Sənaye Müəssisələrində Qidalanma

Sənaye Müəssisələrində Qidalanma

Sənaye müəssisələrində qidalanmanın təşkilinin elmi əsaslar üzərində qurulması fəhlələrin əmək qabiliyyətini və sağlamlığını yaxşılaşdırmaqla yanaşı, istehsalın da effektiv olmasını təmin edir.

Fəhlələrin qidalanması müəssisələrdə yerləşən fəhlə yeməkxanalarında, onların şöbələrində həyata keçirilir. Burada qidalanma rasional və müalicəprofılaktiki qidalanmanın tələblərinə uyğun olmalıdır. Bu yeməkxanalarda gündəlik rasionlar (menyu) fəhlələrin enerji sərflərini nəzərə almaqla qurulmalıdır. Hesablanmış orta məlumatlara görə fəhlələr iş günü (sutka) ərzində 3000 kkal enerji itirirlər.

Əlbəttə, istehsalın xarakterindən asılı olaraq, müəssisələrdə qidalanmanın təşkilində əmək qabiliyyətli əhalinin yaşı, qidalanma sağlamlıq şərtləri və s. amillər nəzərə alınmalıdır. Zavod və fabriklərdə, digər istehsal müəssisələrində və sexlərdə yeməkxanaların işi elə qurulmalıdır ki, ilk növbədə cavan fəhlələrin orqanizminin fızioloji xüsusiyyətlərini nəzərə alsın. Qida rasionunda xörəklər zülalla zəngin, heyvanat mənşəli ət və su mənşəli balıq məhsulları, süd məhsulları ilə tamamlanmalıdır.

Sənayedə, tikintidə və nəqliyyatda çalışan fəhlələr üçün rasional qidalanmanın təşkilində nəzərə alınmalıdır ki, əsas qidalı maddələrdən sayılan zülallar, yağlar və karbohidratların rasionda varlığı miqdarca 1:1:4 nisbətində olsun. Burada zülalların sutkalıq miqdarının 60%-i heyvanat mənşəli, yağların 30%-i bitki mənşəli olmalıdır. Xüsusilə zülallar əvəzolunmaz aminturşuları ilə zəngin olmalıdırlar. Qidalanma rejiminin düzgün təşkili sənaye müəssisələrində çalışan fəhlələr üçün xüsusi əhəmiyyətə malikdir və ən faydalı rejim 3 dəfəlidir.

Buna müvafiq olaraq, sutkalıq rasionun 30%-i səhər yeməyi, 45%-i nahar və 25%-i şam yeməyi üçün ayrılmalıdır.

Gecə növbəsində işləyən fəhlələr üçün qida rejimində kaloriliyin bölüşdürülməsi – ümumi kaloriliyə görə səhər yeməyinə 25%, nahara 30%, şam yeməyinə 15% miqdarda enerji ayrılmaqla bölüşdürülərək rasionda təmin olunması daha geniş yayılmışdır.

İstehsal müəssisələrində qidalanmaya, eyni zamanda pəhriz qidalanması və profilaktiki rasionlarla qidalanma da daxildir. Burada qidalanma rejiminə xüsusi fikir verilməlidir. Nəzərə alınmalıdır ki, qida qəbulu iş rejimindən asılı olaraq həyata keçirilməlidir.

Pəhriz qidalanması zamanı fasilədən sonra işdə xörək qəbulu nisbətən zəif olmalı, sutkalıq rasionun miqdarı və dəyərinin 20-25%-indən çox olmamalıdır. Çünki, qida qəbulundan keçən ilk saat ərzində baş-beyin həyəcanlanması və fəhlənin əmək məhsuldarlığı kəskin surətdə aşağı düşür. Ona görə də I növbədə işləyənlər üçün iş günündən əvvəl, yaxud gecə istirahətindən sonra, sutkalıq qida rasionunun kaloriliyinin 30%-ni qəbul etmək məqsədəuyğundur. Bu şərti də gözləmək lazımdır ki, işdən sonra naharın tərkibi sutkalıq rasionun kaloriliyinin 40-45%-ni təşkil etməlidir. Şam yeməyi üçün kalorilik 8%-dən çox olmamalı, qida qəbulu yuxudan 1-1,5 saat əvvəl həyata keçirilməlidir.

Sənaye müəssisələrində olan yeməkxanalarda enerji dəyərini nəzərə alan kompleks rasionların tətbiqi xüsusi əhəmiyyətə malikdir. Burada pəhriz yeməkxanaları təşkil olunduğu halda, onların tərkibində müalicə-profilaktiki əhəmiyyətli kompleks rasionların tətbiqi məhsul normaları nəzərə alınmışdır.

Bütün bunlarla yanaşı kimya sənayesi müəssisələrində, kömür sənayesi, metal istehsalı müəssisələrində çalışan fəhlələrdə peşə xəstəliklərinin qarşısını almaq məqsədilə naharlar, yaxud ayrı-ayrı məhsullar şəklində (süd, kəsmik, vitaminlər və s.) güzəştlər əsasında müalicə-profılaktiki iaşə də təşkil olunmalıdır.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə