Biologiya 2018-06-02

Azərbaycanda istifadə olunan peyvəndlər

Azərbaycanda istifadə olunan peyvəndlər

E-mail Üzvlüyü

Ölkəmizdə istifadə olunan peyvənd növləri “Profilalktik Peyvənd Təqvimi”ndə öz əksini tapmışdır. Azərbaycan Respublikasında bir çox yoluxucu xəstəliklərin (B hepatiti, vərəm, poliomielit, göyöskürək, difteriya, tetanus, qızılca, parotit, məxmərək, b tipli hemofil infeksiya və pnevmokok xəstəlikləri) qarşısının alınması üçün istifadə olunan vaksinlər aşağıdakılardır.

Difteriya-göyöskürək-tetanus əleyhinə kombinə olunmuş vaksin (GDT). Bu vaksin aşağıdakı komponentlərdən ibarətdir: difteriya və tetanus anatoksinləri və göyöskürək əleyhinə öldürülmüş vaksin, konservantlar (tiomersal və ya fenoksietanol), adyuvantlar (jelatin və ya alüminium hidroksid). Vaksin alüminium hidrooksiddə adsorbsiya olunmuş duru preparatdır. AGDT vaksini olan flakon müəyyən müddət sakit halda qalarsa, flakonda çöküntü əmələ gəlir. İstifadədən əvvəl vaksin flakonunu mütləq silkələmək lazımdır. GDT vaksinini dondurmaq olmaz. Peyvəndin donmasına şübhə olduqda silkələmə testindən istifadə edilməlidir. “Silkələmə testi” vaksinin donmuş olduğunu göstərərsə, həmin vaksindən istifadə etmək olmaz.

Adətən, GDT peyvəndindən sonra 50% uşaqlarda axşam saatlarında hərarət yüksəlir, ertəsi gün isə normal göstəriciyə enir. Əsasən GDT peyvəndindən sonra əmələ gələn reaksiyalar göyöskürək komponenti ilə əlaqədardır. Bəzi uşaqlarda (50%) inyeksiyanın yerində qızartı, ağrı və ya şişkinlik əmələ gəlir, peyvənd olmuş 1% uşaqlarda uzun müddətli (35 saat və daha çox) ağlama müşahidə oluna bilər. Daha ağır postvaksinal reaksiyalar - uşaqlarda yüksək hərarət nəticəsində baş verən qıcolmalar (12500 doz vaksinə 1 hadisə), kollaps (hər 1750 doz vaksinə 1 hadisə), anafilaktik reaksiyalar nadir hallarda baş verir. Əgər peyvənd olunmuş uşaqda postvaksinal reaksiya baş verərsə, tibb işçisi mütləq bu barədə müəssisə rəhbərliyinə məlumat verməlidir. Belə uşağa GDT-nin sonrakı dozalarını vurmaq olmaz.

Vaksinin vurulma sxemi - “Profilaktik Peyvənd Təqvimi”nə əsasən GDT vaksini uşağa 18 aylıqda budun bayır səthinə 0,5 ml dozada əzələ daxilinə vurulur. Vaksin +2˚C-dən 8˚C-dək temperaturda saxlanılır. GDT vaksinini 5 yaşdan yuxarı uşaqlara vurmaq olmaz. DT - iki komponentli vaksindir, tərkibi difteriya və tetanus anatoksinlərindən ibarətdir. DT vaksini peyvənd təqviminə əsasən 6 yaşda vurulur. Bu preparatda difteriya anatoksininin konsentrasiyası yüksək olduğuna görə onu 6 yaşdan yuxarı uşaqlara, yeniyetmələrə və böyük yaşlı şəxslərə vurmaq olmaz. 6 yaşdan yuxarı uşaqlara, yeniyetmələrə, böyük yaşlı şəxslərə DT-M (zəiflədilmiş preparat) vurula bilər.

Hepatit B əleyhinə vaksin – hepatit B əleyhinə monovalent vaksin doğum evində uşağın həyatının ilk 12 saatı ərzində 0,5 ml dozada əzələ daxilinə vurulur. Vaksin körpələrə budun ön lateral hissəsinə, böyük yaşlı uşaqlara isə deltavari əzələyə vurulur. Vaksini dondurmaq olmaz. Preparatı +2˚C-dən 8˚C-dək temperaturda saxlamaq və daşımaq olar.

Kombinə olunmuş vaksinləri, o cümlədən tərkibində hepatit B əleyhinə olan kombinə olunmuş GDTHibHepB vaksinini, yenidoğulmuş uşaqların peyvənd olunması üçün istifadə etmək olmaz.

Hepatit B əleyhinə vaksin ən təhlükəsiz vaksinlərdən biridir. Preparatın vurulmasından sonra postvaksinal reaksiyalar və ağırlaşmalar çox az hallarda qeydə alınır. Allergik səpgilər, tənəffüsün çətinləşməsi, şok hallarına 600.000 peyvənddən 1-də rast gəlmək olur. 5% uşaqlarda inyeksiya nahiyəsində qızartı, həssaslıq, cüzi şişkinlik olur. 1-6 % vaksinasiya olunmuşlarda hərarətin yüksəlməsi qeydə alınır və 1-2 gün davam edir.

Poliomielit əleyhinə oral vaksin (Pk) - vəhşi polioviruslar tərəfindən törədilən poliomielit xəstəliyindən qoruyur, diri vaksindir, Poliomielit xəstəliyinin qarşısının alınması üçün, həm də inaktivləşdirilmiş poliomielit vaksini vardır.

OPV peyvəndindən sonra heç bir xoşagəlməz hal yaranmır. Peyvənd almış 1% uşaqlarda əzələ və ya baş ağrısı, diareya müşahidə olunur. Çox nadir hallarda (1 milyon doz vaksinə 2-4 hadisə) ifliclərin baş verməsi qeydə alınır. Əgər vaksinasiya olunmuş uşaqda hər hansı ağır hal qeyd olunarsa, onda peyvənd etmiş tibb bacısı bu barədə rəhbərliyə məlumat verməlidir. Postvaksinal ağırlaşması olan uşağa sonrakı dozalar verilmir. OPV-nin verilmə sxemi: Peyvənd uşaq doğulduqdan sonra 4-7-ci gün, 2, 3, 4 aylıqda və 18 aylıqda aparılır. Anadangəlmə immunçatışmazlığında poliomielitə qarşı inaktivləşdirilmiş vaksindən istifadə olunmalıdır. Vaksin +2˚C-dən +8˚C-dək temperaturda saxlanılmalı və daşınmalıdır.

Əks-göstərişlər: əvvəlki peyvəndə kəskin reaksiya və ya postvaksinal ağırlaşma, immunçatışmazlığı (ilkin), immunosupressiya, bədxassəli yeni törəmələr.

İPV (İnaktivləşdirilmiş poliomielit vaksini) - immunizasiyadan sonra əmələ gələ bilən xoşagəlməz hallar vaksinasiyadan sonrakı ilk 3 gün ərzində qeyd olunur və müvəqqəti xarakter daşıyır.

Yerli reaksiyalar:

Nadir hallarda (>1/10.000, <1/1.000): inyeksiya yerində şişkinlik, qızartı və ağrı müşahidə olunur

Ümumi reaksiyalar:

Nadir hallarda (>1/10.000, <1/1.000): temperaturun yüksəlməsi, diskomfort.

Çox nadir hallarda (< 1/10.000): (Poli-) nevropatiya

Yarımçıq doğulmuş ( 28 həftəliyinə qədər anadan olmuş ) körpələrdə apnoe.

Qızılca-parotit-məxmərək (QPM) əleyhinə vaksin. Bu preparat ayrı-ayrı flakonlarda eyni istehsalçı tərəfindən buraxılan liofil üsulla qurudulmuş diri vaksindən və həlledicidən ibarətdir. İstifadədən əvvəl vaksin həll olunmalıdır. Vaksini həll edildikdən sonra +2˚C +8˚C temperaturunda 6 saatdan çox olmamaq şərti ilə soyuducuda saxlamaq olar. Həll edilmiş vaksin 6 saatdan sonra və ya iş gününün sonunda (hansı daha tez baş versə) məhv edilməlidir.

QPM vaksininin təhlükəsizliyi və vaksinasiyadan sonrakı postvaksinal reaksiyalar və əks-göstərişlər. Bu preparat təhlükəsiz və effektivdir. Vaksinasiyadan sonra halsızlıq, hərarətin yüksəlməsi (5-15% uşaqlarda), 5-12 gündən sonra səpgilər (hər 20 nəfərdən birində), idiopatik trombositopenik purpura (dəridə qansızmalar), 1-3 həftədən sonra qısa müddətli (hər 4 nəfərdən birində) artritlər, çox nadir hallarda ensefalit, anafilaksiya, aseptik meningit, qulaqdibi vəzilərin böyüməsi müşahidə olunur.

Əks-göstərişlər: 1) əvvəlki peyvəndə kəskin reaksiya və ya postvaksinal ağırlaşma;
2) immunçatışmazlığı (ilkin); 3) immunosupressiya; 4) bədxassəli yeni törəmələr.

Vurulma sxemi: peyvənd təqviminə əsasən QPM vaksini 12 aylıqda və 6 yaşda vurulmalıdır. Peyvənd bazunun bayır səthinə 0,5 ml dozada dəri altına yeridilir.

Əgər 1 yaşa qədər uşaqlar arasında qızılcaya yoluxma təhlükəsi varsa və bu zaman Səhiyyə Nazirliyi tərəfindən 6-11 aylıq uşaqlara qızılcaya qarşı əlavə immunlaşdırma tətbiq edilərsə (kütləvi immunlaşdırma günləri), sonralar həmin uşaqlar 12 aylığı tamam olduqda qızılca peyvəndinin 1 dozasını almalıdırlar.

Vərəm əleyhinə vaksin (BCJ) - vərəm əleyhinə peyvənddir. Bu preparat ayrı-ayrı flakonlarda eyni istehsalçı tərəfindən buraxılan liofil üsulla qurudulmuş diri vaksindən və həlledicidən ibarətdir. İstifadədən əvvəl vaksin həll olunmalıdır. Vaksini həll etdikdən sonra +2˚C - +8˚C temperaturunda 6 saatdan çox olmamaq şərti ilə soyuducuda saxlamaq lazımdır. Həll edilmiş vaksin 6 saatdan sonra və ya iş gününün sonunda məhv edilməlidir. Uşaqların BCJ peyvəndi ilə immunlaşdırılması 1 yaşa qədər uşaqlar arasında vərəm meningitinə və vərəm infeksiyasının digər ağır formalarına yoluxmanın qarşısını alır. 12 aylıqdan böyük uşaqlara bu peyvəndi vurmaq məsləhət görülmür, çünki bu dövrdən sonra immunitetin inkişafı sual altındadır və peyvəndin qoruma effekti minimuma düşür.

Preparatın daşınması və saxlanılması +2˚C - +8˚C temperaturda olmalıdır.

Əks-göstərişlər: yarımçıq doğulmuşlar, immundefisit vəziyyət, bədxassəli törəmələr.

Preparatın vurulma sxemi: diri vaksin təlimata əsasən uşaq doğulduqdan sonra 4-7-ci gün sol bazunun yuxarı bayır hissəsinə 0,05 ml (bir yaşdan yuxarı uşaqlar üçün 0,1ml) dozada xüsusi şpris vasitəsilə dəridaxili yeridilir.

Vaksin yeridilən nahiyədə 5-10 mm diametri olan ağ papula əmələ gəlir və 15-20 dəqiqədən sonra itir. Təxminən 4-6 həftədən sonra inyeksiyanın yerində diametri 5-10 mm-ə qədər kiçik, qırmızı şişkinlik əmələ gəlir. Sonra şişkinlik kiçik absesə, sonra isə təxminən 5 -10 mm ölçülü yaraya çevrilir.

Yara öz-özünə sağalır və yerində təxminən diametri 2-5 mm olan çapıq qalır. Çapığın əmələ gəlməsi 4-5 ayadək davam edə bilər və BCJ peyvəndinin effektiv olduğunu sübut edir. Xüsusi çapığın əmələ gəlməsi BCJ vaksinasiyasının aparılması haqqında xəbər verir. Lakin vərəmdən müdafiə markeri deyil. BCJ peyvəndindən sonra ağır postvaksinal reaksiyalar nadir hallarda baş verir (1 milyon doz vaksinə 1 hadisə). Vaksinasiyadan sonra lokal abses, yerli limfadenit (dirsək ətrafındakı və ya qoltuq altındakı limfa düyünləri), osteomielit qeydə alına bilər. Limfa düyünlərinin böyüməsi və ya absesin əmələ gəlməsi inyeksiya üçün istifadə edilən şprisin qeyri-steril olması, peyvəndin yüksək dozada vurulması, inyeksiyanın düzgün aparılmaması ilə (dərin, dəri altına) izah olunur.

Göyöskürək difteriya, tetanus, hepatit B və b tipli hemofil çöplərə qarşı kombinə olunmuş vaksin (GDTHibHepB): Beş valentli vaksindir, yəni beş xəstəliyə qarşı immunitet yaradır. Bu vaksin göyöskürək, difteriya, tetanus, hepatit B və b tipli hemofil çöplər (Haemophilus influenzae) tərəfindən törədilən meningit, pnevmoniya, epiqlotit (qırtlağın iltihabı) və s. ağır xəstəliklərdən qoruyur. Bu vaksini yenidoğulmuşların vaksinasiyası üçün istifadə etmək olmaz. Vaksin 1 dozalı flakonlarda buraxılır. Peyvəndin daşınması və saxlanılması +2˚C - +8˚C temperaturda olmalıdır. Preparatı dondurmaq olmaz. Vaksin duru və liofil, qurudulmuş toz şəklində buraxılır. Azərbaycanda GDTHibHepB vaksininin duru formasından istifadə olunur.

Vurulma sxemi: preparat 2 aylıqda, 3 aylıqda, 4 aylıqda (hər doza - 0,5 ml) əzələdaxili budun bayır səthinə (ön lateral hissəsinə) yeridilir.

Vaksinin təhlükəsizliyi və vaksinasiyadan sonra postvaksinal reaksiyalar: qeyd edilən vaksin təhlükəsizdir. Vaksinasiyadan sonra ciddi ağırlaşmalar nadir hallarda qeydə alınır. Vaksinasiyadan sonrakı dövrdə yüngül postvaksinal reaksiyalar: inyeksiya nahiyəsində ağrılar, qızartı (təqribən 5-15% uşaqlarda), həssaslıq və inyeksiya yerində şişkinlik, hərarətin yüksəlməsi (təxminən 2-10% uşaqlarda) qeyd olunur. Əgər uşaqda vaksinasiyadan sonra postvaksinal ağırlaşma qeydə alınarsa, bu zaman tibb işçisi dərhal rəhbərliyə məlumat verməlidir. Peyvənddən sonra ciddi ağırlaşma qeydə alınarsa, uşağa sonrakı dozaları vurmaq olmaz.

Pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk): Hal-hazırda Azərbaycanda pnevmokok əleyhinə 10-valentli konyuqasiya olunmuş vaksindən istifadə olunur.

Vurulma sxemi: “Profilaktik Peyvənd Təqvimi”nə əsasən peyvənd uşağa 2, 4, 6 aylıqda budun ön lateral hissəsinə 0,5 ml dozada əzələ daxilinə yeridilir.

Yuxarıda göstərilən bütün vaksinlər təhlükəsizdir və eyni vaxtda istifadə edildikdə öz effektivliyini saxlayır. Əgər bir gündə uşağa bir neçə peyvənd aparılırsa, peyvəndləri müxtəlif nahiyələrə vurmaq lazımdır. Uşağın peyvəndə gəlişi zamanı hər hansı bir vaksinin yalnız 1 dozasını etmək olar və peyvəndlərarası interval minimum 4 həftə olmalıdır.

Ölkəmizin özəl tibb müəssisələrində istifadə olunan digər vaksinlər:

Tetrakok vaksini (“Aventis Paster”, Fransa) – 0,5 ml peyvənd dozasının tərkibi difteriya və tetanus anatoksini, göyöskürək və inaktivləşdirilmiş poliomielit vaksinlərindən ibarətdir. Preparat flakonda və ya 1 dozalı şpris-tübiklərdə buraxılır. Vaksin budun bayır səthinə 0,5 ml dozada əzələ daxilinə vurulur.

Pentaksim vaksini (“Aventis Paster”, Fransa) – tərkibi difteriya və tetanus anatoksini, göyöskürək, inaktivləşdirilmiş poliomielit, Hib vaksinlərindən ibarətdir.

Qeksavak vaksini (“Aventis Paster”, Fransa) – tərkibi difteriya və tetanus anatoksini, göyöskürək, inaktivləşdirilmiş poliomielit, Hib və hepatit B vaksinlərindən ibarətdir.

İnfanriks heksa vaksini (“Biolodjikalz”, Belçika) – kombinəolunmuş asellülyar vaksin olmaqla, tərkibi difteriya, göyöskürək (3 antigen), tetanus, hepatit B, inaktivləşdirilmiş poliomielit və Hib vaksinlərindən ibarətdir.

Endjeriks – tərkibi hepatit B əleyhinə vaksindən ibarətdir.

Tvinriks – tərkibi hepatit A və hepatit B əleyhinə vaksinlərdən ibarətdir.

Flüariks – tərkibi qrip əleyhinə vaksindən ibarətdir .

Prioriks – tərkibi qızılca, parotit, məxmərək əleyhinə vaksinlərdən ibarətdir.

Varilriks – tərkibi su çiçəyi və kəmərləyici dəmrov əleyhinə vaksinlərdən ibarətdir.


Digər Məqalələr

Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
2

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti