Biologiya 2019-01-24

İrsiyyətin Sitologiyası

İrsiyyətin Sitologiyası

E-mail Üzvlüyü

Dahi rus fizioloqları İ.P.Pavlov və İ.M.Seçenovun təliminə görə insan və heyvan orqanizmi vahid bioloji sistem olmaqla xarici mühit amilləri ilə qırılmaz dialektik vəhdət və əlaqənin hesabına həyat fəaliyyətini dayanıqlı surətdə davam etdirir. Bu əlaqə sinir və humoral yolla (hormonlar, neyrosekretlər, metabolizm məhsulları, vitaminlər, mediatorlar, makro və mikroelementlər) həmin sistemlər tərəfindən təmin olunur. Xarici mühit amillərindən əsasən atmosfer havası və qidalar (yemlər), eləcə də su mənbələri, torpaq ehtiyatları, ərazinin ekoloji durumu orqanizmə təsir edir. Həmin amillərin təsirindən orqanizmidə gedən fizioloji və biokimyəvi proseslərin (metabolizm, hərəki, sekretor, hormonal, fermentativ, neyro-humoral və s.) baş verməsinə baxmayaraq orqanizm həmin təsirə uyğunlaşır-adaptasiya olunur. Hüceyrələrdə, orqanlarda, toxumalarda, ümumilikdə isə bütün orqanizmdə baş verən proseslərin hamısı mərkəzi sinir sisteminin tamamilə nəzarəti altında icra olunur və sinir-humoral yolla tənzimlənir. Xarici mühitdən daxil olan adekvat (orqanizmin uyğunlaşdığı və ona mənfi təsir göstərməyən) və qeyri- adekvat (orqanizmə güclü neqativ təsir göstərən və fizioloji proseslərin normal ahəngini pozan) qıcıq amilləri analizatorların (dəri, görmə, eşitmə, dad, qoxu bilmə, vestibulyar) reseptorları tərəfindən qəbul edilərək afferent (mərkəzəqaçan-hissi) sinirlərlə mərkəzi sinir sisteminə ötürülür, orada ona qarşı analiz və sintez hazırlanır və efferent  (mərkəzdən qaçan-hərəki) sinirlərlə icraçı-işçi orqana göndərilərək müvafiq cavab reaksiyası yaranır. Analizator termini ilk dəfə İ.M.Seçenov tərəfindən elmə daxil olmaqla funksional cəhətdən bir-biri ilə qırılmaz surətdə bağlı olan və 3 əsas hissədən-periferik, keçirici (aralıq, nəqledici) və mərkəzi (baş, onurğa beyni və qabıq maddədən)-ibarət olan mürəkkəb quruluşlu xüsusi sistemdir. Periferik hissə qıcıqları qəbul edən eksteroreseptorlar (xarici), interoreseptorlar (daxili) və proprioreseptorlardan (skelet əzələləri, bağlar, vətərlər və oynaqların reseptorları) ibarət olmaqla təkamül prosesi zamanı onlar həmin qıcıqlandırıcı amillərə adaptasiya olunur. Aralıq (keçirici hissə) periferik hissədən qəbul edilən impulsları əvvəlcə mərkəzi sinir sisteminə, oradan isə müvafiq işçi orqanlara ötürür. Mərkəzi hissə baş və onurğa beyin hüceyrələrindən ibarət olub, reseptorlardan daxil olan impulsları analiz və sintez edərək müvafiq cavab reaksiyası hazırlayır, beyin qabığında isə sinir oyanmaları yeni keyfiyyət kəsb edərək hiss etmə prosesini təmin edir. Bu proseslərin hamısı genetik müstəvi çərçivəsində baş verir və genlərin nəzarəti altında idarə olunur və tənzimlənir. Mərkəzi sinir sisteminin bütün şöbələrinin, o cümlədən onun ali şöbəsi sayılan baş-beyinin böyük yarımkürələrinin fəaliyyətinin əsasını refleks təşkil edir. Refleks-(latınca-reflexus-əks olunan, geriyə qayıdan) orqanizmin reseptorların qıcıqlanmasına qarşı mərkəzi sinir sisteminin iştirakı ilə verdiyi mürəkkəb, cəld və təcili cavab reaksiyası olub, elmə ilk dəfə fransız alimi Rene Dekart tərəfindən daxil edilib. Fiziologiya elminə refleks təlimini XVIII-əsrdə İ.Praxanski və P.Uenzer daxil etmişdir, sonralar isə İ.M. Seçenov, İ.P.Pavlov, Ç.Şerrinqton, İ.Beritov və R.Anoxin tərəfindən daha ətraflı və geniş tərzdə öyrənilmişdir. İ.P.Pavlov bütün refleksləri 2 əsas qrupa– şərtsiz (anadangəlmə, genetik, nəsildən nəsilə verilən) və şərti (həyatda qazanılan) növlərə bölmüşdür. Şərtsiz refleksə uşağın, yaxud körpə heyvanların doğulan kimi anasını əmməsi, heyvanlararın hərəkət etməyə (ayağa durmağa meyl göstərməsi, inək və qoyunların yalamaqla balasını qurutması, körpə heyvanların mələməsi və s.), şərti refleksə isə müəyyən şərtlərə qarşı (tanış olan yemləri gördükdə ağız suyu və mədə şirəsinin ifrazı və s.) aiddir. Bioloji əhəmiyyətinə görə reflekslərin qida (həzm), tənəffüs, müdafiə, cinsiyyət, səs, orientasiya, lokomator, poznotonik və s. növləri vardır. Mərkəzi sinir sisteminin şöbələrinin refleksdə iştirak etməsindən asılı olaraq onun spinal (onurğa beyin neyronları iştirak edir), bulbar (uzunsov beyin iştirak edir), mezensefal (orta beyin iştirak edir), diensefal (aralıq beyni iştirak edir) və kortikal (böyük beyin yarımkürələrinin iştrakı ilə gedir) növləri ayırd edilir. Reseptorların (sinir uclarının) yerləşmə yerinə görə isə reflekslər ekstroreseptiv və interorezeptiv növlərə bölünür. Reflekslərin hamısının maddi əsasını refleks qövsü (refleksin keçdiyi yolafferent, aralıq və efferent neyronlar) təşkil edir. İmpulsların refleks qövsündən keçməsi üçün sərf olunan vaxt (qıcığın verilməsindən-təsir göstərməsindən cavab reaksiyasının əmələ gəlməsinə qədər olan dövr) refleks vaxtı (latent dövr) adlanır və ən sadə reflekslər zamanı 0,001-0,003 saniyə təşkil edir. Refleks vaxtı qıcıqlanmanın gücündən və mərkəzi sinir sisteminin funksional vəziyyətindən asılıdır. Qüvvətli qıcıqlanma zamanı refleks vaxtı qısa, yorğunluq zamanı uzun olur, sinir mərkəzlərinin oyanmasının artması zamanı isə qısalır. Qıcıqlanma (qıcıq amillərinin reseptorlara təsiri) və oyanma (qıcığın təsir göstərdiyi yerdə əmələ gələrək sinir lifləri ilə yayılma prosesi) sinir lifləri vasitəsi ilə həyata keçirilir. Sinir liflərinin əsas xassələrinə oyanma, lingimə, labillik, oyanmanın sinirlərdə nəql olunması, sinir oyanmasının polyarlıq qanunu (impulsun sinir lifinin hansı hissəsində əmələ gəlməsi və hansı istiqamətdə nəql edildməsi), parabioz (müxtəlif amillərin təsirindən sinir lifinin funksional qabiliyyətinin itməsi və əlverişli Ģəraitdə onun bərpa olunması) və s. aiddir.

Qeyd olunanların məntiqi nəticəsi ondan ibarətdir ki, sinir sisteminin ali orqanizmlərin bioloji varlıq kimi mövcud olmasında, onun genetik statusunun sabitliyinin təmin edilməsində, bütün fizioloji və biokimyəvi proseslərin icrasında və tənzimlənməsində, nəslin davam etməsində, populyasiyanın dayanıqlı inkişafında rolu əvəzolunmazdır və ən aparıcı prioritetdir. Sinir sisteminin funksional fəaliyyəti isə onun maddi əsasını təşkil edən neyronlarınsinir hüceyrələrinin nüvəsində yerləşən xromosom dəstləri və onlara məxsus olan quruluş, məlumat-informasiya, nəqliyyat, operator-funksional və nəzarətçi genlərin daimi nəzarəti altında olur, bütün prosesləri onlar stimullaşdırır və tənzimləyir, son nəticədə isə ali orqanizmlər materiyanın canlı varlığı kimi formalaşır və dinamik həyat fəaliyyətini davam etdirir, öz nəslini saxlayır və populyasiyasını inkişaf etdirir. Beləliklə, orqanizmin canlı varlıq kimi mövcud olması, onun genetik statusunun təmin edilməsi, daxili mühitinin təmin olunması üçün olduqca geniş areallı zəmin yaranır.

Orqanizm – onu cansız materiyadan əsaslı surətdə fərqləndirən həyati vacib proseslərin (maddələr mübadiləsi-metabolizm, böyümə, çoxalma, inkişaf, sinir sistemi vasitəsilə qıcıqlanmaya cavab vermə, hərəkət etmə, özünə məxsus davranış qabiliyyəti və s.) məcmuundan ibarət mürəkkəb sistem olub, hüceyrə, toxuma, orqan və üzvlər sistemindən təşkil olunan canlı bir varlıqdır. Onun tək və çoxhüceyrəli növləri vardır. Sonuncuların ən xarakterik və fərqləndirici xüsusiyyəti homeostaza və homeokinezə malik olmasıdır.

Homeostaz – orqanizmin genetik və daxili mühitinin-fiziki-kimyəvi sabitliyinin-konstantının (reaksiyası-pH, qanın və limfa mayesinin tərkibi, osmotik və arterial təzyiqi, bədən temperaturu, su-duz mübadiləsi, turşu-qələvi müvazinəti, zülal, karbohidrat, yağ, duzlar və ion tərkibi-elektrolitlərin – Na, K, Ca, Mq, P, Cl miqdarı və s.) nisbətən saxlanması, tənzim olunması prosesindən ibarətdir. Əgər homeostazın genetik sabitliyi mövcud olmasaydı, onda insan və ali çoxhüceyrəli heyvanların yaşaması və həyat fəaliyyəti qeyri-mümkün olardı. Bu termin biologiya elminə ilk dəfə Amerika filosofu və riyaziyyatçısı İ.Kennon tərəfindən daxil edilib. Heyvanlar arasında ən təkmilləşmiş və formalaşmış homeostaz məməlilərə və quşlara məxsusdur. Orqanizmdə müxtəlif maddələrin nisbətən sabit saxlanması əsasən qan, limfa, haram ilik mayesi-likvor və bağırsaq şirəsində-ximusda və s. maye mühitdə təmin olunub. Homeostazın pozulması neyro-humoral yolla tənzimlənir və bərpa olunur. Məsələn, homoyoterm (mühitdən asılı olmayaraq sabit temperatura malik olan) heyvanların hüceyrələri yalnız homeostazın sabit olduğu şəraitdə öz normal funksiyalarını dayanıqlı və dinamik surətdə davam etdirir. Həmin hüdudun astanasınınsərhəddinin pozulması orqanizmin həyat fəaliyyətinin dəyişilməsi, hətta məhv olması ilə nəticələnir. Homeostaz həzm traktı və tənəffüs sistemində, qan və limfa dövranında, qaraciyərdə, sümük iliyində baş verən proseslərin hesabına təmin edilir. Belə ki, daxili mühitə həzm sistemindən zülallar, karbohidratlar, yağlar, su, duzlar və vitaminlər, ağciyərlərdən O2, qaraciyərdən onun özündə sintez olunan bəzi maddələr (öd turşuları və s.), cinsiyyət vəzilərindən hormonlar, sümük iliyindən qanın formalı elementləri, ürəkdən mediatorlar (asetilxolin, yaxud noradrenalin-simpatin), böyrəklərdən isə renin fermenti daxil olur. Daxili mühitdən isə böyrəklər vasitəsilə su, ammonyak, sidik cövhəri və turşusu, müxtəlif qeyri-üzvi maddələr, həzm traktı ilə-duzlar, sidik cövhəri və digər aralıq məhsulları, ağciyərlərlə CO2 və s. qazlar ekskresiya-xiric edilir. Bu olduqca mürəkkəb proseslər daimi və fasiləsiz olaraq davam edir və orqanizmin homeostazı təmin olunur. Homeostazın təmin edilməsində ən başlıca funksiyanı hüceyrə mübadiləsi yerinə yetirir. Daxili mühitə maddələr yalnız hüceyrə membranı ilə daxil olur, mübadilə məhsulları-metabolitlər isə hüceyrədən çıxaraq hüceyrəarası mayedə hər hansı bir maddənin çatışmaması, yaxud artıq olması hüceyrələrin funksiyasını ya gücləndirir, ya da tormozlayır. Məsələn, daxili mühitdə zülallar çatışmadıqda hüceyrələrdə onların sintezi güclənir, artıq olduqda isə-əksinə proses baş verir. Hüceyrəarası mayedə zülalların artıq olması hüceyrənin ribonukleaza fermentini fəallaşdırır və həmin ferment RNT-yə təsir etdiyi üçün o, zülal sintezində iştrakını dərhal dayandırır. Daxili mühitin daimi sabitliyi neyro-humoral yolla tənzimlənir.

Homeokinez– orqanizmin dəyişilmiş xarici mühit şəraitində həyat fəaliyyətini davam etdirməsi üçün olduqca vacib və həyati əhəmiyyətli funksiyaların-enerjinin ayrılması, lokomator fəallıq (hərəkətetmə)– daimi saxlanmasından ibarət olub, bəzən homeostazın dəyişildiyi, yaxud ondan asılı olmayan şəraitdə baş verir. Orqanizmin homeostazının və homeokinezin dayanıqlı davamiyyəti və saxlanması üçün ən vacib şərtlərdən biri maddələr mübadiləsidir.

Maddələr mübadiləsi (metabolizm) – xarici ətraf mühitdən orqanizmə müxtəlif maddələrin daxil olması və əmələ gələn parçalanma aralıq məhsullarının orqanizmdən xaric edilməsindən ibarət olmaqla, bu zaman yaranan potensial enerji ayrılaraq kimyəvi, mexaniki, istilik və elektrik enerjisinə çevrilir. Həmin sərbəst enerji növləri orqanizmdə əzələ işinin həyata keçirilməsi, genetik sabitliyin, bədən temperaturunun daimi dinamik saxlanması, hüceyrənin quruluş və funksiyalarının, onun böyümə və inkişafının təmin olunması üçün istifadə olunur. Metabolizm iki bir-biri ilə həm dialektik vəhdətdə olan, həm də əks istiqamətdə gedən prosesdən-assimilyasiya-anabolizm və dissimilyasiya-katabolizm ibarətdir.

Anabolizm – xarici mühitdən orqanizmə daxil olan ən bəsit maddələrin hüceyrələr tərəfindən mənimsənilməsi və onlardan daha mürəkkəb birləşmələrin hasil olunmasıdır. 

Katabolizm – hüceyrələrdə sintez olunan mürəkkəb maddələrin son məhsullara qədər parçalanması, çevrilməsi, mübadilənin son məhsullarının isə onlardan ifrazat orqanları vasitəsilə xaric olunmasıdır. Metabolizm bütün sonrakı proseslərin-böyümə, inkişaf, çoxalma, qidalanma, tənəffüs, həyat fəaliyyəti məhsullarının xaric edilməsi, hərəkət, xarici mühitin dəyişilməsinə verilən müvafiq cavab reaksiyası-həyata keçirilməsi üçün əsaslı zəmin yaradır. Bu proseslər zamanı yaranan aralıq və son məhsullar hüceyrə tərəfindən istifadə olunmayaraq böyrəklər, mədə-bağırsaq sisteminin selikli qişası, ağız suyu, mədəaltı və digər vəzilərin sekretləri, dəri və tənəffüs orqanları vasitəsilə hüceyrələrdən xaric olunur. Tənəffüs zamanı karbon qazı, tərlə isə– su, sidik cövhəri və mineral duzlar orqanizmdən ixrac edilir. Lakin hücyrədən aralıq və son metabolizm məhsullarının ixrac olunması, yəni ifrazat funksiyası başlıca olaraq, böyrəklərin vasitəsilə həyata keçirilir. Bu proseslər böyrəyin əsas aparıcı funksional vahidləri sayılan nefronların vasitəsi ilə icra olunur. Qaramalın bir böyrəyində 4, qoyunda-1, donuzda isə-1,5 milyon nefron vardır. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, həm insan, həm də heyvan və quşların orqanizmində baş verən bütün fizioloji, biokimyəvi və digər həyat üçün vacib olan proseslərin hamısı məhz hüceyrələrdə baş verir və onlar ən aparıcı, mərkəzi funksional vahid sayılır. Buna görə də hüceyrənin quruluşuna və funksional fəaliyyətinə daha önəmli yer verilməsi, geniş və ətraflı şərh olunması daha məqsədəuyğundur. İrsiyyətin sitoloji əsasları da məhz hüceyrə və onun komponentləri, xüsusilə nüvə ilə əlaqədardır.

Dünyanın məşhur bioloq, morfoloq, sitoloq, histoloq, genetik və fizioloqları elmi cəhətdən bir araya gələrək birmənalı surətdə hazırda hüceyrənin tərifinin aşağıdakı kimi şərh olunmasını daha məqsədəuyğun hesab edirlər.

Orqanizmlərin metabolizm-maddələr mübadiləsi proseslərini (anabolizmassimilyasifa və katobolizm-dissimilyasiya) icra edən, xaricdən sitoplazmatik membranla əhatə olunan, çoxalma, dəyişkənlik, irsiyyət və qıcıqlanmaya cavab reaksiyası vermə xüsusiyyətlərinə və mürəkkəb quruluşa malik olan, yalnız mikroskopla müşahidə olunan bioloji vahid hüceyrə adlanır.

Bütün canlı orqanizmlər milyardlarla hüceyrələrdən təşkil olunmaqla, onların hamısı öz başlanğıcını ata-erkək cinsiyyət hüceyərsi (spermatozoidin) ana-dişi cinsiyyət hüceyrəsi (yumurta hüceyrəsi) ilə qarşılıqlı assimilyasiyasından, mayalanmasından başlayır. Bu iki hüceyrənin mayalanmasından ziqota əmələ gəlir və embrional (bətndaxili, ana bətni) dövr başlayır. Embrional dövr ana bətnində embrionun inkişafı və doğuma qədər olan mərhələdir. Cinsiyyət hücerələri meyoz, ziqota isə mitoz bölünmə yolu ilə davam edir. Embrional dövr postembrional (bətndən xarici) dövrlə əvəz olunur və bu mərhələlərdə ilk günlərdən başlayaraq postnatal (doğumdan sonrakı) dövr ayrı-ayrı orqanların, toxumaların böyüməsi, mürəkkəbləşməsi, formalaşması, inkişafı ilə səciyyələnir və bu dəyişikliklər müəyyən qanunauyğunluqlar üzrə baş verir. Böyümə və inkişaf qarşılıqlı vəhdətdə olmasına baxmayvaraq bir-birindən fərqli proseslərdir. Böyümə-hüceyrə və toxumaların sayının çoxalması, onların ölçülərinin həcmcə böyüməsi, yəni kəmiyyət dəyişkənliklərindən ibarətdir.

İnkişaf isə keyfiyyət dəyişkənliklərindən, hüceyrə və toxumaların fizioloji funksiyalarının mürəkkəbləşməsi, differensiallaşması və təkmilləşməsindən ibarət olan prosesdir. Orqanizm inkişaf etdikcə mürəkkəb qruluş kəsb edir, müxtəlif funksiyaları yerinə yetirən toxuma və orqanlar formalaşır. Orqanizmin müxtəlif funksiyaları yerinə yetirən, qan damarları və sinirlə təchiz olunan, toxumalardan təşkil edilən hissəsi orqan adlanır. Morfoloji və funksional cəhətdən oxşar olan müxtəlif orqanların məcmusu orqanlar sistemi, quruluşu, funksiyası və inkişaf dərəcəsi ilə bir-birindən fərqlənən ayrı-ayrı orqanların, yaxud orqanlar sisteminin məcmusu isə aparat adlanır. Quşlar, qurbağalar və eukariotların bəzi növlərində fərdlər bir cinsiyyət hüceyrəsindən inkişaf edir (partenogenez). Hüceyrələrin nəsli informasiyası maddi əsaslara malik olmaqla sitogenetika (hüceyrə, onun quruluşu, ayrı-ayrı hissələrinin funksiyasından bəhs edən sitologiya və genetikanın birləşməsi haqqında) elmi tərəfindən öyrənilir. Sitogenetika hüceyrələrin irsi quruluşunun miqdar (kəmiyyət) və keyfiyyətcə dəyişilməsindən bəhs edən elmdir. Sitogenetik müayinələrin aparılması üçün hər şeydən əvvəl bioloji və təsərrüfat xüsusiyyətlərinə görə bir-birindən fərqlənən heyvan hüceyrələrinin quruluşu, çoxalma və bölünmə yolları və genetik quruluşu ətraflı öyrənilməlidir.

Canlı materiya – üzvi aləm uzun müddət 2 əsas qrupa (bitkilər və heyvanlar) bölünürdü. Hazırda isə alimlər bir araya gələrək üzvi aləmi 4 çarlığa bölürlər: prokariotlar (nüvəsiz hüceyrələr-göy və yaşıl yosunlar), viruslar (həyatın yüksək molekulyar və genetik səviyyəyə malik olan qeyri-hüceyrəvi forması), eukariotlar, yaxud birhüceyrəli orqanizmlər (mikroorqanizmlər, protozoalar və göbölöklər) və çoxhüceyrəli orqanizmlər (ali bitkilər və heyvanlar). İlk orqanizmlər hüceyrə quruluşunda olmayan canlılardan yaranan birhüceyrəli orqanizmlər-eukariotlar olmuşdur. Sadə canlılar içərisində ilkin (3,5 miliyard il əvvəl) canlılar yaşıl qamçılılar və amöblər hesab edilirdi. Tədricən həyat şəraitinə uyğunlaşan bu bəsit orqanizmlər canlılara (bitki və heyvanlara) başlanğıc verir və inkişaf edir. Hər iki ibtidai orqanizmdən divergensiya (aralanma, haçalanma) yolu ilə digər canlılar yaranır, inkişaf edir.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
2

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
3

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti

Bizi İzləyin