Texnologiya 2020-04-16

Naqilsiz Rabitə Texnologiyaları Tarixi

Naqilsiz Rabitə Texnologiyaları Tarixi

E-mail Üzvlüyü

İşıq şüalarından naqilsiz rabitədə istifadə olunması çox qədim zamanlara təsadüf edir. Əvvəllər işıq siqnalları güzgülər sisteminin köməyilə “modullanırdı”, Həmin güzgülər sistemi işıq şüasını qoşmağa və söndürməyə imkan verirdi (“amplitud modulyasiyası”). Digər hallarda siqnallarda kodlanmış sözləri ötürmək üçün bayraqlar istifadə olunurdu, işıq siqnalları və bayraqlar donanmada naqilsiz rabitə üçün radiorabitənin kəşfinə qədər istifadə edilirdi. Lakin indinin özündə də hər bir matros bəzi siqnalları, digər naqilsiz rabitə vasitələri nasaz olan zaman bayraqların köməyilə ötürməyi bacarmalıdır.

XVIII əsrin sonunda (1794-cü il) Klod Şape optik teleqrafı kəşf etdi. Bununla da uzaq məsafələrə naqilsiz rabitənin əsası qoyulmuş oldu. Optik teleqraf xətləri XIX əsrin sonlarına qədər istifadə edildi.

İlk kommersiya tipli teleqraf xətti 1843-cü ildə Vaşinqton və Baltimor şəhərləri arasında quraşdırıldı, 1876-cı ildə isə Aleksandr Qrexem Bell telefonu ixtira etdi və satmağa başladı. Onun telefonu patentləşdirməsi, öz əsas rəqibi olan Elişi Qreydən bir neçə saat öncə baş vermişdir. Bu, kifayət qədər təsadüfi olaraq alınmışdır. Məsələ orasındadır ki, A.Q.Bell ingilis dili mütəxəssisi idi və elə maşın icad etmək arzusunda idi ki, həmin maşın insan səsini qrafiki şəkildə göstərə bilsin. Bu layihəni həyata keçirmək üçün ona pul lazım idi və “Vestern Yunion” teleqraf kompaniyasının bir naqillə bir neçə teleqramın göndərilməsi qurğusunun yaradılması barədəki elan etdiyi müsabiqədə iştirak etmək qərarına gəldi. Bu layihə üzərində işləyərkən Bell akustik dalğaların elektromaqnit dalğalarına və əksinə çevrilməsi üsulunu kəşf etdi. Tədqiqatlarının gedişi zamanı fonoqraf da (səsi yazmaq üçün qurğu) kəşf etdi, lakin əsas layihəylə məşğul olduğundan, buna fikir vermədi və sonralar bu hadisəni Edison yenidən kəşf etdi. Bellin dövründə telefon şəbəkəsinin strukturu çox sadə idi. Hər bir abonent birbiri ilə ayrıca rabitə xətti ilə əlaqə yaradırdı. Əgər abonent şəhərdəki bir neçə abonentlə rabitə yaratmaq istəsəydi, onda o bir neçə naqildən istifadə etməli idi. Nəticədə bəzi evlər çoxlu sayda naqillər əhatəsində cəngəlliyi xatırladırdı. Aydın oldu ki, telefon şəbəkəsini bu cür inkişaf etdirmək olmaz. Ona görə də Bell 1878-ci ildə Konnektikut ştatının Nyu-Xeven şəhərində ilk kommutasiya stansiyasını qurur. Abonent, birləşmə yaratmaq üçün induktorun dəstəyini fırladaraq operatoru çağırırdı və ona kiminlə danışmaq istədiyini bildirirdi, operator isə naqillə kommutatordakı müvafiq yuvanı birləşdirirdi. Müəyyən müddətdən sonra müxtəlif şəhərlərdəki abonentlərin əlaqəsini qurmaq tələbatı yarandı və buna görə də müxtəlif şəhərlərin kommutasiya stansiyalarını öz aralarında birləşdirmək (şəhərlərarası rabitə) lazım gəldi. Nəticədə 1890-cı ilə kimi telefon şəbəkəsinin üç əsas komponenti müəyyənləşdi:

- Kommutasiyanın lokal stansiyaları (sonuncu mil stansiyalan);

- Kommutasiyanın şəhərlərarası (beynəlxalq) stansiyaları;

- Rabitə xətləri.

Telefon xidməti 1881-ci ildə Berlində yaradıldı. 1936-cı ildə isə səs və təsvirin Berlin və Leypsiq şəhərləri arasında ötürülməsi təşkil olundu. Optik ötürmənin əsas çatışmayan cəhəti - daşıyıcı işıq siqnalının tezliyinin yüksək olması idi. İstənilən xırda maneə, siqnalı meyl etdirirdi, yəni düz yoldan səpdirirdi, yağış və duman isə rabitənin kəsilməsinə səbəb olurdu. O dövrdə işığı kifayət qədər fokuslamaq, daha doğrusu bir yerə toplaya bilmək məsələsi çətin idi. Ona görə də naqilsiz rabitə üçün elektromaqnit dalğaların kəşfi və onların modulyasiyası üçün avadanlığın işlənib hazırlanması çox vacib idi.

1831-ci ildə Maykl Faradey və onunla təxminən eyni vaxtda Cozef Henri elektromaqnit induksiya qanununu kəşf etdilər. Elektromaqnetizmin nəzəri əsaslarını Ceyms K. Maksvell qoydu və 1864-cü ildə özünün məşhur tənliklərini yazdı. Nəhayət, 1886-cı ildə Henrix Hers təcrübi olaraq Maksvell tənliklərinin doğruluğunu və fəzada elektriki ötürülmənin dalğa təbiətli olmasını sübut etdi. Bundan sonra isə Nikole Tesla elektromaqnit ötürülməsinin uzaqlığını artırmağa nail oldu.

Naqilsiz texnologiyaların nailiyyətləri Qilermo Markoni ilə sıx bağlıdır. 1895-ci ildə o, ilk dəfə olaraq, naqilsiz teleqrafı nümayiş etdirdi - bu məqsədlə çox böyük gücə (200 kVt- dan çox) malik olan uzun dalğalı vericidən istifadə etdi.

İlk transatlantik verilişi 1901-ci ildə həyata keçirildi, 6 il sonra, 1907-ci ildə isə ilk kommersiya transatlantik birləşmələr yaradıldı. Bunun üçün Atlantik okeanın hər iki tərəfində çox iri baza stansiyaları (100 metrli antenalara malik 30 ədəd stansiya) tələb olunurdu. Bu dövrdə radionun idarə olunması üzrə Ümumdünya Konfransı (WARC) oldu və radiotezliklərin istifadəsinin koordinasiyası məsələlərinə baxıldı. Milad musiqisinin səsləndirildiyi ilk radioverilişi 1906-cı ildə Recinald Fessenden tərəfindən həyata keçirildi. 1915-cı ildə ilk dəfə olaraq Nyu-York və San-Fransisko şəhərləri arasında naqilsiz olaraq nitqin ötürülməsi mümkün oldu.

İlk kommersiya radiostansiyası 1920-ci ildə (KDKA, Pittsburq) öz işinə başladı. Burada həm verici, həm də qəbuledicidə nəhəng antenalar verilişin yüksək gücü lazım gəlirdi.

Hər şey Q. Markom tərəfindən 1920-ci ildə qısa dalğaların kəşf olunması ilə kəskin dəyişdi. Naqilsiz rabitə üçün qısa dalğaların aşağıdakı üstünlüyü vacib idi:

- bu dalğalar ionosferdən əks oluna bilirlər, bu xüsusiyyət, qısa radiodalğalarını Yer kürəsinin istənilən nöqtəsinə göndərməyə imkan verir.

Li Di Forestin və Roberttin fon Libenin kəşf etdiyi elektro vakuum cihazları (1906) verici və qəbuledicilərin ölçülərini kiçiltməyə imkan verdi, İlk “mobil” vericilərdən biri dirijablın (hava gəmisi) bortunda yerləşirdi (1911). Nəhayət, 1926-cı ildə ilk telefon qatarda (Berlin-Hamburq qatarında) quraşdırıldı, həm də antena əvəzinə, dəmir yolu boyunca olan elektrik verilişi xətləri istifadə olunurdu. Avtomobillər üçün radioqəbuledicilər 1927-ci ildə satışa çıxarıldı, hələ 1922-ci ildə 18 yaşlı Corc Frost (Çikaqo) “Ford T” markalı avtomobilə radio quraşdıra bilmişdi.

1928-ci il teleyayım erasının başlanğıcı oldu. Con Berd rəngli televiziyanı kəşf etdi və telesiqnalın Atlantikadan ötürülməsini həyata keçirdi. WGY stansiyası (Nyu - York) müntəzəm teleyayımlara və teleyeniliklərin transiyasıyasına başladı, ilk telekurslara 1932-ci ildə CBS stansiyasında başlanıldı. Bu müddətə qədər naqilsiz kommunikasiyaların hamısı amplitud modulyasiyası istifadə edirdi. Bu zaman müxtəlif cür maneələrin olması, qəbul olunan siqnalın keyfiyyətim pisləşdirirdi.

Bu sahədə irəliləyişə 1933-cü ildə Edvin Armstronqom tərəfindən tezlik modulyasiyasının kəşfi ilə nail olundu. Onun kəşf etdiyi hər iki sxem, indinin özündə də radioyayımda tətbiq olunur.

XX əsrin 30-cu illərində çoxlu radiostansiya mövcud idi. İkinci dünya müharibəsindən sonra naqilsiz rabitə sahəsində bir çox milli və Beynəlxalq layihələr dayandırıldı. İlk alman şəbəkəsi olan ANetz (1958) analoq idi və 160 MHs tezliyini istifadə edirdi. Birləşmələrin yaradılması, yalnız mobil stansiyadan olurdu, Baza stansiyanın dəyişdirilməsi əlçatmaz idi.

1971-ci ildə bu sistem Almaniyada ərazinin 80%-ni əhatə edirdi və 11000 istifadəçisi var idi. 1972-ci ildə Almaniyada B-Netz şəbəkəsi yaradıldı, bu şəbəkə də 160 MHs-də işləyirdi. Bu şəbəkənin yeni xüsusiyyəti ondan ibarət idi ki, stasionar telefon şəbəkəsindəki stansiyadan birləşmə yaratmaq olurdu. Bunun üçün mobil qəbuledicinin yerini bilmək lazım gəlirdi. Verici və qəbuledicinin çəkiləri ağır idi və adətən avtomobillərdə quraşdırılırdı.

Bu sistem Avstriya, Hollandiya və Lüksemburqa da yayılmışdı və 1979-cu ildə 13000 abonenti var idi. Həmin müddətdə Şimali Avropa ölkələri olan Danimarka, Finlandiya, Norveç və İsveçrədə (müasir mobil rabitənin beşikləri sayılırlar) Skandinav mobil telefon sistemi (NMT) yaradıldı. NMTnin analoq şəbəkəsi 450 MHs tezliyində işləyirdi. 1986-cı ildə bu şəbəkənin 900 MHs tezliyində işləyən variantı da tətbiq tapdı. Bu dövrdə daha bir neçə milli standartlar da işlənib hazırlandı. Təxminən həmin dövrdə ABŞ-da BELL tərəfindən AMPS (Advanced Mobile Phone Service) analoq sistemi yaradılmışdı və 850 MHs-də işləyirdi (EİA, 1989). 1985-ci ildə İngiltərədə TACS (Total Access Communications System) standartı tətbiq olunmağa başladı. 1G (1-ci nəsil) əsasında qurulan rabitənin keyfiyyəti yetərli deyildi, mürəkkəb coğrafi ərazilərdə rabitə yaratmaq, praktiki olaraq mümkün olmurdu. 1982-ci ildə Avropa İttifaqının ümumi prinsiplərinə uyğun olaraq, qərara alındı ki, ümumavropa mobil telefon standartı yaradılsın. Yeni sistem 900 MHs tezliyində işləməli və bütün Avropada rouminq təmin etməli idi. Bu sistemin rəqəmli olması da qərara alınmışdı və “Groupe Spesiale Mobile” (GSM) qrupu yaradılmışdı. Bu tədqiqat qrupu tərəfindən təxminən 10 il ərzində araşdırma aparılaraq, GSM adlanan rəqəmli mobil rabitə standartı hazırlandı ki, bu cür adlandırılma məhz qrupun adından götürülmüşdür.

GSM standartı əsasında ilk şəbəkə 1992-ci ildə Almaniyada qurulmuşdur. Bu standartı dəstəkləyən ilk telefon aparatı “Benefon” şirkəti tərəfindən 1992-ci ildə hazırlanmışdır. 1990-cı ildə ABŞ-da D-AMPS adlanan digər bir rəqəmli mobil rabitə standartı yaradıldı. 1991-ci ildə Böyük Britaniyada DSC-1800 (Digital Cellular System) adlanan yeni rəqəmli standart əsasında mobil rabitə sistemi fəaliyyətə başladı. 1990-cı illərin əvvəllərindən CDMA (Code Division Multiple Access) standartı yaradılmışdır və 1993-cü ildə ABŞ-da bu sistem əsasında ilk şəbəkə qurulmuşdur. Bu standartın ilkin versiyaları GSM-dən keyfiyyət və daha az şiüalandırma baxımından üstün hesab olunurdu. Bu tip rəqəmli standartlar şərti olaraq 2G (2-ci nəsil) adlandırılmağa başlanıldı.

2001 -ci ildə isə ilk 3G (3-cü nəsil) mobil şəbəkə qurulmuşdur.  “TeliaSonera” şirkəti dünyada ilk dəfə olaraq 2009-cu ildə 4G (4-cü nəsil) mobil rabitə xidmətlərini abonentlərin istifadəsinə verib. Bu xidmətdən ilk olaraq Stokholm və Oslo şəhərlərinin abonentləri yararlanmışdır. Genişzolaqlı mobil qoşulmadan istifadə edilməsi bu ölkələrdə sürətlə inkişaf edir və abonentlər getdikcə daha yüksək sürət və ötürmə imkanına ehtiyac duyurlar. Qeyd etmək lazımdır ki, 4G (4-cü nəsil) ən sürətli mobil rabitə texnologiyası olmaqla, hazırda sürətli hesab olunan 3G texnologiyasından 10 dəfəyə qədər sürətlidir. Bu yeni texnologiyanın əlavə imkanları abonentlərin yüksək sürətli və iri həcmli məlumat ötürülməsini tələb edən veb-konfrans, onlayn oyunlar və ya veb-TV kimi internet üzərindən göstərilən xidmətlərdən faydalanmanı asanlaşdıracaqdır. “TeliaSonera”mn iki şəhər üzrə 4G şəbəkəsi Stokholm və Oslonun mərkəzi hissələrini əhatə edir və mobil məlumat ötürmək üçün istifadə olunur.

2019-cu ildə isə 5G - 5-ci nəsil mobil şəbəkə qurulmuşdur. 2020-2025-ci illərdə 5G texnologiyasından geniş istifadə olunacağı proqnozlaşdırılmışdır. Hazırda bir çox ölkələr bu texnologiyanı sınaqdan keçirir. Proqnozlara görə, 2025-ci ilədək Çində 5G istifadəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq. Ancaq son zamanlar dünyada yayılmaqda olan Covid-19 pandemiyası 5G texnologiyasının tətbiqində də problemlər yaradacağı göz önündədir. Dünyanın bir çox ölkəsində virusun yayılma səbəblərindən biri kimi də 5G texnologiyasını günahlandıran insanlar vardır. 

Bax: Nanotexnologiya Koronavirusa qarşı


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

Nanotexnologiya Koronavirusa qarşı

Müəllif: Arif Nəbizadə

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov

Gündəlik Su Tələbatı

Müəllif: Xəyal Hüseynov

Elektrik Enerjisi İstehsal Edən Köynək

Müəllif: Arif Nəbizadə

Neftin Tərkibi

Müəllif: Xəyal Hüseynov

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Tövsiyə