Hüceyrəarası Təmas Formaları

Hüceyrəarası Təmas Formaları

Hüceyrə arası təmas-hüceyrələrin bir-biri ilə əlaqəsidir. Bu əlaqə məsafədən və ya distant və birbaşa və ya kontakt yolu ilə reallaşa bilər. Distant əlaqələr hüceyrələr tərəfindən hüceyrəarası mühitə ifraz olunan həll olmuş maddələr vasitəsilə baş verir. Bu maddələrə mediatorlar və ya əlaqələndiricilər deyilir bunlara çox 0zaman siqnal ötürücüləri də deyilir. Mediator qismində hormonlar, biogen amillər, anticismlər və bir çox digər bioloji fəal maddələr çıxış edə bilərlər. Bütün qeyd etdiyimiz bu maddələr hüceyrənin ifraz olunan mediatorları ilə qarşılıqlı əlaqədə olan reseptor aparatına təsir edərək liqand rolunu oynayırlar.

Beləliklə hüceyrələrarası əlaqələr zamanı hormonların təsiri hüceyrələrə siqnallar kimi transmembran reseptorlar vasitəsi ilə ötürülür və hüceyrə siqnalın tipindən asılı olaraq ona cavab reaksiyasını hazırlayır. Bundan başqa bütün çoxhüceyrəli orqanizmlərdə hüceyrələr öz aralarında birbaşa (kontakt yolu ilə ) əlaqə ilə bağlanır. Birbaşa əlaqələr bir neçə fazadan ibarətdir ki, bura ilkin mərhələ kimi distant əlaqə də daxildir:

1. Bir hüceyrənin digər hüceyrəni tanıması (distant əlaqə mediatorlar, kontakt əlaqə ilə reseptorlar vasitəsilə).

2. Hüceyrələr arasında zəif birləşmələrin yaranması.

3. Möhkəm hüceyrəarası birbaşa əlaqələrin yaranması. İkinci və üçüncü mərhələlər hüceyrə adqeziyası molekulların köməyi ilə həyata keçirilir.

Bütün hüceyrəarası kontaktlar 3 əsas tipə bölünür: Adqeziya kontaktları, sıx kontaktlar, ötürücü təmas.

1. Adqeziya kontaktlarında, hüceyrələr bir- biri ilə mexaniki birləşirlər. Bu tip əlaqələrin əsas tipi kimi desmosom təması göstərmək olar. Desmosom təmas da üç tipdə olur:

A) Nöqtəvi desmosomlar. Ən çox örtük epitelisi hüceyrələrində olur epiteli hüceyrələrinin bazal membranlara birləşməsində iştirak edir. Bu zaman iki hüceyrənin membranında daxili tərəfdən elektron sıx maddədən ibarət olan kerotin mikrofilamentləri bağlı lövhələr yerləşir, bəzən bu lövhələr çox qatlı olur. Bu filamentlər ya lövhənin üzərində yerləşir, ya da onun səthi boyu uzanır. Bir-birinə yapışan iki hüceyrənin lövhəcikləri, hüceyrəarası boşluqdan keçən funksiyası məlum olmayan zülal lifləri ilə birləşir. Bəzən sitoplazma tərəfdən bu zonada spesifik maddə yerləşir ki, bu da membranın daxili səthinin qalınlaşmasına səbəb olur. Qonşu hüceyrələrin desmosomları simmetrik yerləşir və hüceyrələrin mexaniki əlaqəsini təmin edir.

B) Desmosom zonalar. Onlar hüceyrənin apikal ucuna yaxın zolaq şəklində yerləşirlər. Bu zolaq sitoplazma tərəfdən lokalizə olunmuş aktiv filamentlər yığımından ibarətdir.

C) Yarımdesmosomlar. Bunlar özlərini növbəti desmosomların müəyyən hissəsi kimi göstərirlər. Epiteli hüceyrələrini bazal membrana birləşdirirlər. Adqeziya kontaktlarının reallaşmasında E-kadqerin, desmakollin, desmoqlein və s. adqeziya mollekulları mühüm rol oynayır.

Ötürücü təmas – bu təmas tipində iki hüceyrə membranı təxminən 3 nm məsafəyə qədər bir-birinə yaxınlaşırlar. Bu zaman hüceyrələr arasında müəyyən kiçik molekullu birləşmələrin (aminturşuları, şəkər, ATF, nukleotidlər və s.) sərbəst mübadiləsi gedə bilir. Beləliklə bu tip təmasda hüceyrələr arasında təkcə mexaniki yox, həm də kimyəvi əlaqə yaranır. Belə təmas saya əzələ toxması hüceyrələri və ürək əzələ hüceyrələləri arasında ola bilər. Ötürücü təmasa həm də sinir hüceyrələri arasında olan – sinapsları misal göstərmək olar.

Sinaptik təmas sinir toxuması üçün xas olub, iki neyron arasında eləcədə neyronla reseptor və ya effektor arasında rast gəlinir. Sinapslar iki hüceyrənin təmas sahəsi olub, qıcığı və ya tormozlanmanı bir istiqamətdə bir elementdən digərinə ötürür. Sinapslar sinir hüceyrələrinin çıxıntılarında yaranan dendrit və aksonların terminal sahələridir. Neyronlar arası sinapslar sinir hüceyrəsinin çıxıntısı ucunda armudvari genişlənmə şəklində olur. Bir sinir hüceyrəsinin bu cür genişlənmiş terminal çıxıntısı sinir hüceyrəsi ilə sinaptik əlaqə yaratmaqla bərabər onun çıxıntıları ilə də əlaqədə ola bilər. Sinir hüceyrəsinin periferik çıxıntısı – aksonlar effektor və reseptor hüceyrələrlə spesifik təmas yaradırlar. Bu hüceyrələrin membranları arasında 20-30 nm sahə sinaptik deşik yaradır. Bu deşiyin boşluğunda bəzən çox nazik sapvari struktura müşahidə edilir ki, bu saplar membran səthinə perpendikulyar yerləşir. İmpulsu ötürən hüceyrənin sinaptik təmasının membranı presinaptik, impulsu qəbul edən hüceyrənin sinaptik təmasına isə postsinaptik təmas deyilir. Elektron mikroskopunda presinaptik membranda çox miqdar kiçik vakuolla sinaptik genişlənmələr müşahidə edilir. Sinir impulsları ötürülən zaman sinaptik genişlənmələr öz möhtəviyyatını sinaptik deşiyə tökürlər. Məlum olmuşdur ki, sinapslar sinir qıcıqlanmalarını ötürməklə yanaşı, həm də iki qarşılıqlı əlaqədə olan hüceyrələrin birləşməsi vəzifəsini yerinə yetirir.

Sadə təmas forması bir-birinə yaxın yerlərdə bir çox hüceyrələrdə xüsusilə epiteli toxuması hüceyrələrində rast gəlir. Bu tip təmas zamanı qonşu hüceyrələr arasında 15-20 mm məsafə qalır. Bu cür təmas formasında sitoplazma tərəfdən membrana heç bir əlavə quruluş vahidləri birləşmir.

Aralıq təmasda membranlar arası sahə bir qədər geniş olur (20-30 mm) və sadə təmasdan fərqli olaraq həmin sahə sıx zülal təbiətli maddə ilə dolmuş olur. Sitoplazma tərəfdən nazik mikrofibrillər (4-7 mm) tor şəklində yerləşir. Bu təmasın elə forması var ki, hüceyrə ətrafında lent və ya qurşaq şəklində yapışma zonası yaranır, desmosom təmas ən çox örtük epitelisi hüceyrələrində rast gəlir. Bu zaman hüceyrənin müəyyən sahəsində 0,5 nm diametri qalınlaşma olur ki, çox vaxt bu qalınlaşma elektron sıx maddədən ibarət olub, bəzən çox qatlı olur. Bəzən sitoplazma tərəfdən bu zonada elektron sıx maddə yerləşir ki, bu da membranın daxili səthinin qalınlaşmasına səbəb olur. Qonşu hüceyrələrin desmosomları simmetrik yerləşir və hüceyrələrin mexaniki əlaqəsini təmin edir.

Zəncirbənd tipli təmas. Hüceyrə membranın daxilə çökməsi ilə yaranan çıxıntının digər yanaşı duran hüceyrənin girintisinə daxil olmaqla yaranır. Hüceyrə membranının bu cür çökməsi invaqinasiya adlanır. Zəncirbənd tipli təmasda membranlar arası münasibət sadə təmas formasında olduğu kimidir. Lakin bu zaman membranların təması daha sıx olur. Bu cür təmas xüsusilə böyrək epitelisi hüceyrələrində rast gəlinir.

Sıx qapanma tipli təmas toxuma kulturasında fibroblast hüceyrələrində, rüşeym epitelisi ilə mezenxim arasında, vəzi hüceyrələrində, bağırsaq hüceyrələrində rast gəlinir. Bu təmasla əlaqədə olan hüceyrələrdə iki plazmatik membranın xarici qatları maksimum yaxınlaşmış olur. Çox vaxt iki osmiofil xarici membran 2-3 nm qalınlığında ümumi bir membran əmələ gətirir. Bəzən membranlar bütün səthləri ilə deyil müəyyən sahələrdə belə birləşərək hüceyrənin apikal hissəsində (yuxarı bağırsağın içərisinə baxan sahədə) qurşaq əmələ gətirirlər. Odur ki, hər bir hüceyrə bu qurşaqla əhatə olunmuş olur, morfoloqlar ona qapanmış təmas adı vermişlər. Təmasın qurşaqla örtülən sahəsi hüceyrələr arasındaki məsafəyə makromolekullar və ionların keçməsinin qarşısını alır. Bununla bağırsağın daxilini xarici mühitdən qoruyur.

Mənbə: Məmmədhüseyn Hüseynov - Ümumi Sitologiya

Bax:

Sitologiya

Hüceyrə Nəzəriyyəsi

Canlı Hüceyrənin Öyrənilməsi Üsulları

Ribosomlar

 

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə