Qida Zəncirində Sürünənlərin Mövqeyi

Sürünənlərin qidalanması və onu əldə etməsi fərqlidir. Onların arasında bitki yeyənlərə, cücü, balıqla qidalananlara, yırtıcı formalar və qarışıq qida yeyənlərə və s. rast gəlinir. Reptililər arasında stenofaq və evrifaq növlər də var.

Quru tısbağalarının qidası yaşıl bitki və meyvələrdən ibarətdir. Respublikamızda məskunlaşan aralıqdənizi tısbağasının qida rasionu məhz belədir. Herpetofaunanın digər sakinləri olan şirin su tısbağalarından - bataqlıq tısbağası və xəzər tısbağası kiçik molyusk, buğumayaqlılar, balıqlar və nadir hallarda bitki mənşəli qida ilə qidalanırlar.

ABŞ-ın cənub - şərqində yayılan şirin su növlərindən olan Kərkəs tısbağasının (Macrolemus temmincki) sevimli yemi balıqlardır. Gilin içərisində hərəkətsiz dayanmaqla öz şikarını güdən bu tısbağa ağzını iri açıb, uc hissəsi al qırmızı-çəhrayı rəngdə olan dilini çölə çıxarıb, balıqları öz hərəkəti ilə cəlb edir. Aldanmış balıq burulan dilə yaxınlaşdıqda dərhal tısbağanın güclü çənələrinin cənginə keçir. Digər şirin su tısbağası - ma tama tin (Chelus fımbriata) xarici görünüşü çox orijinaldır. Onun baş, buxaq (çənə altı) və boyun hissəsindən sapşəkilli dəri cıxıntalar sallanır. Hövzənin gilli dibində gizlənən bu tısbağa tamam görünməz olur. Çənələri zəifdir, ağız yarığı qulaqlarınadək uzanır. Yırğalanan dəri parçalarının cəlb etdiyi balıqları matamata cəld hərəkətlə su ilə birgə ağzına çəkir. Şikar bütövlüklə udulur.

Şikarını güdməklə gözləmə tərzi çin trioniksinə (Trionyx chinensis) də məxsusdur, lakin yaxınlaşan qənimətini bir hərəkətlə «ölümcül yapışma» ilə tutur.

Kərtənkələlərin böyük əksəriyyəti yırtıcıdır. Əsas qidası iri onurğasızlardır: həşərat, hörümçək və molyusklar. tri növlər kiçik onurğahları - gəmiricilər, quşlar və onların yumurtaları, qurbağa, ilan və s. yeyir. Kərtənkələlərin bəzi növləri bitki yeyəndir, ilkin cavan fərdlər yırtıcılar kimi - əvvəlcə həşəratla qidalanır, sonradan bitki yeməyə keçir. Adətən qida xarakterinin dəyişilməsi bu və ya digər növ yemi əldə etmək mümkünlüyündən asılı olur. Bir qisim növlər isə həm bitki mənşəli, həm də heyvan mənşəli qidadan yararlanır.

Yem ixtisaslaşması yalnız az qisim növlərdə müşahidə edilir. Dəniz iquanları yalnız bir növ dəniz yosunları ilə qidalanır. Qurbağayaoxşar kərtənkələ (Phrynosoma) yalnız qarışqa ilə qidalanır. Qarışqalara üstünlük verən digər növ ölkəmizdə rast gəlinən yovşanlıq girdəbaşıdır. Avstraliya moloxu (Molox horridus) müstəsna olaraq yalnız kiçik qara qarışqalarla qidalanır, lakin ağır yük daşıyan qarışqalara dəymir. Molox çox ləng kərtənkələdir və çoxsaylı qarışqalarla qidalanma onları əldə etmək üçün xüsusi taktika tələb etmir. Amfısben və ağac cənubi-asiya varanı da yalnız qarışqalarla qidalanır. Bəzi növ ssinklər yağış qurdlarına (Seylon qazıcı ssinkləri cinsi - Nessia), termitlərə (şimalı amerika qazıcı ssinki - Neoseps reinoldi), şirin su xərcəngkimilərinə (Ttropidophorus cinsi) üstünlük verir. Afrika yumurtayeyən ilanı (Dasypeltis scaler) ancaq quş yumurtaları ilə qidalanır.

Kərtənkələlər ov edərkən şikarına ehtiyyatla və gizlicə yaxınlaşır, sonra isə cəld hərəkətlə onu tutur. Adətən qidasını bütöv udur. Bir çox kərtənkələlər qida maddələrini müxtəlif piy cisimciklərində, bədən boşluğunda, gekkonlarda isə quyruq nahiyəsində ehtiyat toplayır. Ona görə də digər sürünənlər kimi kərtənkələlər də uzun müddət ac qala bilir.

Buqələmun ov edərkən yerindəcə şikarını - müxtəlif cücü və kiçik onurğasızları ona yaxınlaşanadək gözləyir. Dəqiq nişan alan buqələmun dili ilə sanki "atəş açır" və qənimətini tutur. Onun rəngi ətraf mühitə uyğunlaşa bilir. Dili çox uzun, uc hissədə qalınlaşmış olub, yoğun damarlardakı qanın hesabına gərilə bilir.

Avstraliya qısaquyruq ssinki (Trachysaurus ruqosa) həm bitki, həm də heyvani qidanı yeməklə, meyvə, yarpaq, çiçək, cücü və molyuskla da qidalanır. Bu kərtənkələlər çoxlu sayda kiçik daşlar udur və bunlar sərt qidanın mədədə mexaniki xırdalanmasma yardım edir.

Əsl kərtənkələlər fəsiləsinin (Lacertidae) nümayəndələrindən respublika faunası üçün xarakter olan ortancıl kərtənkələ {L. media), zolaqlı kərtənkələ (L. striqatd) entomofaq növlərdir. Ov zamanı yaxınlaşan qəniməti görüncə, əvvəlcə ehtiyatla qənimətini güdür, sonra isə cəld sıçrayışla onu havada tutur.

Qayalıq kərtənkələləri kiçik cücülərlə və onurğasızlarla qidalanır. Bunlar növ öz qidasını cəld sıçrayışla havada uçarkən tutur və çox maraqlı tərzdə onu yeyir: hər hansı iri cücünü yediyi yerdə, qayalıq kərtənkələsi qəflətən onu kənara qoyub, digər kiçik heyvanı tutmağa başlayır, sonra yenidən yarımçıq qalmış şikarını yeməyə qayıdır. Bu tipli dəyişkən reaksiya digər növ kərtənkələ və quşlar üçün də xarakterdir.

Naxçıvanda yaşayan Zaqafqaziya kərtənkələciyi, hündür olmayan ot və kolluqlarında gizlənərək, qum üzərində hərəkət edən şikarını sözün əsl mənasında güdür.

Torlu kərtənkələcik şikarını yalnız torpaq səthindən tutmur, yaxşı iybilmə qabiliyyəti olduğundan, onu hətta torpağın altından da qazıb çıxarır.

Respublikamızda rast gəlinən koramal (Pseudopus apodus) tutduğu heyvan - ilan və ya kərtənkələ iri olduqda qənimətini ağzına alıb başını cəld hərəkətlə silkələməklə və bədəninə qıvrılmaqla onu gicəlləndirir və hərəkətsiz, taqətsiz şikarı bütövlüklə udur.

Kərtənkələlər arasında ən iri və yüksək inkişaf səviyyəsinə malik olan varanlar yırtıcıdırlar. Onlar öz qənimətlərini görmə və ola bilsin qoxu orqanı hesabına əldə edirlər. Komodo varanı (Varanus komodoensis) kimi iri növlər leşlə də qidalanır. Adətən onlar şikara ehtiyatla yaxınlaşıb, qəflətən onun üzərinə atılır və uzun quyruğunun köməyi ilə, qənimətinə ağır, məhvedici zərbə endirir. Şikar çox iri olduqda ön ətrafları ilə onu saxlayıb, hissə-hissə parçalayır.

Yırtıcılığa yaxşı uyğunlaşmış digər qrup sürünənlər - ilanlardır. Kəllənin quruluşu onlara ağzını geniş açmağa imkan verdiyindən, ilanlar iri heyvanla qidalanmağa və onu bütöv udmağa qabildirlər. İlanlar arasında çox iri olmayan, uzunluğu 10-80 sm-ə çatan növlər də var, məsələn torpaqda yaşayan kor ilanlar. Onların Azərbaycanda yalnız bir növü - adi kor ilan (Typhlops vermicular is) rast gəlinir. Bu ilanın qida rasionu qarışqa və qarışqa yuvalarından əldə etdiyi puplardan ibarətdir.

Piton kimi iri ilanlar xırda dırnaqlılarla, gəmiricilərlə, meymunla, quşlarla və s. qidalanır. Piton öz şikarını asanlıqla boğur və bütövlüklə udur.

Yatağanlarında qida rasionu müxtəlifdir - kərtənkələlər, gəmiricilər, quşlar (əsasən ördəklər) və s. Anakonda zəif axarlı gölməçə və çaylara, Amazon və Orinoko çaylarının bataqlaşmış dayazlıqlarına üstünlük verir. Şikarını - su içməyə gələn müxtəlif məməliləri, su-bataqlıq quşlarını, tısbağa və kaymanları sudan çıxmadan güdür. Bizim respublikada yatağanların kiçik bir nümayəndəsi - Qərb yatağanı (Eryx jaculus) yayılmışdır. O, kiçik gəmirici və kərtənkələlərlə qidalanır. İri yatağanlar kimi kiçik yatağanlar da qənimətlərinin bədəninə 2-3 dəfə dolanaraq onu əzələli gövdəsi ilə boğur. Qeyd etmək lazımdır ki, yatağanların qənimətin bədəninə dolanmaq sürəti çox yüksək, şikarını sıxma gücü böyükdür, lakin şikarın sümükləri bu təzyiqdən sınmır. Piton və yatağanlara aid olmayan digər növ ilanlara da, qənimətini boğmaqla öldürmək manerası xasdır.

Dəniz ilanlarının qidasını müxtəlif balıqlar təşkil edir. Tutduğu şikarı dişləməklə dərhal onu zəhəri ilə öldürür. Əksər dəniz ilanlarının zəhəri quruda yaşayan istənilən ilandan daha çox təhlükəlidir. Onların zəhəri neyrotoksik təsirə malikdir. Zəhərin bu dərəcədə toksik olması ona davamlı olan poykiloterm orqanizmlərlə qidalanmağa uyğunlaşma nəticəsində meydana gəlmişdir.

Dəniz ilanları yüksək toksiki zəhəri ilə qənimətini zəhərləyib, əsasən balıqla, ilk növbədə angvil ilə qidalanır. Yüksək toksiki xassəyə malik zəhər, nisbətən zəhərə dözümlü olan poykiloterm canlılarla qidalanma nəticəsində uyğunlaşma kimi yaranmışdır. 

Əksər dəniz ilanlarının xüsusi səbəb olmadıqda sancmağa meylli olmadıqları qeyd edilir. Onlar həm də qənimətin bədəninə çox az miqdarda zəhər - 0,06-0,12 mq yeridir.

Azərbaycanda yayılan kolubrida fasiləsinin nümayəndələri su hövzələri ilə müxtəlif dərəcədə əlaqəlidirlər. Məsələn, adi suilanı ov etmək üçün sahildən kilometrlərlə aralana bilər. Onların qida rasionu göl və quru qurbağaları, bəzən kərtənkələ və kiçik quş, siçovul və qunduz balası ola bilər. Digər ilanlar kimi suilanları da təhlükə olduqda tutduğu qidanı qaytara bilir. Suilanları özlərinə xələl gətirmədən uzun müddət (bəzən 300 gün) ac qala bilirlər.

Respublika faunasının bəzi növ təlxələri (Coluber və Elaphe cinsindən) gəmiricilər, quşlar və onların yumurtaları, ilan və amfıbilərlə qidalanır. Şikarı iri olduqda təlxələr onu güclü gövdələri ilə yerə sıxıb, boğurlar. Eskulap ilanı (Elaphe longissima), Pallas təlxəsi {E. sauromates) və bir sıra təlxələr gövdə əzələlərinin gücü hesabına, şikarını əzələ halqalar ilə sıxıb öldürürlər.

Bəzi növ suilanlarında qida ixtisaslaşması müşahidə olunur. Məsələn, böyükbaş suilanı (Dipsas cinsi) əsasən ilbizlə qidalanır. Fordonia cinsindən olan növlər yalnız yuvasında gizləndiyi dəniz yengəcləri (krab) ilə qidalanır, itbaş ilanlar (Cerberus cinsi) əldə etdikləri balıqları hətta suyun altında yeyə bilirlər.

Afrika yumurtayeyəninin dişləri xırda və təpəcikli olub, hamar yumurtaları tutub saxlaya bilir. Çənələrin kəllə ilə sıx əlaqəsini, bir-biri ilə hərəkətli birləşmiş 2 sümük təmin edir ki, bu da yumurtayeyənin alt çənəsini kəskin aşağı salmağa və ağzın elastikliyinə xidmət edir. Fəqərələrin iti çıxıntıları yumurtaların qabığını kəsir. Mədənin girişində olan klapan yumurtanın sarısını və ağını mədəyə buraxır, qabığı isə saxlayır. Qida borusunda toplanan qabıqları kütlə halında geri qaytarır. Bəzi dırmaşan təlxələr (Elaphe cinsi) də yumurta ilə həvəslə qidalanırlar, çünki qida borusunun üst divarına yönəlmiş fəqərənin hipapofız adlanan alt çıxıntısı yumurtanın qabığını qırmağa xidmət edir. Qabığın qalıqları isə kloaka ilə xaric olunur. Qeyri-sabit yem bazasına (ilin ayrı-ayrı dövrlərində quş yumurtasına çox nadir hallarda təsadüf olunur) xüsusi uyğunlaşma kimi yumurta yeyən ilanlarda yem bolluğu şəraitində ilan yumurtalarında yağı toplamaq, qıt aylarda isə sərf etmək bacarığı formalaşmışdır.

Qonur ilan (Coronella austriaca) tipik zaurofaq növdür. Əsasən qayalıq kərtənkələləri ilə qidalanır. Körpələrin doğulması payızda qayalıq kərtənkələlərin kütləvi yumurtadan çıxma dövrünə təsadüf etdiyindən, onlar erkən yaşlarından zaurofaq olurlar.

Yalançı suilanları (Boiginae fəsiləsi) yarımfəsiləsinin nümayəndələri zəhər əmələ gətirən vəzlərlə əlaqəli olan xüsusi zəhər ötürücü dişlərə malikdirlər. Bu dişlər ağız boşluğunun dibində yerləşir. Yarımfəsilənin digər - Telescopus cinsindən respublikada yayılan nümayəndəsi dam ilanıdır (Telescopus fallax). O, kərtənkələ və quşlarla qidalanır. Əldə etdiyi qənimətin bədəninə halqalarla dolanaraq onu sıxır. Qənimət onun bədəninə yeridilən zəhərin təsirindən ölür.

Kələz ilan (Malpolon monspessulanus) da öz şikarını bu üsulla məhv edir. Naxçıvanda yayılan ox ilan (Psammophis lineolatum) yalnız kərtənkələlərlə qidalanır. Şikarını gizlənərək güdür və o yaxınlaşdıqda cəld hərəkətlə üzərinə atılıb, əvvəlcə halqalarla ona dolanır, sonra isə zəhərli dişləri ilə dişləyir. Bir neçə saniyədən sonra şikar iflic olur.

Sürünənlərin qidalanması ilə əlaqədar çoxsaylı uyğunlaşmalar sırasında, ən maraqlı və dramatik üsul, şikarını ifraz etdiyi zəhərli sekresiya vasitəsilə öldürməkdir. Zəhər - şəkildəyişmiş tüpürcək vəzlərinin məhsuludur. İlan zəhəri əsasən zülal və fermentlərdən ibarətdir. Bəzi zəhər məhsulları hemorragik təsirə malikdir, yəni bu zəhər qan-damar sisteminə təsir etməklə, qan hüceyrələrinin laxtalanmasına və kapillyarların divarının dağılmasına səbəb olur. Digər ilanların zəhəri sinir sistemini zədələyərək, ürək əzələsinin iflicinə və tənəffüsün dayanmasına səbəb olur. Kobra və ona yaxın ilanların zəhəri bu qəbildəndir.

Təkamül baxımından mürəkkəbliyinə və təkmilləşməsinə görə gürzələrin zəhər dişi aparatı ən ali səviyyəyə çatmışdır. Üst çənə sümüyü zəhər ötürücü köpək dişinə malikdir və köndələn ox ətrafında təxminən 90° dönə bilir. Gürzələrin çənə aparatının maraqlı iş mexanizmi, ona qapalı ağız boşluğunda əhəmiyyətli uzunluğa malik köpək zəhər dişlərini horizontal (uzanmış) vəziyyətdə saxlamağa imkan verir. Dişləməzdən əvvəl zəhər dişləri önə çıxaraq şaquli hal alır.

Gürzələrin zəhəri qənimətə hemolitik təsir göstərir - bədənin müxtəlif orqanlarında daxili qansızma halları, damarlarda trombozlar baş verir. Gürzə dişləməsinin insan orqanizminə təsiri güclü olur, çünki o, bədənə bir dəfəyə 50 mq zəhər yeridir və yalnız kobranın zəhəri toksiki baxımdan gürzəninkindən güclüdür. Zəhərin tərkibində eritrositləri parçalayan, qan damarlarının divarlarını dağıdan və qanı laxtalayan fermentlər vardır.

Gürzənin qida rasionu çox rəngarəng olub yerdən, yaşdan və cinsdən asılı olaraq dəyişir. Yetkin fərdlərin əsas qidasını siçanabənzər gəmiricilər və qurbağa təşkil edir, lakin kiçik quşların yumurtadan kütləvi bala çıxardığı vaxtda onlar yem rasionunu dəyişir.

Cavan gürzələr adətən həşəratla - çəyirtkə, böcək, bəzən isə kəpənəyin tırtılı ilə, qarışqa, ilbiz və yağış qurdu ilə qidalanırlar. Respublikamızda yaşayan çöl gürzəsi ( Vipera ursini renardi) yazda kərtənkələcik və kərtənkələ ilə qidalanır. Yazın sonu gürzələr yemini dəyişir və gəmiricilər və çəyirtkələrlə qidalanır. Yayda isə onların mədəsindən həm çəyirtkə, həm də sərçəkimilərin balaları tapılmışdır. Çuxurbaş ilanlarda (Crotalidae) burun dəlikləri və gözlər arasında çökəklik vardır. Bu cüt çökəkliyin rolu yalnız XX əsrin 30-cu illərində aydınlaşdırılmışdır. Bu - həssas termolakatorlardır. Termolokasiya vasitəsilə onlar gecə və alaqaranlıqda öz qənimətini - kiçik məməli və quşları axtarır. İlan heyvanı dişlədikdən sonra ona uzaqlaşmağa və ölməyə imkan verir, sonra isə yenə termolokasiyanın köməyi ilə qaranlıqda hələ soyumamış cəsədi tapır. Müəyyən edilmişdir ki, çuxurbaşlı ilanın termolokatoru ən cüzi - 0,2°- dən də az temperatur dəyişkənliyini hiss edir. Onların zəhər aparatı ümumi cəhətləri ilə gürzəninkinə bənzəyir.

Bəzi çuxurbaşlılar amfibi, balıq, hətta cəsədlə qidalanmağa uyğunlaşmışlar. Respublikamızda yaşayan qalxansifətin (Gloydius halys caucasicus) dişləməsindən ev heyvanları, xüsusilə atlar tələf olur. İnsan da qalxansifətin dişləməsini ağır keçirir, lakin salamat qalır.

Aspidlər fasiləsinin (Elapidae) nümayəndələri müntəzəm olaraq öz zəhər dişlərini itirir və onların yerinə əvəzedici dişlər çıxır, odur ki, ilanlar öz etibarlı silahı ilə təmin olunur.

Aspidlərin zəhəri müxtəlif təsirə malik bir çox komponentlərdən ibarətdir və müxtəlif növlərdə fərqli olsa da neyrotoksinlər hamısında üstünlük təşkil edir. Dişləmə nəticəsində sinir sistemi zədələndiyindən, ilk növbədə tənəffüs mərkəzi iflic olur və ölüm baş verir.

Avstraliyada yayılan pələng ilan (Notechis scutatus) quru ilanları sırasında ən zəhərlisi hesab olunur. Pələng ilanın dişləməsindən kiçik heyvanlar dərhal ölür. Hesablamışlar ki, iri pələng ilanının zəhər vəzisindəki zəhərin miqdarı 400 insanı öldürməyə bəs edər.

Cənub-Şərqi Asiyada tüpürən hind kobrası (Naja naja sputatrix) yayılmışdır. Bu ilan düşmənə tərəf 2 m məsafədən zəhər sıçrada bilər və o bu üsulu yalnız iri ölçülü düşmənlərinə tətbiq edir. İlan zəhəri birbaşa rəqibinin gözünə tüpürməklə onu təslim edir. Belə üsuldan afrika kobralarından daha 2 növ istifadə edir: qaraboyun (Naja nigricollis) və xaltalı (Hemachatus haemachatus). Hər dəfə hədəfə atılan zəhərin miqdarı 3,7 mq olur. Qıcıqlanmış qaraboyun kobra ardıcıl olaraq 28 dəfə zəhər tüpürməklə 135 mq zəhər işlədə bilər.

Cənubi Afrikada məskunlaşan xaltalı kobra zəhər tüpürmək qabiliyyətinə görə "spuy-slanq" adını almışdır.

Arizona aspidi (Micruroides euryxanthus) müdafiə və hücum üçün istifadə etdiyi zəhərdən başqa, təhlükə zamanı ciyərlərinə hava dolduraraq ritmik halda nəfəsini buraxaraq, tez-tez növbələşən partıldı səsləri çıxarır.

Sürünənlərin həyatında dil mühüm rol oynayır. Timsah və tısbağalarda dil nisbətən sadədir. İlanların şəkildəyişmiş dili 2 əsas funksiyanı həyata keçirir. Əvvəla bu spesifik xemoreseptor orqandır. Ucu haçalanmış dilini cəld hərəkət etdirməklə, ilanlar havada və torpaqda iyli cisimləri tutub, ağız boşluğunda yerləşən Yakobson orqanına yaxınlaşdırır. Digər tərəfdən dil dadbilmə reseptoru rolu oynayır. Dil, həmçinin ilana qənimətin izini tapmağa, qidanın keyfiyyətini dəyərləndirməyə, bəzən isə partnyor axtarışında kömək edir.

Kərtənkələlərin əksəriyyətinin dili haçalanmamış olub, qida tutmaq, dad hiss etmək və nəhayət udmaq üçün istifadə edilir. Bəzi gekkonlar isə şəffaf göz "aynasını" yalamaq üçün dilindən istifadə edirlər.

Timsahlarda qida əldə edilməsi prosesində dişlər güclü silahdır. Adətən timsahlar gecə qidalanırlar. Onlar öhdəsindən gəldiyi hər canlını yeyə bilir, lakin sevimli qidası balıqdır. Timsahların qida rasionu üçün yaş dəyişkənliyi xasdır. Cavan fərdlər müxtəlif onurğasızlarla, yetkinləşən timsahlar isə balıq, amfıbi, sürünənlər və su quşları ilə qidalanırlar. Yaşlı fərdlər iri məməlilərin də öhdəsindən gəlir.

Nil timsahının mədəsindən kərgədan qalıqları tapıldığı məlumdur. Timsahların bir çox növündə kannibalizm - daha iri fərdlər tərəfindən nisbətən öz kiçik fərdlərinin yeyilməsi halları da mövcuddur. Bir çox hallarda timsahlar cəsədlə qidalanır; bəzi növlər isə qənimətin qalıqlarını gizlədir, müəyyən müddətdən sonra yarıçürümüş halda onu yeyir.

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.