Qarğıdalı haqqında ümumi məlumat

Qarğıdalıdan ərzaq, yem və yüngül səaye üçün xammal kimi istifadə olunur. Qarğıdalının dənindən müxtəlif növ un və şirniyat məmulatlarının hazırlanmasında istifadə olunur. Bununla yanaşı qarğıdalının dənindən yüksək keyfiyyətli bitki yağı alınır ki, bu da orqanizmin normal inkişafında böyük rol oynayır.
Qarğıdalı bitkisi nəinki ərzaq üçün, eləcədə heyvandarlığın yemə olan tələbatının ödənilməsində böyük əhəmiyyət kəsb edir. Heyvandarlıqda onun yaşıl kütləsindən yaşıl yem və ya silos kimi istifadə edirlər. Ayrı-ayrı alimlərin tədqiqatlarından məlum olur ki, qarğıdalı dəninin hər 100 kq-da 134 yem vahidi, quru gövdəsinin hər 100 kq-da 37 yem vahidi, dənin süd-mum yetişmə fazasında yığılan silos kütləsinin hər100 kq-da 21-30 yem vahidi, süpürgələmə fazasında yığılmış yaşıl kütlənin hər 100 kq-da 17-20 yem vahidi olur. Qidalılıq dəyərinə görə qarğıdalı bitkisinin tərkibi çox zəngindir.
Bioloji xüsusiyyətləri: Dənli taxıl bitkiləri içərisində qarğıdalı ən qısa müddətdə çoxlu üzvi maddə əmələ gətirən birillik bitkidir. Qısa bir dövrdə qarğıdalı bitkiləri 600-800 s/ha üzvi maddə əmələ gətirir. Ona görə də bu bitkinin yüksək məhsul vermə qabiliyyəti nəzərə alınmalı və buna lazım olan yaşayış amilləri yaradılmalıdır. Qarğıdalı bitkisinin həyat amillərinə tələbi bölgələr üzrə və sortdan asılı olaraq dəyişir.
Qarğıdalı bitkisi işığa tələbkar, istilik sevən bitkidir.Yay dövründə işığın çox olması üzvi maddənin artmasına kömək edir. İşığın əhəmiyyəti o zaman böyük olur ki, qarğıdalı bitkisi lazım olan su və qida maddəsi ilə təmin olunsun. Belə ki bitkidə suyun çatışmaması transpirasiya prosesinin pozulmasına səbəb olur ki. bu da öz növbəsində yaşıl kütə artımına mənfi təsir edir. Becərilmə şəraitindən və sortundan asılı olaraq bitkinin inkişaf və yüksək məhsul verməsi üçün 1700-3200 dərəcə aktiv temperatur tələb olunur.Bu da onu göstərir ki, bitkinin ayrı-ayrı inkişaf fazalarında istiliyə tələbi müxtəlifdir.Torpaqda kök sistemi yerləşən qatda temperatur 22-25 dərəcə olduqda bitki daha yaxşı inkişaf edir.
Respublikamızın açıq şabalıdı və şabalıdı torpaqlarında qarğıdalı daha yaxşı inkişaf edir və yüksək məhsul verir.Qarğıdalı torpağa az tələbat göstərir. Qarğıdalının qida maddələrini mənimsəməsi torpağın mexaniki tərkibindən, aerasiya dərəcəsindən, suvarma suyu ilə təmin olunmasından, kök sisteminin inkişafından və ələlxüsus sortun xüsusiyyətindən asılıdır. Qarğıdalının kök sisteminin inkişaf etməsində, onun əlverişsiz xarici amillərə qarşı davamlı olmasında və dənində azotsuz ekstraktiv maddənin toplanmasında fosforun əhəmiyyəti böyükdür.
Qarğıdalı bitkisi üçün ən yaxşı sələf dənlipaxlalı bitkilər, şəkər çuğunduru, dənli-taxıl, pambıq, tərəvəz və digər bitkilər hesab olunur.Respublikamızın aran rayonlarında payızlıq buğda və ya arpanın məhsulu yığıldıqdan sonra dərhal sahə üzlənib, şumlandıqdan sonra burada qarğıdalı bitkisi becərmək mümkündür. Bu da onu göstərir ki, payızlıq buğda və ya arpa qarğıdalı bitkisi üçün yaxşı sələfdir.
Qarğıdalı qida maddələrinə yüksək tələbkar bitkidir.Buna görədə üzvi və mineral gübrə normalarını vaxtında tətbiq etməklə, becərmə işlərinə düzgün riayət etməklə, suvarmanı vaxtında aparmaqla və alaq otlarına qarşı düzgün mübarizə tədbirləri tətbiq etməklə qağıdalı bitkisini bir neçə il eyni sahədə becərmək olar.
Qarğıdalı bitkisindən yüksək və keyfiyyətli məhsul əldə etmək üçün torpağın düzgün becərlməsinin böyük əhəmiyyəti vardır. Suvarılan sahələrdə torpağın becərilməsi işinə üst səthin hamarlanmasından başlamaq lazımdır.Sahənin qeyri-hamar olması kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsi şəraitini pisləşdirir. Torpağın qeyri-bərabər rütubətlənməsinə səbəb olur.
Şum torpağın əsas becərmə üsuludur. Torpağın əsas payız becərilməsi torpaqda mikrobioloji proseslərin tənzim edilməsi yolu ilə bitkilərin mənimsəyə biləcəyi qida maddələrinin toplanması məqsədini güdür. Torpağın becərilmə qaydaları və şumun dərinliyi torpağın həcm çəkisinə təsir edir. Payız şumlaması və torpağın önkotancıqsız becərilməsi onun bərkiməsinə səbəb olur.Məlumdur ki, torpağın bərkiməsi onun münbitliyinin, aerasiyanın və bitkilərin mənimsəyə biləcəyi rütubət miqdarının azalması ilə nəticələnir.
Payız şumunun qaldırılması sələflərdən asılı olaraq müxtəlif vaxtlara düşür. Payız şumunun aparılması üçün ən yaxşı müddət sentyabr-oktyabr ayı hesab olunur. Şum önkotancıqlı kotanla 25-30 sm dərinlikdə aparılmalıdır.
Qarğıdalının məhsuldarlığı əkinlərə diqqətlə qulluq edilməsindən çox asılıdır. Bu qulluq əsasən sahəni malalamaqdan, səpini düzgün norma və vaxtında aparmaqdan, bitkiləri vaxtında seyrəltməkdən, cərgəaralarını yumşaltmaqdan, bitkilərə əlavə gübrələr verməkdən və suvarmanı vaxtında, norma həddində aparmaqdan ibarətdir. Səpinqabağı becərmə sisteminə torpağa erkən yazda mala çəkilməsi və səpindən qabaqkı kultivasiya daxildir.
Səpinqabağı kultivasiyada məqsəd səpindən bilavasitə qabaq alaq cücərtilərini məhv etməkdən, havanın torpağa daxil olmasını, kipləşmiş qatda rütubətli torpağa düşmək üçün səpiləcək toxuma yuva açmaqdan ibarətdir.
Qarğıdalı bitkisi əsasən iki məqsədlə, yəni dən üçün və ya yaşıl yem, silosluq məqsədilə becərilir. Buna görədə səpin norması becərilmə xüsusiyyətindən, sortdan, bölgədən və səpin üsulundan asılı olaraq təyin edilir.Bununla yanaşı toxumun səpin norması onun təsərrüfat yararlığından, 1000 ədəd dənin çəkisindən, torpağın nəmlik dərəcəsindən və s asılı olaraq müxtəlif olur.
Respublikanın suvarılan rayonlarında torpağın üst qatında 10- 12 selsi temperatur olduqda səpin aparılması daha yaxşı nəticə verir. Ümumiyyətlə yüksək və keyfiyyətli məhsul əldə etmək üçün səpin müddətinə diqqət yetirmək lazımdır.Yazda səpinin optimal vaxtı aprelin II və III ongünlüyü hesab edilir. Tədqiqatlar sübut edir ki, respublikanın aran rayonlarında səpin müddətinə düzgün riayət etdikdə qarğıdalının birinci məhsulunu dən və ya silos üçün yığdıqdan sonra həmin sahəyə təkrar (kövşənlik səpin) yenə qarğıdalı səpib silos kütləsi və ya yaşıl yem götürmək mümkündür. Bu da vahid sahədən ildə iki dəfə məhsul almağa imkan verir.
Kövşənlik əkin üçün qarğıdalının ən yaxşı səpin müddəti payızlıq buğda, arpa və dənli-paxlalı bitkilərin məhsulu yığıldıqdan sonra (iyunun 10-30-a qədər) hesab edilir. Qarğıdalı bitkisinin toxumunun basdırılma dərinliyi torpağın mexaniki tərkibindən, torpaqda olan nəmlikdən və toxumun böyüklüyündən asılıdır.
Qarğıdalı toxumu əsasən 7-10 sm dərinliyə səpilməlidir.Torpağın üst qatı qurudursa onda toxumu nisbətən dərin səpmək lazımdır. Yüngül mexaniki tərkibə malik torpaqlarda toxum dərinə, ağır mexaniki tərkibə malik olan torpaqlarda toxum dayaz səpilməlidir.
Qarğıdalı bitkisi şaxtaya çox həsasdır.Onun cücətiləri 2 selsi şaxtaya davam gətirir, temperatur -3 S olduqda isə cücərti məhv olur. Həddən artıq yüksək temperatura da bitkiyə mənfi təsir göstərir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, temperatur həddi minimum 4-5 S, maksimum isə 46-48 S olduqda qarğıdalı bitkisinin inkişafı dayanır.
Qarğıdalı vegetasiya müddətində çox su tələb edən bitkidir.Ona görə də demək olar ki, nəmlik sevən bitkidir.Digər dənli bitkilərdən fərqli olaraq qarğıdalı suyu çox qənaətlə istifadə edir. Qarğıdalı toxumunun şişməsi, cücərməsi üçün dənin çəkisinin 35-40%-i qədər su lazımdır.Bu bitkinin orta transpirasiya əmsalı 700-900-ə çatır. Qarğıdalı bitkisi bəzi bitkilərə nisbətən quru maddənin əmələ gəlməsinə az su sərf edir.
Torpaqda cücərti almaq üçün lazımı nəmlik olmadıqda səpindən əvvəl sahədə arat aparılması lazım gəlir.Ağır mexaniki tərkibə malik olan torpaqlarda arat suvarma norması 1200-1500 m3 /ha, orta torpaqlarda 1000-1200 m3 /ha, yüngül mexaniki tərkibə malik olan torpaqlarda isə 800-1000 m3 /ha olur. Əgər arat müəyyən səbəblərdən aparılmamışdırsa, onda səpsuvar etmək lazımdır. Səpsuvar səpin apardıqdan dərhal sonra aparılmalıdır. Əks təqdirdə toxumun bir hissəsi həşaratlar və ya zərərvericilər tərəfindən məhv edilər, digər bir hissəsi cücərmə qabiliyyətini itirər ki, bu da sahədə düzgün cücərti alınmaması ilə nəticələnər. Səpsuvarda suvarma norması arat üçün qəbul edilmiş normalara uyğun və ya nisbətən az olmalıdır ki, eroziyaya və ya torpağın yuyulmasına yol verilməsin. Səpsuvar qurtardıqdan sonra torpağın üst qatı nisbətən quruyur, qaysaq əmələ gəlir ki, bu da cücərtinin inkişafının qarşısını alır.Sahə nisbətən quruduqdan sonra yəni cücərti göründükdə cərgəaralarını yumşaltmaq lazımdır.Əks təqdirdə havalanma getmədiyindən cücərtilər məhv ola bilər.
Qarğıdalının kökü arpaya, buğdaya, vələmirə nisbətən 3-6 dəfə çox su sorma qabiliyyətinə malikdir.İstilik artıqca su sorma qabiliyyətidə güclənir. Torpaqda havalanma getməyəndə kök tərəfindən suyun mənimsənilməsi azalır.Buna görədə hər suvarmadan sonra cərgəaraları yumşaldılmalıdır.
Qarğıdalı bitkisinin suvarılması şırımlarala aparılır.Ərazidə irriqasiya prosesinin baş verməməsi üçün ilk növbədə sahənin mailliyinə diqqət yetirmək lazımdır. Buna görədə şırımlarla suvarmada ən əlverişli maillik 0,002-0,007 hesab edilir.Təsadüf halda şırım suvarması 0,02-0,03-dən artıq mailliyi olan sahələrdə aparılır.
Vegetasiya dövrü torpağın ümumi su tutumunun 65-70%-i nəm olduqda bitkinin inkişafı normal gedir.Torpaqda nəmliyin azalması bitkinin inkişafına pis təsir edir ki, nəticədə bitkinin inkişafı zəifləyir. Hətta bəzi hallarda bitki inkişafdan dayanır. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, qarğıdalının bir bitkisi vegetasiya dövründə orta hesabla 200 litr su tələb edir. Qarğıdalı bitkisinin vegetasiya dövründə sudan istifadə etməsi havanın və torpağın temperaturundan, əraziyə düşən atmosfer çöküntüsünün miqdarından, torpağın mexaniki tərkibindən, sahənin gübrələmə dərəcəsindən və digər amillərdən asılıdır. Vegetasiya suvarmaları cücərti alınandan sonra aparılan suvarmalara deyilir.
Suvarmalar 15-17 sm dərinliyində cərgələr arasına çəkilmiş şırımlarla aparıldıqda yaxşı nəticə verir.Səpinə qədər (arat) və səpindən sonra cücərtilər alınana qədər (səpsuvar) aparılan suvarmalar vegetasiya suvarmalarına aid deyildir. Qarğıdalının vegetasiya müddətində neçə dəfə suvarılması yazyay aylarında yağan yağmurlarla, bitkinin inkişaf fazaları ilə, torpağın mexaniki tərkibi və nəmlik dərəcəsi ilə əlaqələndirilməlidir. Suvarmanı elə təşkil etmək lazımdır ki, dənin mum-yetişmə dövrü başlayana qədər torpağın ümumi su tutumunun 60-70%-i nəm olsun. Qeyd etmək lazımdır ki, qarğıdalı bitkisi vegetasiya müddətində süpürgə əmələ gəlməyə 10 gün qalmışdan çiçəkləmənin sonuna qədər daha çox su tələb edir.Bu dövrdə qarğıdalının transpirasiya əmsalı 700-800-ə çatır.Buna görədə həmin dövrdə qarğıdalının 10 -15 gündən bir suvarılması məsləhət bilinir.Sonra isə həmin əmsal 170-180-ə qədər aşağı düşür.
Suvarma normalarının azaldılması suvarmanın səmərəsini aşağı salır və ya çoxaldılması suvarılan torpaqların, xüsusilə şorlaşmış və qrunt sularının dayazda yerləşdiyi sahələrin meliorativ vəziyyətini pisləşdirə bilər. Respublikanın aran və dağətəyi rayonlarının suvarılan torpaqlarında payızlıq taxıl məhsulu yığıldıqdan sonra kövşənlikdə qarğıdalı aralıq bitkisi kimi də becərilir. İstər yazda səpilən, istərsə də kövşənlikdə səpilən qarğıdalı sahələrində torpaqda tələb olunan optimal nəmlik rejimi yaratmaq məqsədilə təbii-iqtisadi bölgələr üzrə vegetasiya suvarmalarını cədvəldə göstərildiyi qaydada aparılması məqsədəuyğun hesab edilir.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat

İnsan Fiziologiyası
Bal arıları haqqında 8 məlumat

İnsan Xromosomları
