Nəhəng Xromosomlar

Nəhəng Xromosomlar

Bəzi hüceyrələrdə həyat tsiklinin müəyyən mərhələlərində xüsusi tipli nəhəng xromosomların ölçüsü çox böyük olur. Onu hələ ilk dəfə 1881-ci ildə İtalyan sitoloqu Balbiani xironomusun (Chironomus) tüpürcək vəzilərində müşahidə etmişdir. 1933-cü ildə Y.Qeyts və Q.Bauer drozofil milçəyinin tüpürcək vəziləri hüceyrələrinin nüvələrində də nəhəng xromosomlar kəşf etdilər. Bu kəşf genetika və sitologiya elminin inkişafına çox böyük təsir göstərdi. Nəhəng xromosomlar kəşf edildikdən sonra bir tərəfdən xromosomun morfoloji quruluşu, digər tərəfdən isə onun genetik rolu haqqındakı təsəvvürlər daha da dəqiqləşməyə başladı.

İkiqanadlılara aid olan həşarat növlərinin əksəriyyətinin tüpürcək vəzilərində nəhəng xromosomlar müşahidə olunur. Drozofildə nəhəng xromosomlar adi xromosomlardan 1000 dəfə böyük olur. 4 cütdən ibarət olan bu xromosomların ümumi uzunluğu 2000 mk olur, halbuki somatik hüceyrələrdə onların ümumi uzunluğu 7,5 mk.-dir. Bu xromosomların bu cür nəhəng ölçüyə malik olması səbəbi odur ki, onlar 10 dəfəyə qədər qismən və ya natamam replikasiyaya uğrayaraq bir-birindən ayrılmırlar. Odur ki, hər bir nəhəng xromosom 1000-dən artıq xromonemdən ibarət olur. Müvafiq olaraq nəhəng xromosomlarda DNT miqdarı adı somatik xromosomlarındakından 1000 dəfə çox olur. Sonradan Poytner, Qeyts, Bauer, Kostov bu xromosomların sitogenetik rolunu müəyyənləşdirdilər.

Reduplikasiya olmuş xromosomlar ayrılmadığı üçün hüceyrə də hələ bölünmür, onun ancaq həcmi böyüyür, hüceyrənin nüvəsi bütün sürfənin inkişafı dövründə interfaza vəziyyətində olur. Xromonemlərin bu cür ikiləşib ayrılmamasını endomitozla izah edirlər. Və bu hadisə endomitozun digər təzahür forması olan endoreproduksiya adlanır. Məlum olduğu kimi somatik mitozda xromosomlar bir-birilə konyuqasiya etmirlər. Lakin tüpürcək vəzilərində homoloji xromosomlar konyuqasiya edir və bir-birinə burulmuş halda olur. Bu hadisə somatik konyuqasiya adlanır.

Nəhəng və ya politen xromosomlar sitogenetik cəhətdən çox böyük əhəmiyyət kəsb edirlər. Belə ki, bu xromosomların uzunu boyu tünd və açıq rənglənən sahələr növbələşir. Tünd hissə – disklər, açıq rənglənən hissələr isə disklər arası sahə adlanır. Disklərin uzunluğu müxtəlif olur, eni isə xromosom eninə bərabər olur. Nisbətən geniş disklərin quruluşu mürəkkəb olub, duplet təşkil edirlər, disklərarası sahə fibrilyar struktura malik olub, qələvi rəngləyicilərlə rənglənmir. Disklərin sayı, lokalizasiyası, topoqrafik yerləşməsi hər homoloji xromosomda sabitdir.

Nəhəng xromosomda disklərin topoqrafik xəritəsini tərtib etmək və bunu genetik xəritə ilə müqayisə etmək mümkündür. Nəhəng xromosomlardakı disklər xromonemlərin sıx spirallaşmasından əmələ gəlir. Xromonemlərdə spirallaşmış və zəif spirallaşan sahələr növbələşdiyindən xromosom müəyyən şəkil alır ki, bu da hər növ üçün xarakter olur. Maraqlı burasıdır ki, genlərin xromosomlarda yerləşdiyi nöqtə ilə disklər uyğun gəlir. Deməli, genləri xromosomda krossinqover faizi ilə hesablamaqdan başqa, nəhəng xromosomlardakı disklərlə də müəyyən etmək imkanları yaranır.

İkiqanadlıların inkişafının müəyyən mərhələlərində disklər qalınlaşır və sıxlaşır, bu halda onlar pufflar adlanır, bəzən onlar daha iri olur və Balbiani həlqələri adlanır. Puff və ya Balbiani həlqələri olan sahələrdə bəzən xromonemlərdən yan çıxıntılar çıxır ki, bu halda onlar fırça şəkilli xromosomlara oxşayırlar. Puff və Balbiani həlqələrinin yaranması geri dönən prosesdir. Puff və Balbiani həlqələrində zülal və RNT sintez olunur.

Fırça şəkilli xromosomlar – bu xromosomlar 1892-ci ildə Ryukkert tərəfindən balıqların, amfibi və reptililərin oosit hüceyrələrində meyozun birinci bölünməsinin diplonem mərhələsində müşahidə edilmişdir. Bu xromosomlar 2 bivalent xromatiddən ibarət mərkəzi oxdan və ondan çıxan yan çıxıntılardan ibarətdir. Hər bivalent 2 homoloqdan ibarət olub, xiazm təşkil edir. Mərkəzi ox xromomerlərdən, (qranullardan) yan çıxıntılar isə halqalardan ibarətdir. İndi artıq məlumdur ki, yan halqalar xromatidlərin dartılması nəticəsində yaranır. Mərkəzi oxun xromomerləri isə xromonemlərin sıx spirallaşması nəticəsidir.

Mərkəzi ox DNT, yan çıxıntılar isə RNT – təbiətlidir. Bu cür dəlillər belə fikir yürütməyə imkan verir ki, yan çıxıntılarda intensiv RNT və zülal sintez olunur və sitoplazmaya ötürülür. Bu dövrdə yan çıxıntılar kiçilir. Odur ki, hüceyrənin həyat tsiklindən asılı olaraq yan çıxıntılar gah kiçilir və gah da iriləşir. Bu xromosomdakı xromonemlərin (5 mk) və DNT-nin uzunluğu (90 mk) fırça şəkilli xromosomların tərkibində bir neçə DNT zənciri olmasını güman etməyə imkan verir.

Oxu:

http://www.elmtehsil.com/elm-ve-heyat/sitologiya/115

http://www.elmtehsil.com/elm-ve-heyat/huceyre-nezeriyyesi/117

http://www.elmtehsil.com/elm-ve-heyat/xromosomlar/127

http://www.elmtehsil.com/elm-ve-heyat/nuklein-tursulari/128

http://www.elmtehsil.com/elm-ve-heyat/canli-huceyrelerin-oyrenilmesi-usullari/132

http://www.elmtehsil.com/elm-ve-heyat/sitoreseptor-anlayisi/135

http://www.elmtehsil.com/elm-ve-heyat/zulallar/136

http://www.elmtehsil.com/elm-ve-heyat/xromosomlarin-ultrastrukturu/146

http://www.elmtehsil.com/elm-ve-heyat/insan-xromosomlari/148

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə