Kimya 2018-09-11

Yağlar

Yağlar

E-mail Üzvlüyü

Yağlar (lipidlər) – bu qrup birləşmələr onunla səciyyələnir ki, onlar suda həll olmur, lakin benzol, petroleyn efiri, xloroformda isə yaxşı həll olurlar. Yağların və onlara yaxın olan birləşmələrin bu xüsusiyyəti onunla izah olunur ki, onların molekullarında uzun alifatik –CH- zənciri və ya benzol həlqələri yəni polyar və hidrofob qrupları iştirak edir. Lipidlər öz növbəsində bir neçə qrupa bölünür: sadə lipidlər, steroidlər, mürəkkəb lipidlər.

Sadə lipidlər – yağ turşularının spirtli efirləri olub, nümayəndəsi təbii piy və mumdur. Təbii piy (qliseridlər) çox vaxt triqliseridlər adlanır. Onlar yağ turşuları və qliserinin 3 atomlu efirləridir. Onları bəzən öz növbəsində piy və yağlara ayırırlar. 200C-də duru olanlara yağlar, bərk olanlara piylər deyilir. Adi piylərə mal piyi, donuz piyi, insan piyini, kakao yağını, yağlarabalıq yağı, gənəgərçək yağı, günəbaxan yağı və s. göstərmək olar. Mumun isə ərimə dərəcəsi təbii yağlara nisbətən daha yüksəkdir, mum yağ turşularının və qliserindən başqa bütün - spirtlərin efirləridir. Məsələn, arı mumu.

Steroidlər – Bu lipidlərin tərkibində tsiklopentanperhidrofenantren nüvəsi olur. Onlar alifatik həlqəvi strukturda olub, bir və ya bir neçə doymamış ikiqat rabitəsi və müxtəlif yan zəncirə malik olur. Orqanizm üçün xüsusi əhəmiyyəti olan bir sıra maddələr steroid təbiətlidir. Məsələn, cinsi adrenokortikotrop hormonlar, D vitamini, öd turşularını steroidlərə misal göstərmək olar. Tərkibində OH qrupu saxlayan steroidlərə sterinlər deyilir. Onlardan ən geniş yayılanı xolestrindir. Xolestrin-xolestrinpalmitat şəklində lanolin tərkibinə (yunun piyi) daxil olur, həmçinin beyində, öddə, böyrəküstü vəzində də tapılmışdır.

Mürəkkəb lipidlər - hidroliz olunduqda spirt və efirlərdən başqa digər birləşmələr də ayrılır. Sterinlərlə birlikdə mürəkkəb lipidlər lipoidlər adlanır. Lipoidlər əsasən hüceyrə komponentlərinin, xüsusilə hüceyrə membranı tərkibinə daxil olurlar. Hüceyrədə ən çox rast gələn lipoidlərdən fosfotidləri, qlikolipidləri, korotinoidləri və s. göstərmək olar. Fosfatidlər (fosfolipidlər) - fosfor turşularının diefirləri olub, qliserin, sfinqozin, xolin, etanol amin, serin, inozitlə birləşmələr əmələ gətirə bilir. Bu qrupa lesitinlər, kefalinlər, inozitidlər, plazmologenlər (asetilfosfatidlər) daxildir.

Qlikolipid və sfinqolipidlər onunla səciyyələnir ki, onların tərkibində qliserin amin spirti sfinqozinlə əvəz edilmişdir. Bu qrupa sinirlərin mielin qılafı tərkibində olan sfinqomielin, tərkibində qalaktoza və ramnoza olan serobrozidlər, sulfat turşusu olan sulfatidlər və qanqliozidlər aiddir. Qanqliozidlər hüceyrə membranasında iştirak etməsinə görə daha çox əhəmiyyət kəsb edir. Güman edilir ki, onlar viruslarda reseptor rolunu oynayır və eyni zamanda ionların membrandan keçməsində iştirak edirlər.

Karotinoidlər - heyvan və bitki piqmentləri olub (C40H56) iki alifatik həlqəyə malik zəncirdən ibarətdir. Yerkökünə karotinlər narıncı rəng verir və yerkökündə karotinoidlər arasında β-karotin daha üstünlik təşkil edir. Heyvan orqanizmində karotinlər çox vaxt dəridə toplanır və ona tünd rəng verir. Karotinlər bitkilər aləmində daha geniş yayılmışdır və α-, β- və γ- karotin formalarında rast gəlinir. Həmin karotinlərdən xüsusilə β karotindən heyvanlar A vitamini sintez edirlər. A vitamininə çox yaxın birləşmə retinendir. A vitaminindən retinen təkcə onunla fərqlənir ki, retinendə A vitaminində olan spirt qrupu aldehidlə əvəz olunmuşdur. Retinen zülal kompanenti ilə birlikdə görmə purpurunu əmələ gətirir (tor qişada). Karotinoidlərə xas digər piqment-likopindir. Likopin yetişmiş pomidora qırmızı rəng verir. Karotinoidlərə kimyəvi cəhətdən qohum olan piqmentlərdən biri ksantofillərdir. Nümayəndəsi lyütein-xloroplastlarda olur, lakin xlorofil çox güclü piqment olduğundan onun görünməsinə mane olur. Payızda havaların soyuması ilə əlaqədar olaraq xlorofil parçalanıb, azaldıqda lyütein biruzə çıxır.

Karotinoid və porfirinlərdən (xlorofil, hemoqlobin) başqa, bioloji cəhətdən qiymətli piqmentlərdən flavinləri göstərmək olar. Onlar sarı rəng verir və sarımtıl-yaşıl flüoressensiyaya malikdirlər. Flavinlərə südün tərkibindəki laktoflavin və riboflavin (vitamin B2) aiddir. Onlar flavoproteidlər şəklində suksinatdehidrogenaza, alkoholdehidrogenaza,kzantinoksidaza və amin turşularının oksidazaları kimi çox əhəmiyyətli fermentlərin tərkibinə daxil olurlar. Digər yağa bənzər maddələrə ksantosianinlər, bəzi melaninə bənzər fenol polimerləri aiddirlər ki, onlarında nümayəndələri tokoferol (vitamin E), filloxinonlar -Vitamin K, ubixinon (koferment Q) və s.- dir. Bioloji cəhətdən lipidlərin - hüceyrədə rolu çox müxtəlifdir: qliseridlər enerji mənbəyidirlər, suitində, balinalarda dəri altı piy həmçinin soyuqdan qorunmaq rolunu oynayır. Fosfolipidlər və serebrozidlər əsasən sinir toxumasında rast gəlinir və mielin qılafı tərkibinə daxil olurlar. Steroidlərdən öd turşuları zülalların emülqatoru rolunu oynayır, xolestrin epidermis və saçların mexaniki funksiyasını, steroid hormonlar maddələr mübadiləsi və çoxalmanı tənzim edir. Lipoproteidlər hüceyrə membranında, nüvədə, qanda xüsusi vəzifələr yeriən yetirirlər.

 

 


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
2

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti