Tibb 2018-12-10

Şəkərli diabet haqqında ümumi məlumat

Şəkərli diabet haqqında ümumi məlumat

E-mail Üzvlüyü

Şəkərli diabet haqqında hələ eramızdan əvvəl 1550-ci ildə bu xəstəlik haqqında Misir papiruslarında bizə gəlib çatan sənədli məlumatlar vardır. Bizim eradan əvvəl 30-90-cı illərdə qədim Roma həkimi Areteus Kappadoki tərəfindən ilk dəfə "diabet" termini işlədilmişdir. "Diabet" sözü axıb keçmək mənasını bildirir. Bu da yəqin ki, diabetli xəstələrin böyrəklərindən qlükozanın keçməsinə işarədir. Çünki normal halda böyrəklərdən qlükoza keçmir və sidikdə şəkər olmur.

Görkəmli ensiklopedist alim İbn-Sina və ondan sonra bir sıra tədqiqatçıların (Hindistan, Misir, Çin) öz əlyazmalarında şəkərli diabetli insanların sidiyinin şirin dadması barəsində məlumatlara rast gəlinir. 

Məşhur ingilis həkimi Klod Bernar heyvanların beyninin IV mədəciyinə iynə vurarkən qanda şəkərin miqdarının artmasını müşahidə etmişdir. Bununla da o sübut etmişdir ki, karbohidrat mübadiləsinin tənzimlənməsində sinir sistemi iştirak edir. XIX əsrin sonu XX əsrin əvvələrində, insulinin kəşfinə qədər şəkərli diabeti aclıqla müalicə edirdilər. Bu üsulu ilk dəfə Amerika alimi D.Allen tətbiq etmişdir.

1889-cu ildə Merinq və Minkovski şəkərli diabetin inkişafında mədəaltı vəzin rolunu aşkar etdilər. Onlar itin mədəaltı vəzisini çıxartmaqla, onda şəkərli diabetin kliniki mənzərəsini müşahidə etmişlər. 1869-cu ildə P.Langerhans mədəaltı bəzi histoloji müayinə edərkən, müəyyən qrup hüceyrələrin vəzin müxtəlif yerlərində toplandığını aşkar etmişdir. Həmin hüceyrələr sonralar onun şərəfinə Langerhans hüceyrələri və ya Langerhans adacıqları adlandırıldı. Lakin Langerhans həmin hüceyrələrin fizioloji rolunu bilməmişdir. 1900-1901-ci illərdə L.B.Soboleb həmin hüceyrələrin şəkər mübadiləsinə təsir edən hormon hazırladığını təcrübədə sübut etdi.

1921-ci ildə Kanada alimləri Q.F.Bantinq və Ç.Best mədəaltı vəzin ekstraktından (sıxılmış mayesindən) insulin aldılar. Həmin ekstrakt şəkərli diabetli xəstələrə vurduqda qanda şəkərin miqdarının azaldığı aşkar olundu. Bu ixtiralarına görə həmin alimlərə Nobel mükafatı verilmişdir. Beləliklə, şəkərli diabetin əmələ kəlməsində mədəaltı vəzinin Langerhans adacıqlarının məhsulu olan insulin hormonunun çatışmazlığının səbəb olması sübut olundu. Diabetin müalicəsində yeni bir era-insulin müalicəsi dövrü başlandı. Milyonlarla insan ömrünün uzadılmasına şərait yarandı.

Şəkərli diabet XXI əsrin ən geniş yayılmış və sağlamlığa çətinlik yaradan qlobal bəla hesab edilir. Hər il bu xəstəliklə ilkin aşkarlanmaların sayı dayanmadan artmaqda davam edir. Dünya Səhiyyə Təşkilatının elmi ekspert qrupunun 1985-ci ildəki elmi məruzələrində Yer Kürəsində 30 milyon insanda şəkərli diabet xəstəliyi olduğu qeyd edilmişdir. Beynəlxaq Diabet Federasiyasının 2013-cü ildəki hesabatında göstərilir ki, dünyada 382 milyon insanda (20-79 yaşda) şəkərli diabet aşkar olunduğu halda, 2015-ci ildə bu rəqəm 415 milyona çatmışdır. Deməli, diabetli insanların sayı təkcə 2 il ərzində 33 milyon, son 30 ildə isə 385 milyon artmışdır. Diabet üzrə ekspertlər 2040-ci ildə dünyada diabetli insanların sayının 642 milyon çatacağını proqnozlaşdırırlar. 318 milyon insanda qlükozaya tolerantlığın pozulması qeydə alınmışdır. Məlum olduğu kimi, qlükozaya tolerantlığın pozulması qeyd edilən şəxslərdə gələcəkdə şəkərli diabetin inkişaf riski çox yüksəkdir. Bütün diabetli insanların 91%-də şəkərli diabet tip 2 qeyd olunur. Beynəlxaq Diabet Federasiyasının hesabatında 193 milyon insanda diabet olduğu halda, onlar özlərində diabet olduqlarını bilmədən, lakin diabetin fəsadlarının inkişaf riski ilə yaşayırlar.

2015-ci ildə hər 11 nəfərdən birində diabet olduğu aşkar olunmuşdur. Əhali arasında diabetin yayılmasını təhlil etdikdə məlum oldu ki, şəhər əhalisində şəkərli diabet daha çox yayılmışdır. Eyni zamanda qadınlarla kişiləri müqayisə etdikdə, kişilər arasında diabet daha çox aşkar olunmuşdur. 2015-ci ildə 542000 nəfər uşaqda şəkərli diabet tip I qeyd olunmuşdur. 2015-ci ildə Azərbaycanda təxminən 204000 nəfər insanda şəkərli diabet qeydə alınmışdır. Onlardan 1100 nəfəri uşaq (0-14 yaşda) olmuşdur. Beynəlxaq Diabet Federasiyasının son illərdə nəşr olunan Atlaslarında Azərbaycan şəkərli diabetin ən az aşkarlandığı ölkə kimi göstərilmişdir.

Şəkərli diabetin ən çox yayıldığı 10 ölkənin sırasında Çin, Hindistan və Amerika Birləşmiş Ştatları liderlik edir. 2015-ci ildə şəkərli diabetdən 5 milyon, HİV/AİDS-dən 1,5 milyon, vərəmdən 1,5 milyon, malyariyadan 0,6 milyon vəfat etmişdir. Göstərilən statistik rəqəmlər bir daha şəkərli diabetin son dərəcə aktual tibbi-sosial problem olduğunu təsdiq edir.

Şəkərli diabet qanda şəkərin - qlükozanın miqdarının normadan çox artması, yəni hiperqlikemiya ilə müşahidə olunan xroniki bir xəstəlikdir. Xəstəliyin səbəbi orqanizmdə insulinin əmələ gəlməsinin azalması və ya tam dayanması, eləcə də insulinin təsirinə toxumaların lazımınca reaksiya verməməsidir. İnsulin mədəaltı vəzidə əmələ gəlir və qana daxil olaraq, qanda normadan çox artmış qlükozanın miqdarını azaldır və ya normal səviyyədə qalmasını təmin edir. Mədəaltı vəzi qarın boşluğunda, mədənin bilavasitə arxasında yerləşən mürəkkəb quruluşa və funksiyaya malik olan bir vəzdir.

Mədəaltı vəzidə Langerhans adacıqları vardır ki, bu adacıqlarda 5 növ müxtəlif hüceyrələr mövcuddur: Alfa, Beta, PP, Somatostatin, İpsilon hüceyrələr. Bu hüceyrələrin hər birinin öz funksiyası vardır. Şəkərli diabetin inkişafında mühüm rol oynayan beta və alfa hüceyrələrdir. Beta hüceyrələrdə insulin hormonunun əmələ gəlməsində və təsirində baş verən çatışmazlıq şəkərli diabetin inkişafına gətirib çıxarır. Şəkərli diabet genetik meyllilik olan insanlarda xarici mühit amillərinin təsiri ilə inkişaf edir.

Diabetlə xəstələnmə təhlükəsi irsi yolla, nəsldən nəslə ötürülür. Hətta yaxın qohumlarda şəkərli diabetlə xəstələnən bir nəfər olmasa belə bu xəstəlik yüksək genetik meyllilik əsasında baş verir. Valideynlərdə şəkərli diabet qeyd edilməyən hər hansı bir uşaqda (fərddə) bu xəstəlik genetik yolla verilərək, açıq-aydın kliniki əlamətlərlə özünü göstərə bilir. Müxtəlif amillərin (uşaq infeksiyaları, viruslar, soyuqdəymə xəstəlikləri, streslər və s.) təsiri altında bu irsi meyllilik “böyüyərək” xəstəliyə - şəkərli diabetə çevrilir. Həmin risk amilləri uzun müddət orqanizmə mənfi təsir göstərməklə xəstəliyin meydana çıxmasına səbəb olur.

Canlılarnın yaşaması üçün onlar qidalanmalıdırlar. Müxtəlif növ qidalar ağızdan mədəyə, sonra bağırsaqlara daxil olaraq orada parçalanır, daha sonra qana daxil olur. Karbohidratların parçalanması nəticəsində əmələ gələn şəkər və ya qlükoza orqanizmdəki hüceyrələrin fəaliyyəti üçün əsas enerji mənbəyidir. Başqa sözlə, orqanizmdə enerjinin yaranması üçün qlükoza tələb olunur. Qlükoza isə insulinsiz hüceyrəyə daxil ola bilmir. Belə nəticəyə gəlmək olar ki, insulin qlükozanın hüceyrəyə daxil olmasını həyata keçirir. Qida qəbulundan sonra qanda qlükozanın miqdarı artır. Qanda qlükozanın səviyyəsinin artmasına qarşı mədəaltı vəzi tez reaksiya verir. O, insulin hazırlayaraq və ya əvvəlcədən hazırladığı insulini qana ötürür. Əgər biz hüceyrəni bağlı qapıya bənzətsək, onda onun açar rolunu insulin oynayacaq. Deməli, hüceyrə qapısının (membranının) açarı insulin olacaq. İnsulinin təsiri ilə qlükoza qandan hüceyrəyə daxil olur və enerjiyə çevrilir, qanda isə qlükozanın miqdarı azalır.

Qandakı qlükozanın hamısı enerjinin əmələ gəlməsi üçün sərf olunmur. Onun bir hissəsi qaraciyərdə, əzələlərdə və piy toxumasında toplanır. Həmin üzvlərdə qlükozadan qlikogen əmələ gəlir. Qlikogen orqanizmdə qlükozanın ehtiyatda olan mənbəyi hesab olunur. Orqanizmin enerjiyə ehtiyacı olan hallarda (aclıq, qida qəbulunun gecikdiyi, fiziki yüklənmənin artdığı bir şəraitdə) qlikogen toplandığı orqanlarda parçalanaraq qlükozaya çevrilir və qana daxil olur, qanda qlükozanın normal qalmasını təmin edir.

Aclıq zamanı fiziki iş və qlükozaya ehtiyac olan vəziyyətlərdə insulinin qana keçməsi dayanır və ya ləngiyir, insulinə əks olan hormonlar (qlukaqon, somatotropin, kortizol və s.) qana daxil olaraq qlikogen toplandığı orqanlarda, qlikogenə təsir edərək,onu qlükozaya çevirir. Bununla da, orqanizmin enerjiyə olan tələbatı ödənilir. Deməli, orqanizmdə, qanda daim qlükozanın səviyyəsi gah artır (yeməkdən sonra), gah da azalır (aclıq zamanı). Şəkərli diabet olmayan, sağlam insanlarda qanda qlükozanın səviyyəsi müəyyən hədd daxilində: acqarnına 3,3-5,5 mmol/l, qida qəbulundan sonra 7,8 mmol/l-qədər dəyişilə bilir.

Şəkərli diabet xəstəliyində kəskin insulin çatışmazlığı ilə əlaqədar qlükoza hüceyrəyə daxil olaraq enerjiyə çevrilmir. Qanda qlükozanın normadan çox olmasına baxmayaraq orqanizmin hüceyrələri “aclıq” şəraitində yaşayır, hətta orqanizmin həyat fəaliyyəti üçün zəruri olan enerji qlükozadan əmələ gəlmir.

Qədim Şərq təbabətində göstərildiyi kimi bolluq (“yan”) fonunda çatışmazlıq və ya defisit (“in”)vəziyyəti yaranır. Belə bir vəziyyətdə orqanizm ona lazım olan enerjini öz xüsusi piyindən istifadə etməklə hasil edir. Yağın (piyin) hüceyrəyə daxil olması və onun enerjiyə çevrilməsi üçün insulin tələb olunmur. Şəkərli diabetli insanlada kəskin insulin defisiti şəraitində əsas enerji mənbəyi yağlar olur. Yağların enerji üçün məsrəf olunması bədənin arıqlamasına səbəb olur. Yağların enerjiyə çevrilməsi prosesində qana çoxlu miqdarda keton cisimcikləri daxil olur. Qanda keton cisimciklərinin artması sidiklə asetonun ifrazı ilə müşahidə edilir. Bu vəziyyətə diabet ketoasidozu deyilir. Ağızdan aseton iyi gəlir. Bu iy çox vaxt çürüməkdə olan almanın iyinə bənzəyir.

Əhvali-ruhiyyədə ketoasidoza mənsub olan əlamətlər əmələ gəlir ki, bu da bir qədər zəhərlənmə əlamətlərinə oxşayır. Bu əlamətlərə tam halsızlıq, yorğunluq, ürəkbulanma, qusma, qarında ağrılar aiddir. Göstərilən əlamətlər keton cisimlərinin (aseton və s.) orqanizmə zəhərli (toksiki) təsiri ilə əlaqədardır. Belə hallarda diabetli insana səhvən «kəskin qarın» diaqnozu qoyub onu cərrahi əməliyyata məruz qoyurlar.

Aseton sağlam insan orqanizmində də əmələ gəlir. Bu əsasən qidada karbohidratların çatışmazlığı nəticəsində, uzun müddət ac qaldıqda, aclıqla müalicə zamanı baş verir. Aclıq zamanı əvvəlcə qaraciyərdə ehtiyatda olan qlükozadan, sonra əzələlərdə toplanan qlikogendən istifadə olunur. Bu ehtiyat mənbələri tükəndikdən sonra, piy toxumasındakı yağlar (piylər) parçalanır və enerji ehtiyacı ödənilir. Qanda qlükozanın səviyyəsi 9-10 mmol/l-dən çox olduqda, qlükoza sidiklə ifraz olunur. Qanda qlükozanın bu səviyyəsi böyrək astanası adlanır. Aydın kliniki gedişli şəkərli diabetli insanlarda əksər hallarda sidiklə qlükoza ifraz olduğuna görə lap qədim dövrlərdən başlayaraq bu vəziyyətə “diabetes” yəni axıb keçən adı verilmişdir.

Azərbaycan xalq yaradıcılığı folklorunda göstərilir ki, adi bir çoban narahat, xəstə bir kişinin sidiyinə milçək qonmasına görə onda şəkərli diabet xəstəliyi olduğunu, sağlam insanın və ya heyvanın sidiyinə milçəyin yaxın gəlmədiyini öz həyat təcrübəsinə əsasən söyləmişdir. Sidikdə qlükozanın miqdarına görə, onun qandakı səviyyəsi haqqında təxmini mühakimə yürütmək mümkündür. Əgər sidikdə qlükoza yoxdursa, bu onu göstərir ki, qanda qlükozanın səviyyəsi 9 mmol/l-dən aşağıdır. Əgər sidikdə qlükozanın miqdarı çox azdırsa (0,5-1%), onda bu onu göstərir ki, qanda qlükozanın səviyyəsi periodik olaraq böyrək astanasını keçir. Əgər sidiklə çoxlu miqdarda qlükoza ifraz olunursa, onda bu hal qlükozanın qanda səviyyəsinin həddən çox yüksək olduğundan xəbər verir. Bu halda xəstədə güclü susuzluq, sidik ifrazının çoxalması və tezləşməsi müşahidə olunur. Sidiklə təkcə qlükoza deyil, çoxlu miqdarda duz və su itirilir, orqanizmin duz-su mübadiləsinin normal tarazlığı pozulur. Çox şirniyyat yemək şəkərli diabetin inkişafına səbəb olmur. İrsiyyətində şəkərli diabetə meyllilik qeyd edilən insanların çoxlu miqdarda şirniyyat qəbul etməsi şəkərli diabetin inkişafını surətləndirə bilər. Ona görə də ailədə şəkərli diabet olan ailə üzvlərinin şirniyyatdan çox istifadə etmələri onlara tövsiyə olunmur. Valideynlər bəzən övladlarının şəkərli diabet olmasında özlərini təqsirkar hesab edirlər. Onlar elə fikirləşirlər ki, öz övladlarını vaxtında müalicə etdirməyiblər və yaxud özlərindən onlara irsi yolla xəstəlik keçirmişlər. Belə fikirləşmək əbəsdir. Çünki Yer kürəsində mütləq sağlam insan yoxdur. Hər bir insanda və ya hər bir fərddə iki nəslə mənsub olan irsən keçən xəstəliklərin həm açıq-aşkar formada olması, həm də gizli və ya onların müxtəlif risk faktorlarının təsiri ilə meydana çıxması həmişə mümkündür.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
3

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti