DNT haqqında qısa məlumat

DNT haqqında qısa məlumat

Məlumdur ki, fildən fil, zürafədən zürafə, itdən it doğulur. Bu qanunauyğunluq bütün canlı növləri üçün doğrudur. Bunun səbəbi  DNT adlanan mürəkkəb bir molekulda gizlidir. DNT nuklein turşularından biridir. Nuklein turşuları canlı orqanizmdə müxtəlif funksiyalar yerinə yetirən əhəmiyyətli kimyəvi birləşmələrdir. Bu birləşmələr ilk dəfə hüceyrənin nüvəsində tapıldığı üçün bu cür adlandırılmışdır (lat. “nukleus”-nüvə). Lakin sonralar onların mitoxondri, plastidlər kimi orqanoidlərdə də olması məlum olmuşdur. Ümumilikdə isə hüceyrədə iki tip nuklein turşuları olur: dezoksiribonuklein (DNT) və ribonuklein (RNT) turşuları. Bu birləşmələr hüceyrənin irsi xüsusiyyətlərinin saxlanılmasında və ötürülməsində iştirak edir. 

İlk dəfə 1800-cü illərin sonlarında isveçrəli biokimyaçı Fredrich Miescher DNT-ni kəşf etdi. Yalnız 1 əsr sonra - 1953-cü ildə DNT molekulunun fiziki quruluşu kəşf edildi. Bu kəşf Fransis Krik,Ceyms Uatson,Mauris Uilkinsə  1962-ci ildə Fiziologiya və Tibb üzrə Nobel mükafatı qazandırdı.

DNT spiral halında burularaq bir-birinə sarılmış ,antiparalel yerləşmiş uyğun hissələrinin bir-birinə birləşmiş, bükülmüş nərdivanı xatırladan 2 mürəkkəb (polinukleotid) zəncirdən ibarətdir. Ancaq bu o qədər sadə deyil. DNT nin hər bir zənciri bir polimerdir. Bu polimerin monomerləri isə nukleotidlərdir. Hər bir nukleotid azot əsası, karbohidrat və fosfor turşusu qalığından ibarət olan kimyəvi birləşmədir. Polinukleotid zəncirlərinin strukturları 3 səviyyədə müəyyən edilir. Zəncirlərdə mononukleotidlərin yerləşmə ardıcıllığı onların birincili strukturu adlanır. İkincili struktur dedikdə  nuklein turşusu molekulunu təşkil edən mononukleotidlərin üçölçülü fəzada tutduğu mövqe (fəza konfiqurasiyası) nəzərdə tutulur. İkispirallı molekulun burularaq mürəkkəb fəza strukturu əldə etməsi sayəsində isə DNT-nin üçüncülü strukturu formalaşır.

Zəncirlər azot əsasları, karbohidrat (dezoksiriboza monosaxaridi) və fosfat turşusu olan qlikozidlərin bir-biri ilə əlaqə yaratmaları nəticəsində formalaşırlar. Bu rabitələr əsas və ya nukleotid cütlüyü də adlanır.

DNT spiralının bir burumunda orta hesabla 10,2 əsas cütlüyü yerləşir. 2 qonşu cütlüklər arasındakı məsafə 0,34 nm-ə, 1 burumun uzunluğu isə 3,4 nm-ə bərabər olur. DNT molekulunun diametri isə 2 nm-dir. DNT molekulunun nüvə daxilində yerləşməsini təmin edən xüsusi zülallar iki qrupa bölünür: Histon və qeyri-histon zülallar. DNT molekulları ilə həmin zülalların birləşməsindən yaranan fibrilyar kompleks isə xromatin adlanır. Xromatin strukturları DNT molekullarının qısaldılmasında iştirak edir. Bunu nukleaza fermentinin təsiri meydana çıxan strukturların tədqiqi (rentgenstruktur və s.) zamanı müşahidə etmək olar.

Aparılan tədqiqatlar nəticəsində 2 nm diametri olan “sapın” DNT molekulunun özü, 10 nm-li muncuğun isə DNT molekulunun histon zülalları ilə birləşməsindən əmələ gələn xromatosom olduğu müəyyən edilmişdir .

DNT bir orqanizmin inkişafı, yaşaması, çoxalması üçün lazım olan təlimatları əhatə edir. Saydığımız bu funksiyaları yerinə yetirmək üçün DNT ardıcıllığı bədənimizdəki işlərin çoxunu görən mürəkkəb birləşmələr olan zülalları istehsal etmək (sintez) üçün uyğun mesajlara (təlimatlara) çevrilməlidir.Zülal sintez etmək üçün təlimatların olduğu hər bir DNT ardıcıllığı bir gen sayılır. Genin ölçüsü isə müxtəlif ola bilər. Genlər sadəcə DNT ardıcıllığının yüzdə birini təşkil edir, qalan hissələr isə zülalların nə zaman, necə, hansı miqdarda  istehsal edildiyini tənzimləyir.

Bütün bu məlumatlardan çıxan nəticədən DNT-nin canlı orqanizmdə necə əhəmiyyətli bir birləşmə olduğu görünür. Genimiz kimliyimizin göstəricisidir. Tək bir hücəyrənin xromosomlarındakı sekansları ( ardıcıllığı) oxuyaraq bir şəxsin genetik məlumatları haqqında hərşeyi öyrənə bilərik. 

Mənbə:

https://ghr.nlm.nih.gov/primer/basics/dna

https://www.genome.gov/25520880/

http://rezonanss.com/dnt-nədir/

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə