Tarix 2018-11-05

Konyak istehsalının tarixi

 Konyak istehsalının tarixi

E-mail Üzvlüyü

Konyak tünd spirtli içki olub, üzüm şərablarının distilləsindən alınmış konyak spirtini saxlayıb yetişdirməklə hazırlanır. Konyakla üzüm arağını eyniləşdirmək olmaz. Çünki, üzüm arağı üzümçülük qalıqlarından (cecə, maya və s.) hazırlanır. Digər tərəfdən konyak özünün qızılı-kəhrəba rənginə, xoşagələn ətrinə və s. görə üzüm arağından fərqlənir. Konyakın tündlüyü 40-57 h.% arasında dəyişir.

Konyak ilk dəfə, təqribən 300 il bundan əvvəl Fransanın Saranta vilayətinin Konyak şəhərində istehsal olunmağa başlanmışdır. Bu bir növ təsadüfi olmuşdur. Fransa Sarant çayı vasitəsilə İngiltərə və Skandinaviya ölkələri ilə ticarət əlaqəsi saxlayırdı. Lakin gəmidə çəlləklərlə şərabın daşınması çətin və baha başa gəlirdi. Digər tərəfdən zərif şaranta süfrə şərabları yolda və ticarətçilərin zirzəmilərində tez xarab olub, sıradan çıxırdı. Buna görə də şərabların qaynadılıb distillə edilməsi məsələsi ortaya çıxmış oldu. Distillə olunmuş material palıd çəlləklərdə müəyyən müddət qaldıqdan sonra yaxşı keyfiyyət qazanmış və tezliklə satılmışdır. Sonralar daha az yer tutması üçün materialda ikinci distillə aparıldı. Lakin üzüm spirtinin palıd çəlləklərdə sistemli yetişdirilməsi hələ aparılmırdı. 1701-ci ildə Fransa ilə İngiltərə arasında başlanan müharibə 13 il davam etdi. Müharibə nəticəsində Fransadan bütün dəniz yolları bağlanmış oldu. Ona görə də konyak istehsalçı və tacirləri distillə olunmuş üzüm spirtinin çox hissəsini palıd çəlləklərdə saxlamalı oldular. Nəticədə onlar müəyyən etdilər ki, uzun müddətli saxlanma (13 il) dövründə məhsul möcüzəli buket və dad qazanır. Alınan içki tezliklə özünə alıcılar tapdı və çoxlu miqdarda spirt bazarda satılmaq üçün palıd çəlləklərdə yetişdirilməyə başlandı. Bununla da Konyak şəhərinin bu içkisi həddindən ziyadə məşhurlaşdı və istehsal olunduğu yerin adı ilə də adlandırılmağa başlandı.

Sonralar Şarantada alınan konyaklar böyük dünya şöhrəti qazandı. Qeyd etmək kifayətdir ki, hazırda burada istehsal olunan konyakın 80%-i ixrac olunur. Konyak üçün əsas üzüm sortları Ağ fol və Kolambardır. Emal zamanı 10%-ə qədər Semilyon və Sovinyon sortlarından istifadə etməyə icazə verilir.

Üzüm adətən, oktyabrda yığılıb, distilləyə 1 dekabrdan başlanır. Şərab distilləyə tam durulmamış, çöküntü ilə verilir. Xam spirt alındıqda, şərab materialı mayalarla birlikdə istifadə olunur. Bu üsul fransız konyakları alınmasının ən başlıca fərdi cəhətlərindən biri olub, onlarda enant efirinin yüksək miqdarı ilə səciyyələnir. Distillə prosesi fasiləli işləyən bir kublu şaranta aparatlarında həyata keçirilir. Şərab kuba (qazana) doldurulur. Distillədən sonra xam spirt alınır. Bu əməliyyat 3 dəfə təkrar olunur. Alınan üç partiya assamblyaj olunur və qarışıq distilləyə verilib, üç-baş, orta və qalıq fraksiyalar alınır. Orta fraksiya (poqon) yetişdirilməyə verilir. Konyak spirti həcmi 200 litr olan palıd çəlləklərdə, yerüstü binalarda yetişdirilir.

Hazırda konyak, Fransa, MDB, Bolqarıstan, Keçmiş Yuqoslaviya, İspaniya, İtaliya, ABŞ və başqa ölkələrdə istehsal olunur. Ayrı-ayrı ölkələrdə bu müxtəlif adda buraxıla bilir. Məsələn, armanyak, brendi, vaynbrendi, vinyak və s. Rusiyada üzüm arağı ən əvvəl XVIII əsrin sonunda Kizlyarda istehsal olunmağa başlanmışdır. Lakin bu araq yetişdirilmirdi. XIX əsrin sonunda üzüm arağı istehsalı Moldova, Odessa vilayəti, Krım və həmçinin Zaqafqaziyada geniş yayılmışdı. Lakin konyak istehsalı, müəyyən distillə və yetişdirmə texnologiyasına riayət etməklə keçən əsrin ikinci yarısında Gürcüstan, Azərbaycan, Moldava, Ukraynada təşkil olunmuşdur.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
3

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti