Nanozərrəciklərin antibakteriyal xassələri

Nanozərrəciklərin antibakteriyal xassələri

Bir çox nanozərrəciklər antibakterial xassələrə malikdirlər. Bunlara misal olaraq gümüşü və qızılı misal göstərmək olar. Gümüş ionları tərəfindən bakteriya və mikroorqanizmlərin neytrallaşması hələ qədimdən insanlara məlumdur. Müəyyən edilmişdir ki, gümüş ionları digər maddələrlə müqayisədə bakteriya və mikroblarla daha effektiv mübarizə aparır. Qədimdə isə bizim nənələrimiz su və yeməli məhsulları yalnız gümüş qablarda saxlayırdılar ki, bu da məhsulun bakteriyadan xarab olmasının qarşısını alırdı. Uzaq yola gedən səyahətçilər süd və süd məhsullarını da gümüş qablarda aparırdılar.

II Dünya müharibəsində döyüş meydanlarında dərman preparatlarının çatışmadığı hallarda, bizim peşəkar həkimlərimiz müxtəlif yaraların sağalmasında gümüşdən məharətlə istifadə etmişlər. Hətta gümüş suyu ilə sümük vərəmi nəticəsində dəridə yaranan və dərman preparatları ilə əksər hallarda sağalmayan xoraları da sağaltmaq mümkün olmuşdu.

Ən maraqlı tədqiqat işləri 19-cu əsrin sonunda fransız həkimi Benye Kredo tərəfindən aparılmışdır. O, gümüş ionları ilə sepsisin müalicəsində yaxşı nəticələr əldə etdiyini söyləmişdi. Bundan başqa, müəyyən olunub ki, keçən 2 əsr öncə insanların kütləvi ölümünə səbəb olan bir çox bakteriyalar da, məsələn, difteriya çöpləri gümüşün təsiri ilə 3 gün ərzində, stafilakok 2 gün ərzində, tif isə 1 gün ərzində ölür. Elə həmin dövrdə isveç botaniki Karl Hegel isə gümüş ionları ilə 650 növ bakteriyaların məhv olduğunu sübut etmişdi. Müqayisə üçün ixtiyari bir antibiotiki göstərmək olar ki, onların təsiretmə spektri 5-10 növ bakteriyanı əhatə edir. Ən maraqlı fakt ondan ibarətdir ki, antibiotiklər ilə orqanizmə vacib olan xeyirli bakteriyalar öldüyü halda, gümüş ionları həmin bakteriyalara təsir etmir, o yalnız zərərli bakteriyaları məhv edir.

Daha bir maraqlı fakt ondan ibarətdir ki, gümüşlə daha çox təmasda olan zərgərlərin dərisinin rəngi “zaqar” rəngində olur ki, bunu da tibbdə arqiriya adlandırırlar. Bu insanların müayinəsi isə onlarda heç bir xəstəliyin olmadığını, və həmin insanların digərləri ilə müqayisədə, bir çox virus və bakterioloji xəstəliklərə qarşı müqavimətlərinin güclü olduğu aşkar olunmuşdu. Sübut olunmuşdur ki, yüksək konsentrasiyada dizenteriya bakteriyaları olan suya 1 mq/l miqdarında gümüş salındıqda, artıq 1-2 saatdan sonra həmin su steril olur.

İndi isə qızıl nanozərrəciklərindən bəhs edək. Ilk növbədə onu qeyd edək ki, qızıl da gümüş kimi antibakterial, antiseptik xassələrə malik olmasına baxmayaraq, onun təsir mexanizmi gümüş ilə müqayisədə bir qədər zəifdir. Belə ki,əgər difteriya çöpləri gümüş plastinka üzərində 3 gün ərzində məhv olursa, qızıl plastinkası üzərində 6 gün ərzində məhv olur. Eyni ilə stafilakok da gümüşdə 2 gün ərzində, qızılda isə 9 gün ərzində məhv olur.

Qızılın da qiymətli xassələri qədim insanlara məlum idi. Hətta bir-biri ilə düşmən qəbilələr barışıq elan etdikdə, əks tərəfə qızıl qabda yemək göndərirdi və qarşı tərəf bilirdi ki, əgər yemək qızıl qaba qoyulubsa, deməli o zəhərli deyil. Çünki qızıl və zəhər bir araya sığmayan anlayışlardır, çünki zəhər qızıl qabda neytrallaşır.

Hesab edilir ki, hipertonik xəstələr, oynaq xəstələri, ürək xəstələri, depressiyada olan insnlar, allergik xəstəliklərdə və s. qızıl taxsalar müsbət effekt əldə edə bilərlər. Yəni orta yaşlı insanların qızıl taxmaları vacibdir. Uşaqlara gəldikdə isə, buna individual yanaşmaq lazımdır: zəif uşaqlar əlavə enerji mənbəyi sayılan qızıldan istifadə edə bilərlər. Cavan yaş dövrünü əhatə edən insanların isə qızıldan istifadə etmələri vacib deyil, çünki bu yaş dövründə olan gənclərə əlavə enerji lazım olmur, onlar elə öz enerjilərindən düzgün istifadə etsələr, bu onlara bəs olar. Lakin onu da qeyd etmək lazımdır ki, həddindən çox qızıl taxan insanların orqanizmlərində pis fəsadlar yarana bilər. Çünki, qızıl birləşmələri qara ciyərdə, böyrəklərdə, dalaqda, hipotalamusda toplanaraq bir sıra üzvi xəstəliklərə səbəb ola bilər.

Müasir tibbdə qızıldan bəd xassəli şişlərin diaqnostikasında və müalicəsində geniş istifadə olunur. Məsələn, hal-hazırda kimyaterapiyada nanoqızılın kolloid məhlulundan istifadə edilir. Ən son yeni üsulda isə mikroskopik nano-kapsullar şiş toxumasına yeridilərək, ona infraqırmızı şüalarla təsir edilir, və bununla da, həmin şiş hüceyrələrini məhv edilir. Maraqlısı odur ki, şiş hüceyrələri yanında olan sağlam hüceyrələr isə təsirsiz qalır.

Plastik əməliyyatlarda da qızıldan cavanlaşdırıcı element kimi istifadə edilir: qızılın bir neçə mikron tərtibli nazik sapları xüsusi ötürücülər vasitəsilə dəri altına yeridilir. Bir neçə gündən sonra həmin saplar ətrafında elastik kollagen toxuması formalaşır ki, bu da öz növbəsində cavan dərinin yaranması üçün karkas - özül rolunu oynayır.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə