İnsan Fiziologiyası
İnsan fiziologiyası fiziologiya elminin ən böyük sahələrindən biri olub, müasir təbiətşünaslıq elmləri arasında mühüm yer tutur. Onun qədim inkişaf tarixi vardır və təbabətin nəzəri əsaslarından biri sayılır. İnsan fiziologiyasının bir sıra müddəaları, heyvan orqanizmlərinin həyat fəaliyyəti prosesləri təcrübə (eksperiment) yolu ilə öyrənilərkən əldə edilən nailiyyətlərə əsaslanır və heyvan fiziologiyasının əsas müddəalarına müəyyən dərəcədə uyğun gəlir.
İnsan fiziologiyası insan orqanizmi, onun üzv və toxumaları, üzvlər sistemlərinin həyat fəaliyyətini və funksiyalarını, onların qarşılıqlı əlaqə və təsirlərini, idarə və tənzim mexanizmlərini, orqanizm ilə xarici mühitin vəhdətini öyrənən elmdir. Fizioloji funksiyalar orqanizmi təşkil edən hüceyrə, toxuma, orqan və orqanlar sistemlərinin funksiyaları kimi təzahür olunurlar. İnsan orqanizmində iki yüzə yaxın müxtəlif növ hüceyrələrə rast gəlinir. Fəaliyyət göstərən, eyni funksiya yerinə yetirən hüceyrələrin birləşməsindən müxtəlif növ sinir toxuması, əzələ toxuması, epiteli toxuması, birləşdirici toxuma əmələ gəlir. Bu toxumalar və onların əsasında əmələ gələn orqanların və orqanlar sistemlərinin funksiyaları müxtəlifdir. Sinir toxuması sinir siqnallarının nəqli və yenidən işlənməsi funksiyasını, əzələ toxumasının yığılma funksiyasını, sümük toxumasının dayaq funksiyasını, epiteli toxumasının ötürücü və sekresiya funksiyalarını icra edir.
İnsan orqanizmində olan üzvlər bir və ya bir neçə funksiyanı yerinə yetirirlər. Qaraciyər qanın tərkibinə keçən bəzi zərərli maddələri zərərsizləşdirir, öd ifraz edir və sairə, böyrəklər sidiyin ifrazını təmin edir, ağciyərlər tənəffüs vəzifəsini həyata keçirirlər. Eyni və ya oxşar funksiyaların icrası üçün müəyyən və oxşar orqanların sistemləri formalaşdırılır ki, onların vəzifəsi hər hansı həyat fəaliyyəti prosesini bütün mərhələlər üzrə bir-birindən asılı və bir-birilə əlaqəli şəkildə icra etməkdir. İnsan orqanizmində sinir sistemi, sümük, əzələ sistemi, tənəffüs sistemi, ürək-qan damar sistemi, daxili sekresiya vəziləri sistemi, cinsiyyət orqanları sistemi və digər sistemlər və yarımsistemlər fəaliyyət göstərir. Quruluş (struktur) və funksiya dialektik vəhdətdə olan anatomik və fizioloji göstəricilərdir. Orqanizmdə funksiyasız struktur və ya struktursuz funksiya olmur. İnsan orqanizminin quruluşu və ona xas olan funksiyalar fərdi inkişaf (ontogenez), xüsusilə də doğulandan sonrakı inkişaf (postnatal ontogenez) dövründə formalaşıb yetkinləşir. Quruluş və funksiyaların fərqlənməsi, yetişməsi və fəallaşması prosesləri ontogenezdə zaman etibarilə müxtəlif (heteroxron) xarakter daşıyır: bəzi toxumalar, orqanlar və ya sistemlər fərdi inkişafda tez, digərləri isə gec formalaşıb yetkinləşirlər.
Hər hansı bir toxuma, orqan və ya orqanlar sistemi başlıca olaraq bir mühüm funksiyanı aparmaq üçün fəallıq göstərir. Lakin orqanizm həyati vacib bir davranış aktı və ya funksiyanı yerinə yetirmək məcburiyyətində qaldıqda, bir neçə orqanın və ya orqanlar sisteminin funksiyaları müvəqqəti olaraq, verilmiş davranış aktı başa çatana, məqsədəuyğun faydalı nəticə alınana qədər birgə fəallaşırlar. Fizioloq P.K.Anoxin bu cür birgə aktiv fəaliyyət göstərən və müxtəlif sistemlərin birliyi kimi çıxış edən fızioloji mexanizmləri funksional sistem adlandırmışdır. Məsələn, qida davranışı zamanı sinir, həzm, ürək-damar, tənəffüs və hərəkət aparatları, müdafıə reaksiyaları zamanı sinir, dayaq-hərəkət, tənəffus, ürək-damar sistemləri sanki sinxron olaraq və ya ardıcıl şəkildə birlikdə fəallaşırlar.
Beyincik hərəkət aparatının tonusu və fəaliyyətini idarə edən və əlaqələndirən mühüm mərkəzdir. Qabıqaltı törəmələrindən olan hipotalamus orqanizmin qidalanmasına xüsusilə fəal təsir göstərir. Burada "aclıq", "toxluq", "susuzluq" hissləri ilə sıx bağlı olan vegetativ mərkəzlər yerləşmişdir. Hipotalamusun ifraz etdiyi neyrohormonlar bilavasitə baş endokrin vəzi olan hipofızə, hipofız isə öz növbəsində ön paydan qana ifraz etdiyi trophormonlar vasitəsilə müəyyən periferik endokrin üzvlərə (qalxanvari vəzi, böyrəküstü vəzi, cinsiyyət vəziləri) aktiv təsir edir. Onurğa beyin sinirləri bədənin baş hissəsi istisna olmaqla qalan bütün hissələrini - dərini, əzələləri, daxili üzvləri sinirləşdirir və reflektor reaksiyalarda mühüm rol oynayırlar.
Əsas sinir prosesləri - oyanma və ləngimə beyin fəaliyyətinin tərkib hissəsidir. Beyindaxili əlaqələrin formalaşmasında müxtəlif sinir hüceyrələri və onların çıxıntıları arasında əmələ gələn sinaptik rabitələrin rolu xüsusilə böyükdür. Sinir lifləri ilə yayılan oyanma siqnallarının sinapslardan keçməsi mexanizmləri xüsusi vasitəli neyromediatorların (asetilxolin, noradrenalin, serotonin və s.) təsirləri ilə əlaqədardır. Sinir siqnalları (impulslar) elektrokimyəvi təbiətə malikdir və sinir membranasından Na+ və K + ionlarının qarşılıqlı hərəkətləri sayəsində yaranır. Beyinin, o cümlədən, onun ayrı-ayrı strukturlarının və hüceyrələrinin (neyronların) bioelektrik potensialları beyin fəaliyyətini əks etdirən mühüm göstəricilərdən birisidir. Bu potensialiarı xüsusi cihazlar (elektronsefaloqraf) vasitəsilə qeydə alıb təhlil etməklə beyinin və ya onun hissələrinin fəaliyyəti haqqında mühakimə yürüdülür.
İnsan orqanizmi üçün sinir sistemi kimi daxili sekresiya vəziləri (hipofız, epifız, qalxanvari vəzi, mədəaltı vəzi, böyrəküstü vəzilər, cinsiyyət vəziləri) də mühüm rol oynayırlar. Onların ifraz etdiyi hormonlar orqanizmin bütün həyat fəaliyyəti proseslərinə bilavasitə və ya dolayı olaraq aktiv təsir göstərirlər. Hormonlar funksiyaların kimyəvi tənzimləyiciləri kimi məlumdurlar. Onların əsas təsir "hədəfləri" hüceyrələrdə gedən maddələr mübadiləsi prosesləridir. Onlar şəkər və zülal mübadiləsinə, su və duz və digər mübadilələrə, o cümlədən orqanizmin genetik aparatına, sinir sisteminin fəaliyyətinə stimuləedici təsir göstərirlər. Cinsiyyət və böyrəküstü vəzilərinin hormonları orqanizmin baladoğma və müdafıə-uyğunlaşma funksiyalarının həyata keçməsində mühüm rol oynayırlar.
nsanda tənəffüs funksiyası üçün yüksək dərəcədə ixtisaslaşmış orqanlar (xarici və daxili tənəffus yolları, ağciyərlər) sistemi inkişaf etmişdir. İnsanda ağciyərlərin hava tutumu əmək və idman fəaliyyətinin növündən asılı olaraq xeyli dərəcədə (4000-6000 sm3 ) arta bilər. Tənəffüs sistemi orqanları atmosfer havasından molekulyar oksigenin (O2) qana daxil olmasına və qanda yığılmış karbon qazının (CO2) havaya xaric olmasına xidmət edirlər. İnsanın dəqiqə ərzində 14-16 dəfə yerinə yetirdiyi ritmik reflektor tənəffus aktları nəticəsində onlar toxuma (hüceyrə) tənəffusü (qida maddələrinin oksidləşməsi prosesləri) üçün sərf olunan O2-ni toxumalara mütəmadi olaraq çatdırır və oksidləşmə prosesləri nəticəsində əmələ gələn və bədən üçün zərərli olan CO2-ni elə də orqanizmdən xaric edirlər.
İnsan orqanizmində ürək və qan-damar sistemi bir neçə həyati vacib funksiyanı yerinə yetirir. Əslində bu funksiyalar qan və onun hərəkəti ilə əlaqədardırlar. Ürək və qan damarları qanın hərəkətini təmin edən orqanlardır. Qanın tənəffus, qidalanma, təmizləmə, müdafıə, daşıyıcı və ifrazat funksiyaları məlumdur. O, həm də orqanizmin daxili maye mühitinin əsas tərkib hissəsidir. Ürək və qan damarlarının fasiləsiz ritmik reflektori hərəkətləri sayəsində qan bu qapalı sistemdə daim dövran edir. Kiçik qan dövranı (venoz qanın ürəkdən ağciyərlərə və geriyə hərəkəti) venoz qanın O2-lə zənginləşməsinə və CO2-dən təmizlənməsinə xidmət edir. Böyük qan dövranı (arterial qanın ürəkdən orqanlara və orqanlardan isə venoz qanın geriyə hərəkəti) qida maddələrinin və O2-nin toxuma və hüceyrələrə daşınmasına, böyrəklər vasitəsilə bəzi tullantı məhsullarından (sidik cövhəri, sidik turşusu və s.) azad olmasına xidmət edir. Ürək və qan damarlarının fəaliyyəti vegetativ sinir sisteminin simpatik və parasimpatik mexanizmləri vasitəsilə tənzimlənilir. Simpatik oyanmalar ürəyin fəaliyyətini sürətləndirir və qüvvətləndirir, parasimpatik təsirlər isə əksinə, onu zəiflədir və ləngidir.
İnsanın ürəyi dəqiqədə orta hesabla 70-75 dəfə yığılıb-boşalır və hər yığılma zamanı aorta damarına 70 ml-ə qədər qan qovur. Qanın ürəkdən zərbə ilə qovulması və qan damarları divarının qanın hərəkətinə göstərdiyi müqavimət sahəsində aşağı (minimal) və yuxan (maksimal) qan təzyiqi fərqləri əmələ gəlir ki, bu göstərici insanda orta hesabla 80-120 mm civə sütununa bərabərdir. Qanın orqanlar arasında normal paylanması və qanın fıziki-kimyəvi tərkibinin nisbi sabitliyi orqanizmin bütün funksiyalarının icra olunması üçün vacib şərtlərdən birisidir. Qan bədəndə humoral (hümora-maye deməkdir) tənzimlənməni həyata keçirən mühüm vəsilədir.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə