Elm və Həyat 2019-02-03

Pəhrizlərlə müalicəvi qidalanma

Pəhrizlərlə müalicəvi qidalanma

E-mail Üzvlüyü

Pəhrizlərlə müalicə (dietoterapiya) insanlara qədimdən məlum olsa da, bu üsulun elmi əsasları və prinsipləri son dövrlərdə qidalanma haqqında elmindietologiyanın tərəqqisi və orqanizmdə gedən maddələr mübadiləsi proseslərinin və onların patoloji dəyişmələri əlaqələrinin dərindən öyrənilməsi və müasir qida texnologiyasının nailiyyətləri sayəsində formalaşmışdır. Müalicəvi qidalanma müalicə və ya profılaktiki məqsədlər üçün xüsusi olaraq tətbiq edilən qidalanma rejimi və rasionlarının tətbiq edilməsi üsuludur. Bu, müalicənin müstəqil metodu olmayıb, dərman və digər vasitələrin köməyi ilə aparılan kompleks müalicənin bir tərəfı sayıla bilər. Pəhrizlə müalicənin əsas istiqamətləri iki mühüm elmi-nəzəri müddəa ilə şərtlənir. Əvvəla, qidalanmanın fıziologiya, biokimya, patofıziologiya və gigiyenası sahəsində əldə edilmiş nailiyyətlər qida maddələrinin patoloji proseslərə təsirinin ümumi qanunauyğunluqlarını dərk etməyə, orqan və sistemlərin üzvi pozğunluqları zamanı qidaların kimyəvi tərkibinin kəmiyyət və keyfıyyət tərəflərinin nisbətini düzgün seçməyə imkan verir. İkincisi, müasir dövrdə dietoloji prinsiplərin inkişafı əhalinin qidalanmasının strukturunda baş verən dəyişiklikləri də nəzərə almadan mümkün deyil. Məlumdur ki, ölkələrin inkişaf səviyyəsindən, qida məhsullarının əldə edilməsi texnologiyalarından,əhalinin müəyyən qidalara ənənəvi və ya məcburi meyllərindən asılı olaraq, qidalanmanın strukturunda əhəmiyyətli dəyişikliklər baş verir. Bir sıra yüksək inkişaf etmiş ölkələrdə əhalinin qidasında heyvan mənşəli qidalar, heyvani yağlar daha çox üstünlük təşkil edir, "kobud" bitki məhsullarına nisbətən az yer verilir. Digər tərəfdən, bir sıra qida maddələri, ilk növbədə karbohidratlar xeyli dərəcədə rafınadlaşmış halda qəbul edilir. Bu kimi hallar əhalinin qidalanma strukturunda xroniki disbalansın yaranmasına, "pozulmuş maddələr mübadiləsi xəstəlikləri”nin (ateroskleroz, diabet, piylənmə, öd və böyrək daşları xəstəliyi və s.) artmasına gətirib çıxartmışdır. Qidalanmanın strukturunda baş verən dəyişikliklərin bəzi xəstəliklərin gedişinə bilavasitə təsir etdiyi haqqında məlumatlar artmaqdadır.

Hal-hazırda qidalanma haqqında elmin (orqanizmin hüceyrə və subhüceyrə səviyyələrində qida maddələrinin mənimsənilməsi və çevrilmələri, onların sintez və yenidənqurma, enerji hasili və məsrəfı kimi proseslərlə əlaqədar) əldə etdiyi müvəffəqiyyətləri düzgün tarazlaşdırılmış qidalanma düsturunun işləyib hazırlanmasına xeyli kömək etmişdir. Tarazlaşdırılmış pəhriz qidalanması, ilk növbədə, məhz orqanizmin hüceyrə, toxuma və orqanları səviyyəsində gedən metabolizmində baş verən və ya baş verə biləcək patoloji dəyişikliklərin düzəlişinə (korreksiyasına) yönəlmişdir. Bununla əlaqədar olaraq, pəhriz iaşəsinin səmərəliliyini qiymətləndirməyin əsas prinsipi metabolik prinsip hesab olunur. Dietologiyanın müasir metodları, pəhrizlə qidalanmanın həm xəstəliyin kliniki təzahürlərinə, həm də metabolik əsaslarına təsirini qiymətləndirməyə imkan verir. Qidalanmanın biokimyası sahəsində tanınmış alim olan A.A.Pokrovski hesab edirdi ki, bir sıra mübadilə xəstəlikləri zamanı orqanizmdə hansı konkret metabolik vəsilənin pozulduğunu və onu hansı pəhriz vasitəsilə aradan qaldırmaq mümkün olduğunu dəqiq aydınlaşdırmaq mümkündür. Məsələn, normadan artıq piylənmə (kökəlmə) zamanı xəstə üçün tipik olan hal, piy toxumasında mübadilənin passivliyi mübadiləsi prosesini səfərbər edən lipaza fermentinin aktivliyinin artması sayəsində aradan qalxa bilər. Belə xəstənin pəhrizi elə qurulmalıdır ki, o yağlara təsir edən fermentlərin fəaliyyətini daha da aktivləşdirsin. Qidanın tərkibində olan əvəzolunmaz yağ turşularının metabolizm əmsalı (onun qiyməti maye-qaz xromoqrafıyası üsulu ilə eritrositlərin stromasının yağ turşu tərkibinə görə təyin edilir) elə bir göstəricidir ki, onun vasitəsilə pəhrizin piylənmə prosesinə təsirinin effektini müəyyən etmək mümkündür. Piylənməyə məruz qalmış xəstələrdə bu əmsalın qiyməti xeyli dəyişilmişdir. Bunun əsasında belə nəticəyə gəlmək olar ki, qidanın tərkibində olan yağ turşularının orqanizmin struktur komponentlərinə metabolizmə olunması prosesləri pozulmuşdur və o, müvafiq pəhriz təsirlərinin köməyi ilə korreksiya edilməlidir. Başqa bir misal, məlumdur ki, əksər patoloji pozuntular zamanı təyin edilən pəhrizlərdə zülali maddələrin fizioloji normaları saxlanılır və onun heyvanat və bitki zülallarının tələb olunan nisbətləri ciddi gözlənilir. Amma orqanizmdə zülal qıtlığı olduğu hallarda pəhriz qidalarında zülalın payı artırılmalıdır. Bu artım elə tarazlaşdırılmalıdır ki, həm zülalların mədəbağırsaq kanalında həzm olunması və əmələ gələn aminturşuların bağırsaqdan sorulması proseslərini, həm də orqanizmdə müsbət azot balansının yaranmasını stimullaşdıra bilsin. Ona görə də qida rasionlarının zülal tərkibinə ciddi fikir verilməlidir. Zülal mübadiləsinin pozulması, qaraciyərin yağ və zülal distrofıyası kimi xəstəliyə, qanın lipo- və qlikoproteid tərkibinin pozulmasına, toxumalarda aminturşu disbalansına səbəb olur və s. Qidanın aminturşu tərkibi də çox vacib şərtlərdən biridir. Belə ki, bir sıra daxili üzvlərin xəstəliklərində aminturşu mübadiləsinin pozulmaması mütləq gözlənilır. Qida vasitəsilə orqanizmə aminturşuların nəzarətsiz daxil olması, onların normal mübadiləsi üçün təhlükə yaradan amilə çevrilə bilər. Sutkalıq qida rasionunda aminturşu tərkibinin qeyri-tarazlığı xüsusilə xroniki böyrək çatışmazlıqları zamanı çox təhlükəlidir. Digər qida komponentlərinin dietik normaları isə xəstəliyin və onun dərman müalicəsinin xarakteri və müddətləri ilə müəyyənləşdirilir. Nəzərdə tutmaq lazımdır ki, pəhrizlə müalicənin təsir sferasının genişlənməsi, onun keyfıyyəti və səmərəliliyi, verilmiş xəstəlik zamanı orqanizmdə baş verən metabolik pozuntular haqqında dəqiq biliklərdən çox asılıdır. Tibbi dietologiya və iaşə sistemində tətbiq olunan pəhrizlə qidalanmanın bu günkıi prinsipləri - qidalanma rasionu və rejiminə, qidanın kulinar emalı üsullarına fərdi yanaşma, qidalanmanın kəmiyyət və keyfıyyət tərəflərinin xəstəlik prosesinin xarakterinə, xəstənin vəziyyətinə uyğunluğu. xəstənin vəziyyəti, onun qidasında müəyyən qida maddələrinin və ya qida məhsullarının istisna və yaxud məhdud edilməsi, zəruri olduqda tarazlaşdırılmış və fızioloji cəhətdən tam dəyərli fərdi qida rasionunun tərtib edilməsi və s. müxitəlif stasionar şəraitlər də mütləq nəzərə alınmalıdır.

Profilaktiki qidalanmanın əsas məqsədi isə bu və ya digər xəstəliklərə, istehsalat və ya peşə zəhərlənmələrinə, iş şəraitində mümkün olan zərəri təsirlərə qarşı orqanizmin müqavimətini artırmaq, onda zərərli maddələrin yığılmasını məhdudlaşdırmaq və ya tezliklə kənar edilməsini sürətləndirməkdən ibarətdir. Bir sıra ölkələrdə, müalicəvi-profılaktiki qidalanma hüququ verən əsas istehsalat sahələri və xəstlik növləri müəyyən edilmişdir.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
3

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Tövsiyə