Biologiya 2018-04-27

Biokimya

Biokimya

E-mail Üzvlüyü

Müasir biokimya və ya başqa sözlə, həyat fəaliyyətinin kimyəvi əsasları elmi bir müstəqil elm sahəsi kimi XIX əsrin axırı, XX əsrin əvvəllərində xaricdə yaranmışdır. Konkret olaraq, 1903-cü ildə K.Neyberq biokimya terminini elmə daxil etmişdir. Qeyd edilən vaxtdan əvvəl biokimyaya dair məsələlər üzvi kimya və fiziologiyaya aid edilirdi. Tarixən uzun dövrü əhatə edən əlkimya biokimyaya dair heç bir konkret məsələləri həll etməmişdir. Yalnız XVI-XVII əsrlərdə hökm sürmüş yatrokimya irəliyə doğru bir addım ataraq kimya ilə tibb arasında əlaqə yaratmışdır. Heç də təsadüfi deyildir ki, yunanca «iatros» sözü həkim deməkdir. Yatrokimyanın ən görkəmli nümayəndəsi alman həkim və təbiətşünası T.Parasels olmuşdur. O, hesab edirdi ki, insanın həyat fəaliyyətinin əsasını kimyəvi proseslər təşkil edir. Ona görə də insanda hər hansı bir xəstəliyin səbəbini kimyəvi prosesin pozulmasında axtarmaq lazımdır. Lakin canlı orqanizmin həyat fəaliyyətinin əsasını təşkil edən kimyəvi qanunauyğunluqlar və fermentativ proseslərin dərk edilməsində yatrokimyaçılar da aciz idilər. Çünki qeyd edilən vaxtda fiziki və kimyəvi qanunlar haqqında biliklər yox dərəcəsində idi. Digər tərəfdən üzvi maddələrin element analizi üsulları hazırlanmamışdı. Bundan əlavə, ən vacibi, istər yatrokimyaçıların və istərsə də əlkimyaçıların dünya-görüşlərində vitalist (həyat qüvvəsi) nəzəriyyə hökm sürürdü.

Biokimyanın elmi əsaslarının ilk rüşeymləri XVIII əsrin ikinci yarısında fiziologiyada kimya metodlarının tətbiqi ilə yarandı. 1770-ci ildə A.Lavuazye insanın və heyvanların tənəffüsünün kimyəvi nöqteyi-nəzərdən oksidləşmə olduğunu sübut etdi. 1772-ci ildə C.Pristli və 1779-cu ildə Y.İntexanz fotosintez prosesini kəşf etdilər. İtalyan keşişi L.Spallansani həzm prosesinə mürəkkəb zəncirvari çevrilmə kimi baxırdı.

1828-ci ildə alman alimi F.Völer ammonium-sianatı qızdıraraq karbamidə çevirdi. O, bununla da vitalist (həyat qüvvəsi) nəzəriyyəsinin puç olduğunu sübut etdi. Qıcqırma sahəsində aparılan tədqiqatlar əsasında yeni məlumatlar toplanıldı. Hələ 1815-ci ildə J.Qey-Lüssak qlükozanın etil spirtinə çevrilməsi təklifini verdi. Y. Berselius qıcqırmanın katalitik proses olması postulatını irəli sürdü. L.Pasterə görə qıcqırma yalnız canlı orqanizmlərdə gedir. Y.Libix hesab edirdi ki, qıcqırmanı aparan maya əslində katalizator rolunu oynayır. N.M.Manasseina 1877-ci ildə Rusiyada şəkərin ölmüş maya ilə qıcqırma prosesini nümayiş etdirdi. V.Künne ilk dəfə «enzim» elmə daxil etdi. Onun yunanca maya demək olduğunu göstərdi. 1897-ci ildə E.Büxner və P.Büxner qardaşları mayanın hüceyrəsiz ekstraktından zimazanı aldılar və onun qıcqırma apardığını təcrübədən keçirdilər. Bununla da müxtəlif maya ekstraktlarının alınması və onlardan geniş istifadə edilməsi müasir enzimologiya elminin əsasını qoydu.

XIX əsrin ikinci yarısının ən böyük müvəffəqiyyətlərindən biri K.Bernar tərəfindən 1850–1855-ci illərdə qaraciyərdən qlükogeni ayırıb ondan qlükoza əldə etməsidir. F.Mişer 1869-cu ildə ilk dəfə dezoksiribonuklein turşusunu kəşf etmişdir. 1890-cı ildə Emil Fişer fermentativ katalizin səciyyəvi xassəsini aşkar etmiş və «açarqıfıl» konsepsiyasını irəli sürmüşdür. F.Qofmeystr ilə E.Fişer 1902-ci ildə zülalların quruluşu haqqında polipeptid nəzəriyyəsini əsaslandırmışlar. Q.Alfman 1890-cı ildə mitoxondirinin ayrılması ilə bağlı metod işləyib hazırlamışdır. İlk dəfə X.Eykman 1896-cı ildə vitaminlər haqqında nəzəriyyənin əsas müddəalarını işləyib hazırlamışdır. A.N.Bax 1897-ci ildə bioloji oksidləşmə nəzəriyyəsini təklif etmişdir. 1887-ci ildə S.N.Vinoqradski mikroorqanizmlərdə xemosintez porosesini aşkar etmişdir. 1902-ci ildə İ.P.Pavlov həzmedici fermentlərin təbiətini izah etmişdir. 1862-ci ildə A.Y.Danilevski pankreatik amilazanı tripsindən ayrılmasını həyata keçirmişdir. XX əsrin birinci yarısı biokimyanın fundamental konsepsiyalarının yaradılması dövrüdür. Məhz bu vaxtlarda (1913-cü il) L.Mixaelis və M.Menten enzimologiyada fermentativ reaksiyaların kinetikasının nəzəri əsaslarını işləyib hazırlamışlar. XX əsrin 20-30-cu illərində C.Samner, C.Nortrop ureaza, pepsin və tripsin fermentlərini kristal şəklində aldılar. 20-ci illərin axırlarında ferment substrat komplekslərini öyrənmək üçün fotometrik üsullardan (B. Çans) geniş istifadə edilmişdir. Əzələ ekstraktından 1939-cu ildə V.A.Engelqart və M.N.Lyubimov tərəfindən ATF və kreatinfosfat ayrılmış və miozin ATF-azanın aktivliyi öyrənilmişdir. XX əsrin 40-cı illərində F. Lipman fosfatlarda yüksək enerjini öyrənmiş və hüceyrənin bioenergetikasında ATF-in mərkəzi rol oynamasını müəyyənləşdirmişdir.

Bioloji oksidləşmə sahəsində 1912-ci ildə O.Varburq sitoxromoksidaza «tənəffüs fermenti»ni ixtira etdi. V.A.Engelqart 1931-ci ildə tənəffüs fosforlaşması konsepsiyasını işləyib hazırladı. 1937-ci ildə V.A.Beliser qlükoliz reaksiyalarında oksidləşdirici fosforlaşmanı miqdarı cəhətdən öyrəndi. 1938-ci ildə A.E.Braunşteyn transaminləşmə reaksiyasını müəyyənləşdirdi. H.Krebs 1937-ci ildə üçkarbonlu turşular dövranı və 1938-ci ildə karbamid dövranı ixtira etmişdir. O.Varburq və U.Eyler ilə birlikdə 1932-ci ildə flavoproteidləri, 1936-cı ildə isə nikotinamidnukleotidləri biokimya elminə məlum etdilər. R.Vilştetter və A.Ştol xlorofilin quruluşunu müəyyənləşdirdilər. M.Kalvin 1943-cü ildə fotosintezin mexanizminin izah edilməsində əhəmiyyətli dərəcədə müvəffəqiyyət qazandı.

XX əsrin 40-cı illərində L.Leluar karbohidratların biosintezinin əsas yolunu elmə məlum etdilər, A.SentDerdi təmiz halda askorbin turşusunu təbii mənbələrdən ayırmağa müvəffəq oldu. A.N.Belozerski ilk dəfə (1936- ci il) bitkilərdən dezoksiribonuklein turşusunu ayırdı və sübut etdi ki, bitkilər və heyvanlar aləmində biokimyəvi vahidlik vardır. Bu vaxtlarda müxtəlif fiziki-kimyəvi analiz metodları yaradıldı. 1906-cı ildə rus alimi M.S. Svet tərəfindən xromatoqrafiya üsulunun əsası qoyuldu. Keçən əsrin 20-ci illərində T.Svedberq ultrasentrafuqanın köməyi ilə zülalları sedimentasiya etməyə və bununla da bəzi virusları ayırmağa nail oldu. 30-cu illərdə A.Tizelius tərəfindən elektroforezin əsası qoyuldu. 1944-cu ildə A.Martini və başqaları bölücü xromatoqrafiya üsulunu yaratdılar. Keçən əsrin 40-cı illərində təbii birləşmələrin quruluşunun öyrənilməsində D.K.Xoçkin rentgenstruktur analizindən geniş istifadə etdi. Keçən əsrin ortalarında fiziki-kimyəvi üsulların geniş tətbiqi hesabına iki mühüm biopolimer birləşmələrinin zülallarını və nuklein turşularının öyrənilməsi sahəsində çox mühüm nailiyyətlər əldə edildi. 1953-cü ildə C.Uotson və F.Krik tərəfindən dezoksiribonuklein turşusunun ikiqat spiralın quruluşu kəşf edildi. Elə həmin ildə ingilis alimi F.Senger insulin hormonunda aminturşular ardı- cıllığını müəyyən etdi.

Dyu-Bino isə (1953) polipeptid hormonları olan oksitosin və vazopresini sintez etdi. Amerika kimyaçısı, iki dəfə Nobel mükafatı ilə təltif olunan L.Polinq 1951-ci ildə zülalların fəza quruluşunun spiralvarı olduğunu sübut etdi. P.Zameçnik tərəfindən zülalın ribosomlarda sintezinin öyrənilməsi mümkün olduğunu sübut edildi. Klassik biokimyanın əsasında müstəqil molekulyar biologiya və bioüzvi kimya elmləri yaradıldı. Bu elmlərin biofizika elmi ilə birləşməsi fiziki-kimyəvi biologiya adlı elmin yaranmasına səbəb oldu. Hazırkı dövrdə biokimya elminin inkişafı canlı orqanizmin (materiyanın) yeni naliyyətləri ilə xarakterizə olunur. Enzomologiya sahəsində yüzlərlə ferment sistemi öyrənilmiş və əksər hallarda onların katalitik təsirinin mexanizmi müəyyənləşdirilmişdi. Hormonların biokimyası sahəsində yeni konsepsiya yaradılmış, xüsusilə onların təsir mexanizmlərində tsiklik-AMF adenilattsiklaza sisteminin iştirakı və rolu müəyyən edilmişdir. Hazırda genetik məlumatların ötürülməsinin ümumi mexanizmi müəyyənləşdirilmişdir. Ayrı-ayrı genlərin quruluşu müəyyənləşdirilmiş və onların alınması üsulu işlənib hazırlanmışdır. Biokimyaın nailiyyətləri tibb, heyvandarlıq, bitkiçilik, mikrobiologiya, virosologiyada geniş istifadə edilir. Bu isə yeni elm sahələrinin gen mühəndisliyi və biotexnologiya elmlərinin yaranmasına səbəb olmuşdu. Müasir cəmiyyətdə biokimyanın yüksək inkişaf səviyyəsi elmi-texniki tərəqqinin zəruri şəraitinin yaradılması, insanların həyat şəraitinin yaxşılaşması və onların sağlamlığına xidmət edir.

Dünyada «Biokimya» elminin sürətli inkişafı, onun bir fundamental və tədbiqi elm kimi müxtəlif sahələrdə, sirayət etməsi Azərbaycanda da bu elmin formalaşdırılmasını və inkişafını labüd edirdi. Respublikamızda «Biokimya» kafedrası ilk dəfə 1940-cı ildə Bakı Dövlət Universitetində yaranmışdır. Həmin kaefdraya prof. V.Malenyuk, sonralar H.Səfərov və Ə. Abdullayev rəhbərlik etmişlər. 1956 –cı ildə bu kafedranın fəaliyyəti dayandırılmışdır. Lakin, 1972-ci ildə prof. A. Quliyevin təşəbbüsü ilə «Biokimya» kafedrası yenidən fəaliyyətə başlamış və yarandığı ğündən hal-hazırki dövrə qədər bu kafedraya prof. A.Ə.Quliyev rəhbərlik edir. Bu dövrdən etibarən kafedranın elmi-tədqiqat və pedaqoji fəaliyyətində yüksək canlanma yaranmış və qısa müddət ərzində dünyanın bir sıra dövlətlərinin (Rusiya, Fransa, Çexiya, Bolqarıstan, Misir, İngiltərə, Belçika) müvafiq elm və tədris mərkəzləri ilə əlaqədar qurulmuşdur. Hazırda BDU-nun «Biokimya və biotexnoloğiya» kafedrasında bitki biokimyası üzrə şirəli meyvələrin yetişməsi və qocalması proseslərinn biokimyəvi mexanizmlərinin araşdırmaqla, onların stimullaşdırılması və qida məhsullarının ekoloji təhlükəsizliyinin təmin olunması məqsədi ilə süd turşusu bakteriyalarından təbii qoruyucuların - bakteriosinlərin alınması istiqamətində intensiv tədqiqat işləri aparılır.

Son illərdə əldə olunan 4 qrant lahiyəsində iştirakı «Biokimya və biotexnoloğiya» kafedrasının və bütövlükdə Bakı Dövlət Universitetinin elmi uğurlarının bariz nümunəsidir. Hazırda biokimyanın tədrisi Respublikamızın əksər ali məktəblərdə həyata keçirilir. Bunlardan Azərbaycan Tibb Universiteti, Neft  və Sənaye Universiteti, Gəncə Aqrar Universiteti və s. kimi aparıcı ali təhsil müəssisələri qeyd etmək olar. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü M.Əlizadə nuklein turşusunun öyrənilməsi sahəsində fundamental elmi-tədqiqat işləri aparmışdır. Elmlər Akademiyasının Botanika, Genetik ehtiyatlar, Fiziologiya, Mikrobiologiya və digər elmi-tədqiqat institutlarında isə, biokimya və molekulyar bioloğiya üzrə fundamental elmi-tədqiqatlar aparılmışdır. Bu institutlarda biokimya elminin inkişafı, bu sahədə peşəkar tədqiqatçı kadrların hazırlanması sahəsində akademik M.H.Abutalıbovun, C.Ə.Əliyevin və onun davamçıları olan AMEA-nın müxbir üzvləri N.Quliyev, İ.Hüseynova, İ.Əzizov kimi alimlərin rolunu xüsusi qeyd etmək lazımdır.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
2

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
3

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti

Bizi İzləyin