Lizosomlar

Lizosomlar ilk dəfə De Dyuv tərəfindən 1955-ci ildə elektron mikroskopu vasitəsilə kəşf edilmişdir. Ölçüsü 0,2-0,4 mkm olan torba şəkilli struktur olub, 7 nm qalınlığında bir qat membrana malikdirlər. Lizosomlar öz başlanğıcını diktiosomlardan alır. Onların içərisində 60-a qədər fəal fermentlər: turş fosfotaza, nukleoaza, turş ribonukleaza, proteazalar, qlikozidazalar (B-qlükuronidaza, B-qalaktoidaza), esteraza və s. vardır. Ümumiyyətlə bu fermentlər hidrolitik fermentlər olub, zülalların, yağların, karbohidratların, nuklein turşularının və daha mürəkkəb maddələrin parçalanmasında iştirak edir. Lizosom membranı fermentlərin hüceyrəyə qarışmasının qarşısını alır. Hüceyrədəki lizosomlar morfoloji cəhətdən birbirindən fərqlənirlər.
Onların içərisində dörd tip lizosom ayırd edilir:
1. İlkin lizosomlardır, onların ölçüsü 100 nm olub, içərisi turş fosfataz ilə zəngin olan struktursuz maddə ilə doludur. Bunlar diktiosomlardan başlanğıc alır;
2. Sonradan yaranan lizosomlar. Bunlar ilkin lizosomların faqositə olunan hissəciklə qarışmasından əmələ gəlir;
3. Autofaqosom;
4. Qalıq cismi.
Göstərilən bu formalar lizosomun fəaliyyəti ilə əlaqədar olaraq yaranır.
Hüceyrədə bərk cisimciklərin, qida maddələrinin, ölmüş toxuma hissələrinin udulub, sonra hüceyrə daxilində həzm olunması prosesi faqositoz adlanır. Faqostitoz zamanı sitoplazmatik membran udularaq maddə ilə birlikdə hüceyrənin daxilinə doğru çökür və faqositoza uğrayan hissəcik ətrafında qovuqcuq əmələ gəlir. Ona faqosom deyilir. Bu zaman ilkin lizosomlar faqosoma yaxınlaşaraq möhtəviyyatın faqosoma tökür və həzm vakuolu yaranır. Hüceyrə daxili həzm vakuolu sonradan yaranan nisbətən iri lizosomdur. Lizosomun fermentlərin təsirindən həzm vakuolundakı qida maddələri parçalanaraq hüceyrə tərəfindən mənimsənilir. Lakin faqosomdakı bəzi maddələr tam həll olmur. Bu zaman lizosomlar telelizosom və ya qalıq cisminə çevrilir. Lipid təbiətli maddələrin qalığı hüceyrədə qatlı cisimcik kimi onun ömrünün axırına qədər saxlanılır.
Piqment maddələri də hüceyrədə axıra kimi saxlanılır. Məsələn, insanda qocalma ilə əlaqədar olaraq beyin, əzələ, qara ciyər hüceyrələrində piqmentlər toplanır və hüceyrənin ömrünün sonuna kimi saxlanır. Bunlar qocalma piqmenti olan lipofussinlərdir.
Lizosomlar eukariot hüceyrələrin hamısında, prokariotlardan isə birhüceyrəli ibtidai bitkilərdə, göbələklərdə, ibtidai heyvanlarda rast gəlinir. Lakin lizosomlar müxtəlif hüceyrələrdə müxtəlif miqdarda olurlar. Heyvanlarda ən çox lizosomlar readbsorbsiya gedən hüceyrələrdə, zülal və başqa komponentləri udan, həll edən hüceyrələrdə rast gəlir. Məsələn, makrofaqlarda, leykositlərdə, böyrək və qaraciyər hüceyrələrində lizosomlar daha çox olur. Udma və həll etmə funksiyasından başqa, lizosomlar hüceyrə daxili məhlulların dəyişməsində də böyük rol oynayırlar. Məsələn, qalxanvari vəzinin endoplazmatik şəbəkəsi üzərində tiroid hormonunun sələfi- tiroqlobulin sintez olunur. Tiroqlobulin Holci kompleksinin kanalları ilə qalxanvari vəzin follikula boşluğuna daşınır. Hormonal stimulyasiya zamanı yodlaşmış tiroqlobulin yenidən pinositoz vasitəsilə qalxanvari vəzi hüceyrələrinə daxil olur. Tiroqlobulin daşıyan pinositoz vakuolları ilkin lizosomla qarışır, lizosomun fermentləri tiroqlobulini nisbətən parçalayaraq (hidroliz) onu tiroksinə-tiroid hormonuna çevirir. Sonradan isə tiroksin qana daxil olaraq öz vəzifəsini yerinə yetirir.
Bundan başqa lizosomlar autofaqasitoz prosesində də iştirak edirlər. Hüceyrənin həyat fəaliyyəti dövründə zədələnmiş qocalmış hüceyrə komponentləri (mitoxondrilər, Holci kompleksi və s.) lizosomların iştirakı ilə həll olunur. Bu zaman ilkin lizosomlar həmin komponentin ətrafında düzülür, kanalları birləşərək komponenti öz daxilinə alırlar. Əmələ gəlmiş vakuol autofaqosit vakuolu adlanır. Lizosomların fermentlərinin təsirindən həmin komponentlər parçalanır, parçalanma məhsulları hüceyrə tərəfindən mənimsənilir, mənimsənilməyən hissələr qalıq cismi kimi hüceyrədə toplanır. Odur ki, lizosomlar hüceyrədaxili təmizləyici rolunu oynayır. Maraqlıdır ki, normal şəraitdə metabolik stresslər zamanı autofaqosomların hüceyrədə miqdarı artır. Hüceyrələr zədələndikdə də lizosomların miqdarı artır.
Son illər tədqiqatçılar öyrənmişdirlər ki, müxtəlif patoloji proseslər zamanı lizosomların miqdarı dəyişir. Lizosomların hüceyrədə çoxalması və ya azalması genetik amillərlə vəya müxtəlif iltihab prosesləri ilə əlaqədar ola bilər. Hər bir hüceyrənin funksiyasından asılı olaraq onun lizosomunun tərkibində xüsusi fermentlər olur. Məsələn spermi hüceyrələrinin lizosomlarında digər fermentlərlə yanaşı qialuronidaza proteaza fermentləri də olur ki, o da mayalanma prosesində müəyyən rol oynayır. Odur ki, mayalanma prosesində də lizosomların müəyyən iştirakı vardır. Belə ki, tərkibində hidrolitik fermentlərdən nialuronidaza və proteaza olan lizosom, spermi hüceyrəsinin membranı ilə birləşib yumurta hüceyrəsi üzərinə tökülür və onun membranını əridərək spermi hüceyrəsi ilə birləşməsinə səbəb olur.
Bəzi hallarda hüceyrədən çıxaraq öz möhtəviyyatını hüceyrədən kənara tökürlər. Məsələn, neyrospor göbələklərdə lizosomların hidrolazaları hüceyrədən kənara tökülərək hüceyrə xarici proteoliz hadisəsini yaradır. Lizosomlar aşağıda qeyd edilən funksiyaları yerinə yetirirlər:
1. Hüceyrə daxili həzmi reallaşdırırlar.
2. Faqositozda iştirak edirlər.
3. Mitoz prosesində nüvə membranının həll edilməsində fəal rol oynayırlar.
4. Hüceyrədaxili regenrasiya prosesini həyata keçirirlər.
5. Autolizdə iştirak edirlər (hüceyrənin ölümündən sonra özünüdağıtma prosesi).
Bax:
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat

İnsan Fiziologiyası
Bal arıları haqqında 8 məlumat

İnsan Xromosomları
