Hüceyrə Nəzəriyyəsi

Hüceyrə Nəzəriyyəsi

Hüceyrə nəzəriyyəsinin yaranması biologiya elminin ən vacib kəşflərindən biri olaraq həmin dövrdə canlı materiya haqqında mövcud olan idealist fikirləri alt-üst etmiş və sitologiya, histologiya və embriologiyanın əsasını təşkil edərək, bu elmlərin inkişafına güclü təkan vermişdir.

1838-ci ildə A.Şleyden sitoqenez adlandırılan nəzəriyyə yaradır və ilk dəfə hüceyrənin bölünməsini, hüceyrənin daxili tərkibi ilə, əsasən onun nüvəsi ilə bağlı olduğunu əsaslandırır. Bundan sonra Şvann sitoqenez prosesində bütün orqanizmlərin mikroskopik strukturlarının ümumi inkişaf qanunauyğunluqlarına malik olduğunu göstərmiş və bu da bütün toxuma və orqanların hüceyrələrində ümumi oxşarlığın olması fikrini irəli sürməyə imkan vermişdir.

Beləliklə T.Şvann genetik prinsiplərə əsaslanaraq, hüceyrə nəzəriyyəsini əsaslandırdı. T.Şvanna görə bütün bitki və heyvan orqanizmləri oxşar quruluşlu hüceyrələrdən təşkil olunmuşlar.

R.Virxov 1858-ci ildə hüceyrə haqqındakı bilikləri təbabətə tətbiq etdi . Bundan sonra alimləri hüceyrələrin mənşəyi məsələləri maraqlandırır. Bir sıra alimlər, eləcədə Şleyden və Şvann hüceyrələrin canlı maddədən təşəkkül etməsi haqqında fikri irəli sürdülər. Nəhayət, R.Virxov 1859-cu ildə hüceyrə nəzəriyyəsini yenidən işləyib genişləndirdi və sitoqenez anlayışı əvəzinə «omnis cellula e cellula» yəni "hər bir hüceyrə hüceyrədən" müddəasını irəli sürdü və bu da hüceyrə nədən əmələ gəlir sualına düzgün cavab oldu. Lakin hüceyrə nəzəriyyəsinin yaranmasından əvvəl bir çox alimlərin nailiyyətləri olmuşdur. 1824-1827-ci illərdə fransız alimləri A.Dyutroşe, F.Raspayl, P.Tyurpen belə bir fikir irəli sürdülər ki, topacıq və qovuqcuqlar (hüceyrələr) bütün bitki və heyvan toxumalarının elementar struktur vahidləridir. Bu cəhətdən çex alimi Y.Purkinyenin işlərini qeyd etmək lazımdır. O, 1837-ci ildə «nüvəli dənəciklər» nəzəriyyəsini irəli sürmüşdür. 1834-1847-ci illərdə rus histoloqu P.F.Qoryaninov hüceyrəni canlı orqanizmin quruluş modeli olması haqqında fikri formalaşdırdı.

Hüceyrə nəzəriyyəsinin müddəaları müasir dövrdə hüceyrələrin quruluşu, çoxalması, bir-biri ilə əlaqəsi, qocalması, ölməsi və yerinə yetirdiyi funksiyalar haqqında məlumatlarla zənginləşib. Müasir hüceyrə nəzəriyyəsinin aşağıdakı müddəaları var:

1. Hüceyrə canlı orqanizmlərin ən kiçik quruluş və funksiya vahididir.

2. Müxtəlif orqanizmlərin hüceyrələri quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinə və maddələr mübadiləsinə görə oxşardır.

3. Hüceyrələrin çoxalması ana hüceyrənin bölünməsi yolu ilə baş verir (omnis cellula cellula - hər hüceyrə hüceyrədən).

4. Mürəkkəb çoxhüceyrəli orqanizmlərdə hüceyrələr mənşəyinə, formasına, yerinə yetirdikləri funksiyalarına görə ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirirlər.

5. Orqanlar toxumalardan ibarətdir, onlar öz aralarında sıx əlaqədə olub, hüceyrəarası maddə sinir və humoral sistemlərin fəaliyyəti ilə tənzimlənir.

Nəzəriyyəsinin əhəmiyyəti.

1. O, bir çox bioloji elmlərin əsasən sitologiya, histologiya, embriologiya, fiziologiya və s. inkişafı üçün bünövrə rolunu oynayır.

2. Orqanizmin fərdi inkişafının-ontoqenezin mexanizmini başa düşməyə imkan yaradır.

3. Həyatın, ətraf aləmin başa düşülməsinin əsasını təşkil edir.

4. Orqanizmlərin təkamüllünün dərk olunmasına və izah edilməsinə təkan verir.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə