Həyat fəaliyyəti proseslərinin sinir və humoral tənzimi

Həyat fəaliyyəti proseslərinin sinir və humoral tənzimi

İnsan orqanizmində həyat fəaliyyəti prosesləri əsasən üç səviyyəli tənzimləmə mexanizmləri vasitəsilə idarə olunur. Ən aşağı səviyyəli tənzimləmə genetik, fermentativ və metabolik tənzimlənmədir ki, bu da hüceyrələrdə baş verir. Hüceyrə daxili tənzimləmədə zülallann sintezinin, funksional fəallığının və parçalanmasının tənzimi başlıca rəl oynayır. Zülalların sintezi irsi informasiya daşıyıcıları olan dezoksiribonuklein turşuları (DNT), ribonuklein turşuları (RNT) kimi yüksək molekullu birləşmələrin və bu prosesdə iştirak edən xüsusi fermentlərin (biokatalizatorlar) fəaliyyəti ilə tənzimlənilir. Hüceyrədə elə bir mühüm mübadilə (metabolik) proses və ya hadisə, elə bir funksiya yoxdur ki, orada zülallar iştirak etməsin. Onlar hüceyrənin quruluşunun formalaşmasında (struktur zülalları), metabolizmin idarə olunmasında (ferment zülalları), xüsusi funksiyaların həyata keçməsində (spesifik zülallar), müdafiə xassələrində (immun zülalları), həssaslığında (reseptor zülallar) və həyat fəaliyyəti təzahürlərində fəal iştirak edirlər. Hüceyrələrdə şəkərlərin, yağların, amin turşuların mübadiləsi, oksidləşmə bərpa prosesləri, enerji hasili, maddələrin transmembran nəqliyyatı kimi mürəkkəb metabolizm hadisələri ferment zülallarının tənzimləyicisi təsiri altındadır.

Ayrı-ayrı növ hüceyrələrdə metabolizmin idarə olunmasının mexanizmi və xüsusiyyətləri az-çox fərqlənə bilər. Bu onların funksional vəzifələri ilə əlaqədardır. Sinir hüceyrələrində idarə və tənzim prosesləri daha çox onlarda oyanıcıqlıq və oyanmaların nəqli, oyanma siqnallarının hifz olunması və yenidən fəaliyyətə salınması (hafızə prosesləri), sinir liflərinin böyümə və inkişafı, onların arasında sinaptik əlaqələrin qurulması, neyromediatorların sintezi, azad olunması, parçalanması və resintezi kimi hadisələrin nizamlanmasına xidmət edirlər.

Hüceyrə daxili həyatın tənzimlənməsində hüceyrələrin tənəffusünün və qidalanmasının tənzimi mühüm yer tutur. Hüceyrənin tənəffüsü prosesi onun çoxsaylı və iri orqanoidlərindən olan mitoxondrilərdə həyata keçir. Hüceyrə tənəffüsü orqanizmdə bioloji enerjinin əsas mənbəyidir. Mitoxondrilərdə hasil olan adenozintrifosfat (ATF), quanizintrifosfat (QTF) kimi makroerqik fosfat birləşmələri, xüsusilə ATF universal bioloji (biokimyəvi) enerji mənbələri funksiyasını yerinə yetirirlər. Hüceyrədə elə bir mühüm proses yoxdur ki, onun həyata keçməsinə enerji (ATF və ya QTF) sərf olunmasın. Sinir hüceyrələrində (neyronlar) oyanmalann əmələ gəlməsi və nəqli prosesləri, əzələ liflərində yığılma hadisələri çoxlu enerji sərfı ilə müşayiət olunur. Hüceyrələrin funksional fəallığı hüceyrədaxili qidalanma tipi ilə sıx surətdə əlaqədardır. Hər bir hüceyrə onu əhatə edən toxuma mayesi mühitindən mütəmadi olaraq su, mineral duzlar, oksigen, qida maddələri və digər üzvi və qeyri-üzvi birləşmələri mənimsəyir. Bunlar onun böyümə və inkişafı, həyat fəaliyyəti, çoxalması və spesifık funksiyası üçün zəruri olan kimyəvi komponentlərdir. Orqanizm uzun müddət qida qəbul etmədikdə, onun daxili qida ehtiyatları tükəndikdə, hüceyrəyə qida maddələrinin daxil olması prosesləri zəiflədikdə və ya tam kəsildikdə hüceyrə metabolizminin tənzimlənməsi mexanizmləri elə təhsis (korreksiya) olunur ki, hüceyrədaxili mühitin (sitoplazma) nisbi sabitliyi (homeostatik vəziyyəti) kəskin şəkildə dəyişilməsin.

Bu halda hüceyrənin qidalanması onun daxili üzvi tərkib hissələrinin, hətta zülal, digər makromolekulyar birləşmələrin, subhüceyrə strukturlarının (orqanoidlər və s.) deqradasiya və hidrolizi nəticəsində əmələ gələn qida əhəmiyyətli metabolitləri hesabına həyata keçir. Bu prosesdə hüceyrədəki lizosomların hidrolitik (parçalayıcı) fermentlərinin aktivliyi mühüm rol oynayır. Lizosomal fermentlər hüceyrələrdə endogen qidalanmanı tənzimləyən əsas amillərdən biri sayılır.

Hüceyrənin funksiyalarının və daxili metabolizminin tənzimlənməsində onun səth membranı (sitoplazmatik membran) mühüm rol oynayır. Bu yarımkeçirici qat hüceyrə daxilinə və hüceyrədən onu əhatə edən mühitə müəyyən maddələrin seçici (selektiv) keçiriciliyinə malikdir. Bəzi hüceyrələr üçün (məs: sinir və əzələ hüceyrələri) membrandan içəri və xaricə yüklü ionların (Na+ , K+ , Ca+, Cl və s.) ikitərəfli axını xüsusi əhəmiyyət kəsb edir. Xarici membranda fıksə olunmuş ion nasosları bu prosesi tənzimləyir. Membranda olan reseptor maddələr hormonların hüceyrə təsirini içəri ötürməklə hüceyrədaxili proseslərinin nizamlanmasında mühüm rol oynayırlar. Burada bir mexanizm ondan ibarətdir ki, hormon molekulu reseptor molekulası ilə birləşir, reseptor bu təsiri tsiklik adenozinmonofosfat (T-AMF) vasitəsilə hüceyrədə kinaza ferment sistemlərini aktivləşdirir, axırıncılar isə hüceyrədaxili metabolizmə, hətta membranın özündə gedən mübadilə proseslərinə fəal təsir göstərirlər. Hüceyrə həyatının tənzimlənməsində hormonlar vasitəsilə olan humoral kimyəvi tənzimləmə və sinir təsirləri vasitəsilə həyata keçən tənzimləmə xüsusi əhəmiyyət kəsb edir və ümumi xarakter daşıyır. Bu mexanizmlər toxuma, orqanlar və orqanizm səviyyəsində tənzimlənmənin əsasını təşkil edirlər. Hər iki tənzimləmə vahid bir mexanizm-neyrohumoral tənzim mexanizmi kimi fəaliyyət göstərir. Bu ona görə vahid və ya sıx əlaqədə işləyən mexanizm hesab olunur ki, müxtəlif endokrin vəzilərin ifraz etdiyi hormonlar sinir toxumasına və onun fəaliyyətinə müxtəlif səviyyələrdə təsir edir, mərkəzi sinir sistemi isə öz növbəsində endokrin orqanlarının fəaliyyətini tənzimləyir.

Humoral və ya kimyəvi tənzimləmə sinir tənziminə nisbətən qədim və ontogenezdə daha əvvəl fəallaşan nizamlayıcı mexanizmdir. Bədənin daxili mayeləri (qan, limfa, hüceyrələrarası maye və ya toxuma mayesi, beyindaxili maye, sitoplazma) onun maye mühitini təşkil edir. İnsan bədənində 5-6 lt qan, 20 litr toxuma mayesi var. Bu mühitin kimyəvi tərkibinin və funksional rolunun saxlanılması neyro-endokrin sisteminin ümdə funksiyalarından biri sayılır. Qanda və digər mayelərdə şəkərin, mineral duzların, suyun, sərbəst amin turşuların, oksigen və CO2 qazının, eləcə də başqa maddələrin nisbi sabit səviyyələrinin mühafızə edilməsi homeostatik tənzimlənmənin əsas vəzifələrindən birisidir. Bu prosesdə daxili sekresiya vəzilərindən qana keçən və toxumanın özündə yerli təsir göstərən hormonların rolu böyükdür. Böyrəküstü vəzilərin qabıq maddəsinin ifraz etdiyi aldesteron, dezosikortikosteron kimi hormonlar hüceyrə və toxumalarda su-duz mübadiləsini dəqiq tənzimləyirlər. Bu prosesdə böyrəklərin toxumasında əmələ gələn renin və anqiotenzin hormonları da o mənada rol oynayırlar ki, onlar böyrəklərdə qandan su, mineral duzlar və sidik məhsullarının azad olunması (fıltrasiya) proseslərini tənzimləyirlər. Mədəaltı vəzin langerhans adacıqlarının hasil etdiyi insulin və qlyukoqon hormonları, qanda şəkərin fızioloji norma səviyyəsini tənzimləyir, insulin qandakı normadan artıq qlükozanın qaraciyərdə, əzələdə və digər orqanlarda ehtiyat şəkər maddəsi-qlikogen halında yığılmasını, o biri hormon isə qlikogenin təzədən qlükozaya çevrilməsi reaksiyalarını tənzimləyir.

Hormonların ümumi və xüsusi təsirləri ayırd edilməlidir. Bəzi hormonlar ümumi mübadilə proseslərinə təsir etməklə orqanizmin böyümə və inkişafını, onun reaktivliyi, müdafıə və adaptiv qabiliyyətini tənzimləyirlər (boy hornmonu, tiroksin, adrenalin, hidrokortizon və s.). Digərlərinin spesifık təsirləri hədəf-orqanlar, hədəfhüceyrələr səviyyəsində baş verir (cinsiyyət hormonları, hipofızin trop hormonları və s.). Hipofızin adrenokortikotron hormonu (AKTH) böyrəküstü vəzin qabıq maddəsinə, folikulstimuləedici hormonu (FSH) cinsiyyət vəzilərinə tənzimləyici təsir edir və ilaxır. Hormonların təsiri sinir siqnallarının təsirlərinə nisbətən yavaş, çox hallarda dəqiq ünvanlanmamış, uzunmüddətli və geniş əhatəli təsir kimi xarakterizə edilir. Qanda və digər daxili mayelərdə hormonların miqdarı cüzi olsa da, bu səviyyənin qorunub saxlanması homeostazın vacib şərtlərindən biridir.

Orqanizmin daxili və xarici mühitində baş verən fıziki, kimyəvi, mexaniki və fızioloji dəyişikliklər bədəndə səpələnmiş və sinir sistemi ilə sıx bağlı olan reseptorlar tərəfındən qəbul edilib mərkəzi sinir sisteminə ötürülürlər. Mərkəzi sinir sistemi, onun ayrı-ayrı yarımsistemləri - vegetativ, somatik, simpatik və parasimpatik sistemləri, yüksək ixtisaslaşmış funksional mərkəzləri reseptorların hissi siqnalları əsasında icraedici orqanların (əzələ, vəz və s.) cari funksional vəziyyətlərini daim tənzimləyirlər. Sinir təsirləri, hormonal təsirlər kimi proses və funksiyaları aktivləşdirir və ya ləngidə bilir. Bir çox hüceyrələr bilavasitə sinir təsirlərinə məruz qalmırlar. Məsələn, qanda oksigen daşıyan leykositlər sinir siqnallarını bilavasitə ala bilməz. Bəzi hüceyrələr (məs: əzələ lifləri) hissi və hərəki sinir lifləri ilə bilavasitə bağlıdır və birbaşa sinir təsirləri altında fəaliyyətə gəlirlər. Eyni bir orqana sinir təsiri əks ola bilər. Simpatik və parasimpatik sinir təsirləri eyni orqan üçün antaqonist xarakter daşıyırlar. Birincilər ürəyə stimuləedici təsir göstərirsə, ikincilər ləngidici təsir göstərirlər. Mədə-bağırsaq sistemində simpatik təsirlər ləngidici, parasimpatik təsirlər isə stimuləedici effektə malikdirlər. Somatik sinir sistemi əsasən əzələ fəaliyyətini, dəri funksiyalarını və xarici duyğu üzvlərinin aktivliyini tənzimləyirlər. Vegetativ sinir sistemi daxili üzvlərin, o cümlədən tənəffüs, ürək-qan-damar, həzm, ifrazat, endokrin sistemlərinin fəaliyyətinin tənzimlənməsində başlıca rol oynayır.

Bax: İnsan Fiziologiyası

Mənbə: Qurbanov N.H., Xəlilova Ü.İ., Qurbanova A.A. Qida fiziologiyası

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə