Bitkilərin qidalanması
Xarici mühitdən udularaq, qida maddələrinin bitki həyatı üçün vacib birləşmələrə çevrilməsi, hərəkəti və gələcək istifadə yerlərində toplanması prosesinə bitkilərin qidalanması deyilir.
Qidalanma bitkilər üçün ən mühüm həyatı əhəmiyyətli prosesdir (amilləridir). Qidalanma prosesində bitkilərlə ətraf mühit arasında maddələr mübadiləsi baş verir. Torpağın, atmosferin qeyri-üzvi maddələri və su bitkilərə daxil olaraq, mürəkkəb üzvi birləşmələrin sintezində istifadə olunur və bitki orqanizmlərindən bir sıra maddələri ətraf mühitə keçirir.
Yaşıl bitkilər karbon qazı, su və sadə mineral duzlardan günəş enerjisinin və saysız-hesabsız fermentlərin köməyi ilə ən mürəkkəb üzvi birləşmələr əmələ gətirirlər ki, bu da insan və heyvanların qida mənbəyi olur. Qidalanma prosesi ərzində bütün yaşıl bitkilər gündüz vaxtı çox böyük miqdarda oksigen ayırırlar ki, bu canlı orqanizmlərin tənəffüsünə sərf olunur. Ona görə də Yer kürəsində həyat ali və ibtidai bitkilərin yaradıcı işinə əsaslanır. Təbiətdə bu prosesin miqyasını aşağıda göstərilən məlumatlara görə təyin etmək olar. Yaşıl bitkilər Yer kürəsində hər il qlükoza hesabı ilə 400 milyard ton təzə üzvi maddə əmələ gətirirlər, o cümlədən bu quruda 115 milyard ton təşkil edir. Əlaqədar olaraq 170 milyard ton CO2 bitkilərdə fotoliz nəticəsində parçalanaraq 130 milyard ton su və 115 milyard ton sərbəst oksigenin ayılması ilə başa çatır.
Bitkilər hazırda təbiətdə mövcud olan miqdarda üzvi maddələri sintez etmək üçün 2 milyard ton azot, 6 milyard ton kül elementləri istifadə edir. Atmosferdə azot ehtiyatı 4·10^15 tona qədərdir. Lakin bu qədər azot k/t bitkilərin istifadəsində olmur, çünki bitkilər azotu əsasən torpaqdan alır, nəinki atmosferdən. Ona görə də bitkilərin məhsuldarlığını torpaqda olan mineral azot birləşmələrinə görə təyin edirlər. Bütün kül elementləri praktiki olaraq tamamilə bitkilər tərəfindən torpaqdan mənimsənilir. Ona görə də bitkilər üçün mənimsənilən formada olması və onların miqdarının torpaqda optimallaşdırılması aqrokimyanın qarşısında duran ən mühüm məsələlərdən biridir.
Su da bitkilərin qidalanma prosesində vacib amillərdən biridir. O, nəinki fotoliz üçün, həm də yarpaqlar tərəfindən buxarlandırmaqda xüsusi əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı bitkiləri 1 sent. quru məhsul kütləsi əmələ gətimək üçün 300-400 sent su buxarlandırırlar. Bu vahidi transpirasiya əmsalı adlandırırlar. Qeyri-sabit hava şəraitində həmin vahidin əmələ gəlməsi (transpirasiya əmsalı) 1,5-2 dəfə artır. Optimal şəraitdə bitkilər azot və kül elementləri ilə normal qidalanmaqla transpirasiya zamanı su sərfi 15- 20% azala bilir.
Bitkilərin qidalanmasının iki tipi vardır, avtotrof və simbiotrof (buna bəzən mikrotrof və bakteriotrof da deyirlər). Əsasən bitkilərdə qidalanmanın avtotrof tipi (yunan sözü olan “trof”- qida deməkdir) daha çox üstünlük təşkil edir. Avtotrof qidalanan bitkilər müstəqil surətdə qeri-üzvi elemetləri, torpaq azotunu və karbon qazını mənimsəyərək üzvi maddələr sintez edirlər. Bundan başqa fotosintez qabiliyyətli yaşıl bitkilərə bəzi avtotrof orqanizmlər (bakteriyalar) karbonla qidalanmanı fotosintez və atmosfer vasitəsilə həyata keçirirlər.
Avtotrof orqanizmlər kənardan hazır üzvi maddələrin daxil olmasını gözləmirlər, belə ki, karbonla qidalanma prosesində (fotosintez) havadakı CO2 –dən ilkin sintezi həyata keçirərək, yenidən üzvi birləşmələr yaradırlar. Ali bitkilərin qidalanmasının simbiotrof tipində başqa orqanizmlərlə birlikdə yaşayırlar. Bu orqanizmlərin tarixi inkişaf prosesində qazanılmış xeyirli münasibətə xidmət edir. Qidalanmanın simbiotrof tipində məhsulun qarşılıqlı istifadəsi və maddələr mübadiləsinin qidalanmada sərhəddini müəyyən etmək bir qədər çətindir, belə ki, hansı orqanizmin çox, hansının az istifadə etdiyi məlum olur. Ali bitkilərin göbələklərlə simbiotik həyatı qidalanmanın mikrotrof tipi adlanır. Göbələklər ali bitkiləri su və onda həll olan mineral duzlarla, həm də başqa maddələrlə təmin edir, özü isə ali bitkilərin sintez etdiyi sulukarbonları və digər üzvi maddələri istifadə edir. Mikorizanın başqa bir bioloji əhəmiyyəti ondadır ki, ali bitkilərin köklərinin üst hissələri göbələklərin mitsellası hesabına inkişaf edir.
Son illər alimlər tərəfindən mikoriz göbələklərin çox maraqlı bir xüsusiyyəti də aşkar edilmişdir. Belə ki, bunlar ali bitkilərin fosforla qidalanmasını yaxşılaşdırır. Bu problem fosforla zəif təmin olunmuş torpaqlarda daha çox səmərə verir. Daha doğrusu əkinçilikdə geniş vüsət almış simbioz şəraitdə sənaye fosfor gübrələrinə qənaət etmək mümkün olur. Bu haqda xarici ölkələrdə aparılan təcrübələr daha çox maraq doğurur. Məsələn, Uelsdə tarla təcrübələrində əhənglə bərabər fosfor gübrələrini yemləmə şəkilində verdikdə mikorizanın inokulyasiyası hesabına yoncanın quru ot məhsulu üç dəfə, yeni zoğların əmələgəlməsi iki dəfə, rizobium kök bakteriyaları isə beş dəfə artmışdır. Analoji məlumatlar torpaqları mənimsənilən fosforla kasıb olan Afrika ölkələrində, Brazilyada, Avstraliyada, İspaniyada və s. alınmışdır. Bitkilərin qidalanmasının bakteriotrof tipinə daha aydın olan misal fır bakteriyalarının (rizobium) paxlalı bitkilərlə simbioz həyat şəraitində yaşamasıdır. Səmərəli simbioz şəraiti yaradılarsa bu bakteriyalar il ərzində bir hektarda 100 kiloqramlarla bioloji azot təsbit edə bilərlər.
Əkinçilikdə intensiv kimyalaşmanın yüksəldiyi bir zamanda paxlalı bitkilərin və mikroorqanizmlərin unikal fiksasiyaetmə qabiliyyəti sayəsində atmosferin molekulyar azotunu təsbit etmə prosesi çox əhəmiyyətlidir. Bioloji və texniki azotun optimal nisbətinin təyini bu elementin dövranında düzgün balansını müəyyən etməyə imkan verir ki, bu da aqrokimyada azotun ekoloji problemini uğurla həll edir. Ona görə də atmosfer azotunun bioloji təsbiti həm nəzəri, həm də praktiki cəhətdən çox maraq doğurur. Təbiətin bizə bəxş etdiyi bu qiymətli hədiyyənin ehtiyatlarını qiymətləndirmək çox çətin məsələdir. Lakin bilməliyik ki, Yer kürəsində qurunun və suyun hər hektarının üzərində 80 ton azot vardır. Hansı ki, paxlalı bitkilərin kök sistemində olan bakteriyalar vasitəsilə yalnız bitkilər üçün mənimsənilə bilən formaya düşə bilir. Hər il dünyada paxlalı bitkilərlə simbioz həyat sürən bakteriyalar bioloji yolla torpaqda 40·106 ton azot təsbit edirlər. Əkinçilikdə əsas məsələ - bitkilər üçün optimal qidalanma şəraiti yaratmaq, su təminatı, torpaqda vacib hava rejimi və becərilən bitki üçün torpaq məhlulunun reaksiyasının nizamlanmasıdır. Yalnız belə olduğu halda tətbiq edilən kompleks aqrotexniki tədbirlərin səmərəsini görmək olar. Məsələn, bitkilərin qidalanması üçün optimal şərait yarandıqda bir vahid məhsul alınması üçün su kifayyət qədər qənaətlə işlədilir. Bu halda transpirasiya əmsalı 15-20% -ə qədər azalır ki, bu da rütubət az olan bölgələrimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən alınan əlavə məhsul hesabına gübrələrə çəkilən xərc azalır. Çoxlu sayda təcrübələrdə sübut olunmuşdur ki, turş və qələvi torpaqlarda gübrələr öz səmərəliliyini itirirlər. Torpaqdan qələviliyin yaxud turşuluğun kənarlaşdırılması, tətbiq olunan gübrələrin səmərəliliyini kəskin surətdə artırır.
Bitkilər üçün bütün həyat amilləri vacibdir, lakin hansı amillərin nə vaxt lazım olmasını bilmək və hansının çatışmazlığını müəyyənləşdirmək daha önəmlidir. Məsələn, şimal bölgələrimizdə münbitlik az, rütubət isə çoxdur, bitkilər isə qida elementlərinə daha çox tələbat göstərirlər. Burada bitkilər həm də isti hava tələb edirlər. Ona görə də burada hədsiz rütubətə qarşı mübarizə tədbirləri həyata keçirilməlidir. Lakin, Respublikamızın elə bölgələri də var ki, münbit torpaqları olmasına baxmayaraq rütubət çatışmazlığı səbəbindən həmin ərazilərdə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul götürmək olmur. Hazırda dövlətimiz bu problemləri uğurla həll edir. Belə ki, Kür, Araz və digər kiçik çayların üzərində bəndlər qurulur və yeni suvarma sisteminin tətbiqi üçün hər cür şərait yaradılır. Müasir texnologiyaların tətbiqi ilə aparılan suvarmalar və bitkilərin qidalanması üçün yaradılan optimal şəraitlər bu bölgələrimizdə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etməyə imkan vermişdir. Günəşli günlərin sayı və effektiv temperaturun cəminin kifayət qədər olması burada eyni sahədən ildə ən azı iki dəfə məhsul götürmək imkanını yaradır. Həmçinin şoran, şorakət torpaqlarda qələviliyin aşağı salınması və təkrar şorlaşmaya qarşı müntəzəm mübarizə tədbirləri həyata keçirilir.
Bitkilər həm kökləri həm də yarpaqları vasitəsilə qidalanırlar. Yarpaqlardan qidalanma bitkilərin karbon qidalanması (fotosintez) adlanır. Daha doğrusu yaşıl yarpaqlar vasitəsilə gedən assimilyasiya prosesi atmosferdən alınan karbon qazı, su və günəş enerjisinin köməyi ilə gedir. Ona görə də fotosintez həm də bitkilərin havadan qidalanması kimi də adlandırılır. Bitkilər kökləri vasitəsilə torpaqdan su və müxtəlif mineral duzların ionlarını, həmçinin cüzi də olsa üzvi maddələri də mənimsəyirlər. Hazırda nişanlanmış atomların tətbiqi sayəsində bitkilərin qidalanma nəzəriyyəsi günügündən təkmilləşməkdədir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bitkilərin kökdən, yaxud havadan qidalanması şərtidir. Çünki elə maddələr var ki, həm köklə, həm də yarpaqla bitkilərə daxil ola bilir. Məsələn, karbon oksidi bitkilərə köklə daxil olduğu qədər də yarpaqlarla udulur və üzvi maddələrin sintezində iştirak edirlər. Kükürd də sulfat turşusunun duzları şəkilində bitkilərə kökləri vasitəsilə daxil olur.
Kükürdün radioizotopu vasitəsilə sübut olunmuşdur ki, bitkilər yarpaqları ilə kükürdü SO2 və SO3 formasında mənimsəyə bilirlər. Uzun illər belə hesab edilmişdir ki, mürəkkəb üzvi maddələr yalnız bitkilərin yarpaqlarında əmələ gəlir. Lakin sonralar nişanlanmış atomlardan istifadə edərək müəyyən edildi ki, bitkilərin kökündə gedən aktiv biokimyəvi proseslər nəticəsində mürəkkəb üzvi birləşmələr əmələ gəlir. K.A.Timiryazyev bitki yarpaqlarında üzvi maddələrin əmələ gəlmə prosesinə xüsusi əhəmiyyət verərək yazırdı. “Demək olar ki, bitki həyatının əsas mahiyyəti yarpaq həyatında əks olunur, daha doğrusu bitki elə yarpaqdır” Bitkilərin qidalanması və üzvi maddələrin sintezi haqqında elmin müasir nailiyyətlərinə əsaslanaraq demək olar ki, yarpaq və kök bitkinin mahiyyətidir, burada sanki iki sintetik laboratoriya fəaliyyət göstərir və qarşılıqlı olaraq birbirini tamamlayırlar. Bitkilərə qida elementlərinin yerüstü orqanlar vasitəsilə daxil olmasını kökdən kənar qidalanma adlandırırlar. Bu, kökdən kənar yemləmə prosesində geniş istifadə olunur, məhsuldarlığın və keyfiyyətin yüksəldilməsində böyük rol oynayır.
Bitkilərdə qidalanmanın bu iki növü sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Məsələn, torpaqda qida maddələrinin çatışmazlığı yarpaqlarda üzvi birləşmələrin əmələ gəlməsini gecikdirir, nəticədə bitkilərin boy artımı dayanır, məhsuldarlıq aşağı düşür.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə