Biologiya 2019-06-26

Mitoxondrilər

Mitoxondrilər

E-mail Üzvlüyü

Hər bir hüceyrənin daimi orqanoidlərindən biri də mitoxondrilərdir. Onlar 1890-ci ildə alman alimi R.Altman tərəfindən kəşf edildi. Maraqlıdır ki, Altman mitoxondriləri hüceyrəyə parazitlik etmək məqsədi ilə daxil olan və sonradan sinbiotik olan bakteriya hesab edirdi(mitoxondrilərin yaranmasının simbiotik nəzəriyyəsi ilə hal-hazırda da bir çox tədqiqatçılar razılaşırlar). Mitoxondrilərin forma və ölçüləri çox müxtəlif olur. Onlar işıq mikroskopunda yumru, oval, çubuq şəkilli, sap şəkilli və ya şaxələnmiş formada görünürlər. Mitoxondrilər nəinki müxtəlif hüceyrələr də müxtəlif olur, hətta hüceyrənin funksional fəallığından asılı olaraq onun formaları dəyişə bilər. Eləcə də hüceyrəyə müxtəlif amillərlə təsir etdikdə məs: mühitin PH-ı, osmotik təzyiqi, temperaturu dəyişdikdə mitoxondrinin bir forması digər formasına keçə bilir. Bəzən eyni hüceyrədə mitoxondrinin tutduğu mövqedən asılı olaraq onun forması müxtəlif olur. Məsələn, bağırsağın epiteli hüceyrələrində mitoxondri nüvənin üstündə və nüvə ətrafında olanda çubuq şəklində, hüceyrənin bazal hissəsində olanda isə dənə şəklində olur: Məsələn, yumru mitoxondrilərin diametri 0,2-1 mk, çubuq şəklində mitoxondrilərdə 7 mk-a qədər, sap şəkilli mitoxondrilərdə isə 15-20 mk olurlar. Mitoxondrilərin miqdarı da hüceyrədə müxtəlif olur. Bəzi həşəratların yetkin sperma hüceyrələrində 5- 7, siçanın qaraciyər hüceyrələrində 2500-ə qədər olur. Ən çox mitoxondri (300,000) oosit hüceyrələrində nəhəng amyöbada (500.000)-ə qədər olur. Mitoxondrinin miqdarı hüceyrənin funksional fəallığından asılı olaraq dəyişir. Məlum olmuşdur ki, uçan quşların döş qəfəslərindəki hüceyrələrində mitoxondrilərin miqdarı, uçmayan quşların həmin hüceyrələrindəki mitoxondrilərin miqdarından qat-qat artıqdır. Ontogenezin müxtəlif mərhələlərindən asılı olaraq mitoxondrilərin miqdarının da dəyişməsi də məlumdur. Məsələn:mitoxondrilər cavan rüşeyim hüceyrələrində qocalara nisbətən çox olur. Mitoxondrilərin mövqeyi müxtəlif hüceyrələrdə dəyişkən olur. Əksər hüceyrələrdə onlar sitoplazmada bərabər paylanırlar. Məs: sinir, epiteli hüceyrələrində ibtidailərin hüceyrələrində və s. Stekretorre hüceyrələrində isə mitoxondrilər bilavasitə sekret ifraz olan sahədə toplanırlar.

Balıqların qəlsəmə epiteli hüceyrələrində qan damarlarının divarları ətrafında, xaricə doğru yönəlmiş hüceyrələrdə mitoxondri daha çox toplanır. Daha doğrusu onlar oksigenin hüceyrələrdə daha çox daxil olduğu yerlərdə toplanırlar. Ürək əzələsi hüceyrələrində, cinsi hüceyrələrdə mitoxondrilər nüvəni əhatə edirlər.

Canlı hüceyrələrdə mitoxondrilər,hərəkət edirlər, yerlərini dəyişirlər, bəzən bir-biri ilə birləşərək hüceyrənin bir nahiyyəsindən digərinə keçirlər. Bağırsaqdakı entoamyöbada mitoxondri olmur. Çünki, onlar anaerob şəraitdə yaşayırlar.

Kimyəvi cəhətdən mitoxondrilər çox mürəkkəbdirlər. Onun tərkibində zülallar (60-70), yağlar (25-30), DNT, RNT, fosfolipidlər, vitaminlərdən A, B-12, B-6, K, E və s. vardır. Mtoxondrinin tərkibində enerji mübadiləsində iştirak edən fermentlərdən suksinatdehidroginaza, sitoxromoksidaza, fumoratdehidrokinaza, malatdehidrokinaza və s. vardır. Eləcə də Krebs tsiklinə daxil olan fermentlərin hamısı mitoxondrilərdə tapılmışdır. Elektron mikroskopu ilə mitoxondrilərin ultrastrukturları öyrənilmişdir. Elektron mikroskopunda olan ikiqat membranla örtülü olması görünür:

1. Xarici membran və 2. Daxili membran.

Xarici membran onu matriksdən ayırır. Onun qalınlığı 7 nm olub, sitoplazmanın hər bir membran strukturu ilə əlaqədə olmur. Mtoxondrilərin daxili maddəsi homogen olub, matriks adlanır.

Daxili membranla xarici membran arasında 10-20 nm sahə var. Daxili membran mitoxondri matriksi içərisinə doğru qatlanmış olur və çoxlu qırışlar təşkil edir.Daxili və xarici membran üzərində fermentlər sistemi müəyyən ardıcıllıqla və qanunauyğun surətdə düzülmüşlər. Matriks içərisində ribosomlar, DNT və RNT olan genetik sistem aşkar edilməsi onların mitoxondrilərin öz zülalının sintezində iştirak etməsini göstərir. Lakin hüceyrədə zülal sistemi əsasən ribosomlarda gedir. Həmçinin mitoxondri matriksində bəzən yağ turşularının (məs: fosfotidilxolin) və digər maddələrin sintez olunması da müəyyən edilmişdir. Mitoxondrinin əsas vəzifəsi ATF-in sintezidir. Üzvi maddələrin parçalanmasında yaranan enerji hesabına ADF fosforlaşır və ATF əmələ gəlir. Müxtəlif karbohidratları, paçalayan fermentlər, yağ turşuları, amin turşuları bu prosesdə iştirak edərək enerji ayrılmasına səbəb olur ki, həmin enerji hüceyrə tərəfindən istifadə edilməyərək mitoxondrində ATF-nin yaranmasına sərf olunur. Enerjinin ayrılması mitoxondrilərdə xarici və daxili membran üzərində elementar hissəciklərdə gedir. Bu hissəciklər bir neçə funksiyanı idarə edirlər:

1. Oksidləşmə reaksiyalarını aparırlar.

2. Elektronları ATF sintezində iştirak edən birləşmələr zənciri üzrə oksigenə daşıyırlar.

3. ATF-dən enerji alan sintez reaksiyalarını katalizə edirlər.

Elementar hissəciklər onların iştirak etdiyi proseslərdəki ardıcıllığa müvafiq olaraq mitoxondri membranlarında çox qanunauyğun surətdə yerləşirlər. Beləliklə hüceyrənin əsas enerjisi mitoxondrilərdə sintez olunaraq sonradan hüceyrənin müxtəlif həyat fəaliyyəti proseslərində istifadə edilir.

Deyilənləri ümumiləşdirərək mitoxondrilərin aşağıdakı funksiyalarını qeyd etmək olar:

1. Hüceyrəni ATF şəklində enerji ilə təmin edir.

2. Steroid hormonlarının sintezində iştirak edirlər (bu hormonların sintezinin bəzi mərhələləri mitoxondrilərdə gedir).

3. Kalsiumun saxlanılmasında mühüm rol oynayırlar.

4. Nuklein turşularının sintezində iştirak edirlər.

Mitoxondri yarım-avtonom orqanelladır. O özünün genetik sisteminə malikdir. Onun zülal sintezi etmək üçün lazım olan bütün komponentləri, mitoxondrial DNT, müxtəlif RNT-lər, ribosomlar və transkripsiya və translyasiya prosesində iştirak edən müxtəlif fermentlər və zülal faktorlara vardır. Mitoxondrilərin zülal sintezi maşınının işləmə prinsipi, o cümlədən transkripsiya və translyasiya və genetik informasiyanın replikasiyası bakterial sistemlərə bənzəyir. Mitoxondrial DNT 40-a qədər genə malik olur. Məsələn, insanın mitoxondrial DNT-si 37 genə malikdir, onlardan 13-ü zülal kodlaşdıran m-RNT genləri, 22-i t-RNT genləri və iki r-RNT (23S və 16S rRNT) genləridir. Mitoxondrial DNT bakterial DNT kimi qapalı həlqəvi quruluşa malikdir. Mitoxondrilərdə adətən mürəkkəb mitoxondrial zülalların bəzi subvahidləri kodlaşdırılır və sintez olunur.

Bəzi hallarda mitoxondri DNT-sində baş verən mutasiyalar nəticəsində mitoxondrial xəstəlik adlanan patoloji hallar yaranır ki, bunlar geniş və ağır simptomatika ilə müşaiət olunur.

Mənbə: Ümumi Sitologiya(F.Əmirova, M. Hüseynov)

Bax:

Sitologiya


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
2

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti