyun tərkibində olan 2000-ə qədər kimyəvi birləşmə üçün nəzərdə tutulan hədd normaları müəyyənləşdirilmişdir. 1993-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) suya nəzarət üzrə məsləhətlərinin tələblərinə görə o, ən azı 100 adda geniş yayılmış kimyəvi birləşmələrdən zərərsizləşdirilməlidir. Bunların içərisində ağır metalları, xlorlu üzvi birləşmələri, neft məhsullarını, fenollar və politsiklik aromatik karbohidrogenləri və s. göstərmək olar. Məsələn, ağır metallardan kadmiumun suda artıqlığı sümük xəstəliklərinə, böyrək çatışmazlığına gətirib çıxarırsa, qurğuşun artıqlığı həm də sinir sisteminin, qan dövranı orqanlarının fəaliyyətinin pozulmasına səbəb olur.
Optimal səviyyəyə gəldikdə isə ən normal hal, mineral maddələrin su ilə birgə orqanizmin fızioloji tələbatına uyğun miqdarda qəbul edilməsidir. Məsələn, optimal səviyyə normativinə görə ümumi duz tərkibi suda 200-400 mq/l (xlorid – sulfatlı sular üçün) və 250-500 mq/l (hidrokarbonatlı sular üçün) həddində olmalıdır. Florun optimal konsentrasiyası isə müxtəlif iqlim qurşaqlarından asılı olaraq içməli suda 0,7 mq/l-dən 1,2 mq/l-ə qədər çatmalıdır. Son illər müxtəlif ölkələrdə içməli suyun codluğunun artırılması (1,5 mq), florlaşdırılması (optimal səviyyə lə), yodlaşdırılması, selenləşdirilməsi və s. şəkildə tədbirlərin görülməsi suyun orqanizm üçün olan fizioloji əhəmiyyətini daha da artırmışdır. Bu istiqamətdə elmi və praktiki axtarışlar indi də davam edir.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat

Əbülhəsən Bəhmənyar kimdir?

İnsan Fiziologiyası
